İlin ən isti günü avqustun 20-də olacaq

“Şimal küləyi ilə əlaqədar avqustun 21-dən başlayaraq, havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq”

Source:


“Şimal küləyi ilə əlaqədar avqustun 21-dən başlayaraq, havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq”

Yaxın günlər ərzində Bakıda ən isti günün avqustun 20-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir. Avqustun 21-dən başlayaraq, mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək.

Bu açıqlamanı “Trend”-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva verib.

Xanım Tağıyevanın sözlərinə görə, son iki gün ərzində Azərbaycan ərazisində ən yüksək temperatur Aran rayonlarında qeydə alınıb. Bu rayonlarda temperatur 40 dərəcəyə kimi yüksəlib. Abşeron yarımadasında 39 dərəcə isti olub. Bu göstəricilər, yəni həmin günlərdə müşahidə edilən orta sutkalıq temperatur çoxillik iqlim nomasından 3,5 dərəcə yüksək olub.

Umayra Tağıyeva bildirib ki, son iki gündə Abşeron yarımadasında cənub-şərq istiqamətli küləklər üstünlük təşkil edib. Bu da yüksək temperatur rejimi fonunda havada rütubətliliyin artmasına səbəb olur.

Büronun direktorunun sözlərinə görə, son iki gündə havada rütubətlilik normadan yüksək olub. Əslində günorta saatlarında nisbi rutubət 30-40 faiz olmalı olsa da, son iki gün ərzində Abşeron yarımadasında günorta saatlarında nisbi rütubət 65 faiz təşkil edib. Səhər və axşam saatlarında Abşeron yarımadasında nisbi rütubət 85 faizədək yüksəlib. Buna görə də havada durğunluq əmələ gəlir.

U.Tağıyeva deyib ki, avqustun 20-i daxil olmaqla, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 36-39 dərəcə isti olacaq, bəzi ərazilərdə isə temperatur 40 dərəcəyə kimi yüksələcək. Ən isti günün avqustun 20-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir.

Avqustun 21-dən başlayaraq, mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. Şimal küləyinin sürətinin artması ilə əlaqədar Bakıda kəskin istilərdən sonra hava əvvəlki günlərlə müqayisədə nisbətən sərinləşəcək. Şimal küləyi ilə əlaqədar avqustun 21-dən başlayaraq, havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq.

U.Tağıyeva bildirib ki, bu il avqustun 16-dan 20-dək müşahidə olunan hava şəraitini builki yayın ən isti dövrü kimi də dəyərləndirmək olar. Amma həmin dövrlərdə qeydə alınan temperaturu rekord göstəricilər kimi qiymətləndirmək olmaz. Çünki 2010, 2012-ci ildə də davamlı, uzunmüddətli istilər müşahidə edilib, temperatur 40 dərəcədən də yüksək olub.

U.Tağıyevanın sözlərinə görə, havanın temperaturu stansiya ərazisində-asfalt olmayan, qrunt olan ərazidə ölçülür: “Buna görə də əgər biz havanın temperaturunu 36 dərəcə deyiriksə, şəhərdə (bu, bütün iri meqapolislər üçün səciyyəvi olan xüsusiyyətdir) asfalt örtüklər, binaların sıx olması temperatur rejiminə öz təsirini göstərir. Buna görə Bakı şəhərinin bəzi ərazilərində temperatur bir qədər yüksək ola bilər. Yəni stansiya şəraiti ilə müqayisə aparsaq, Bakı şəhərində həmin “ideal” vəziyyətdə ölçülən temperaturdan 2-3 dərəcə fərqli ola bilər”.

Ana səhifəXəbərlərİlin ən isti günü avqustun 20-də olacaq