İlqar Məmmədov: Azərbaycan məhkəmə-hüquq tarixində mühüm və yeni mərhələ açılır

Bəyanatda yada salınır ki, Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakim Lətif Hüseynov və ondan öncə bu vəzifədə olmuş Xanlar Hacıyev Strasburq Məhkəməsində İ.Məmmədov və R.Cəfərovun xeyrinə çıxarılan qərarların lehinə səs veriblər.

Source: Meydan Tv


Rəsul Cəfərov: “Gələcəkdə bərpa edilmiş bütün hüquqlarımdan istifadə edəcəyəm”

Aprelin 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədov və bu partiyanın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərovun işinə baxılıb. Plenumun qərarına əsasən, həm İ.Məmmədov, həm də R.Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Onların həbsdə saxlanmasına əsas olan hökm və qərarlar ləğv edib. Həmçinin qanunsuz hökmlər əsasında həbsdə saxlanma nəticəsində onlara dəymiş mənəvi ziyanın əvəzi olaraq, İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəniləcək.

ReAL Partiyası bəyanat yayaraq, Plenumun İ.Məmmədov və R.Cəfərov barədə bəraət qərarlarının Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi hadisə olduğunu vurğulayıb: “Qanunun aliliyinin təmin edilməsində yeni, çox müsbət presedentlər yaradır”.

Bəyanatda yada salınır ki, Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakim Lətif Hüseynov və ondan öncə bu vəzifədə olmuş Xanlar Hacıyev Strasburq Məhkəməsində İ.Məmmədov və R.Cəfərovun xeyrinə çıxarılan qərarların lehinə səs veriblər.

“REAL Partiyası olaraq onu da nəzərdan qaçırmırıq ki, bugünkü bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL Partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir”, – bəyanatda bildirilir.

İ.Məmmədov özü də Plenumun onun haqqındakı qərarına münasibət bildirərkən deyib ki, bununla Azərbaycan məhkəmə-hüquq tarixində mühüm və yeni mərhələ açılır. Bəraət aldığını, təqsirsizliyinin sübut olunduğunu vurğulayan partiya sədri bildirib ki, bununla həm də qanunsuz məhkumluğun ona yaratdığı məhdudiyyətlər aradan qalxdı.

İ.Məmmədov üzərindəki məhkumluğa görə son parlament seçkilərinə qatıla bilməmişdi.

ReAL sədrinin vəkili Fuad Ağayev yada salır ki, Azərbaycan Avropa Məhkəməsinin İ.Məmmədov haqqında qərarlarını icra etmədiyinə görə Avropa Şurasına üzv dövlət kimi, öz öhdəliyini yerinə yetirməməsi məsələsi gündəmə gətirilmişdi:

sayt-cover (2).png
Fuad Ağayev

“Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətindən İlqar Məmmədovun dərhal azad edilməsini dəfələrlə tələb etdi. Amma bu tələblər nəticə vermədi. Belə olan halda, Avropa Şurası tarixində ilk dəfə təşkilatın üzvü olan dövlətin Avropa Məhkəməsinin qərarını icra etməməklə öhdəliyindən yayınması məsələsi gündəmə gəldi. Üzv dövlətin Avropa Şurası qarşısında öz öhdəliyini pozub-pozmamasının müəyyənləşdirilməsi üçün Nazirlər Komitəsi Avropa Məhkəməsinə sorğu verdi. Çünki Avropa Məhkəməsinin qərarlarının icrası da dövlətin öhdəliyidir. Avropa Məhkəməsinin Böyük Palatası da tarixdə ilk dəfə bu sorğuya baxıb, pozuntu baş verdiyini təsdiqlədi”.

Ali Məhkəmənin Plenumu həm R.Cəfərov, həm də İ.Məmmədovn işinə Avropa Məhkəməsinin onların hüquqlarının pozulması barədə qərarları əsasında, yeni açılmış hallar üzrə baxıb.

Hüquq müdafiəçisi R.Cəfərov bildirib ki, Plenumun bugünkü qərarıyla ədalət gec də olsa, bərpa edildi. Üzərindəki məhkumluğa görə bir sıra məhdudiyyətlərlə üzləşdiyini vurğulayan R.Cəfərov bəraət aldığına görə onların da aradan qalxdığını söyləyib. O bildirib ki, ixtisasca hüquqşünasdır və Vəkillər Kollegiyasına üzv olmaq istəyir. Lakin məhdumluğuna görə bunu reallaşdıra bilmirdi. Çünki qanunvericilik üzərində məhkumluğu olan şəxsin Vəkillər Kollegiyasına üzvlüyünü qadağan edir. Yaxud da son parlament seçkilərində eyni səbəbdən namizədliyi qeydə alınmamışdı.

Rəsul Cəfərov
Rəsul Cəfərov

“Gələcəkdə bərpa edilmiş bütün hüquqlarımdan istifadə edəcəyəm”, – deyə R.Cəfərov əlavə edib.

R.Cəfərovun vəkili Fariz Namazlı bildirib ki, mənəvi ziyana görə ödənilən kompensasiyadan əlavə, müvəkkili maddi zərərlə bağlı da məhkəmədə iddia qaldıra bilər.

İ.Məmmədov 2013-cü ilin fevralında İsmayıllıda etirazların təşkilində ittiham edilərək həbs olunub. 2018-ci ilin avqustunda Şəki Apelyasiya Məhkəməsinin qərarıyla 5 il 6 ay 9 gündən sonra şərti azadlığa buraxılıb. Şərti cəza ilə əlaqədar ona 2 il də sınaq müddəti təyin edilib. 2019-cu ilin martında Ali Məhkəmə İ.Məmmədovun işinə baxıb, cəzasını həbsdə olduğu müddətə – 5 il 6 ay 9 günə endirib, üzərindəki şərti cəzanı, sınaq müddətini də götürdüb.

R.Cəfərov 2014-cü ilin avqustunda QHT-lərə qarşı cinayət işi çərçivəsində həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan apelyasiya məhkəməsində cəzası 3 ay azaldılan hüquq müdafiəçisi 2016-cı ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa Məhkəməsi həm İ.Məmmədov, həm də R.Cəfərova münasibətdə Avropa Konvensiyasının 5 (azadlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb.

Ana səhifəSiyasətİlqar Məmmədov: Azərbaycan məhkəmə-hüquq tarixində mühüm və yeni mərhələ açılır