İctimai fəal 3 il azadlıqdan məhrum edilib
Həbsdə olan ictimai fəallardan İlhamiz Quliyevin işi üzrə yarım ildən çoxdur ki, davam edən məhkəmə prosesi başa çatıb.
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, İlhamiz Quliyev 3 il azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitənin satış məqsədilə əldə olunub saxlanması) maddəsilə irəli sürülmüş ittiham 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması) maddəsinə dəyişdirilib.
İlhamiz Quliyevin vəkilləri Zibeydə Sadıqova və Rövşanə Rəhimli çıxışlarında ona bəraət verilməsini istəyiblər.
Vəkillər bildiriblər ki, onun müdafiə hüququ pozulub, çoxsaylı vəsatətləri təmin edilməyib.
İlhamiz Quliyev də son sözündə təqsirsiz olduğunu, ondan qisas almaq məqsədilə şərlənərək həbs olunduğunu bildirib.
Onun sözlərinə görə, susmadığına – polislərin narkotiklə insanları necə şərləməsi haqda “AbzasMedia”ya müsahibəsinə görə cəzalandırılıb.
İctimai fəal vurğulayıb ki, Daxili İşlər Nazirliyi onun bir cümləsinə dözə bilməyib, prokurorluqla, məhkəmə ilə əlbir olub, bütün qanunları ayaqlar altına ataraq, şərləyib, həbsə göndərib.
O deyir ki, narkotiki cibinə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində Nicat Abdullayev atıb.
İlhamiz Quliyevin sözlərinə görə, “AbzasMedia”ya müsahibəsindən sonra 5 oktyabr 2023-cü ildə Gürcüstana getmək istəsə də, hava limanından geri qaytarılıb. Ona bildirilib ki, ölkədən çıxışına məhdudiyyət qoyulub.
Bundan sonra isə polisə müqavimət ittihamı ilə 1 aylıq inzibati qaydada həbs olunub:
“Onda hiss eləmişdim ki, məni şərləyib tutacaqlar. Gedib əvvəldən vəkillə müqavilə bağladım. Narkoloji dispanserdə müqayinədən keçdim, rəy aldım. Oradakılara qəribə gəlirdi ki, könüllü müayinədən keçir bu adam. Onlara deyə bilmirdim ki, polisdən gələcək təhlükədən qorunmaq üçün bunları eləyirəm”.
İctimai fəal məhkəmədən də ədalət gözləntisi olmadığını hakimlərin nəzərinə çatdırıb:
“Sizlərdən yanğına su daşıyan qarışqanın təəssübü gözləntisində olmağımın absurd olduğunu yaxşı anlayıram. Çünki mən mühakimə olunmaq üçün yox, günahkar çıxarılmaq üçün məhkəmə qarşısındayam. Buyurun, polisin dispensiyasını qanuniləşdirin, siyasi sifarişin icrası uğurla başa çatdırılmış olsun…”
Məhkəmədən sonra vəkil Rövşanə Rəhimli Meydan TV-yə bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.
İctimai fəalın anası Şamama Quliyeva oğlundan iki cümləyə görə qisas alındığını deyir:
“Bütün Azərbaycanın bildiyini, insanların öz aralarında danışdıqlarını oğlum mikrofona deyib”, – Şamama Quliyeva bildirib.
O əlavə edib ki, tutulduğu gün – 4 dekabr 2023-cü ildə İlhamiz Quliyev Prezidentin hüquq məsələləri üzrə köməkçisi Fuad Ələsgərovun qəbuluna yazılmaq üçün evdən çıxıb və dərhal da saxlanılıb:
“Ora gedən adamın cibində narkotik olar?! Açıq şəkildə desinlər ki, bu adamı müsahibədə dediyi iki cümləsinə görə tutmuşuq, yoxsa narkotik nədir gətirib atırlar cibinə?”
İlhamiz Quliyev bildirib ki, əvvəllər polis idarəsində müstəntiq köməkçisi işləyib, bu üzdən o sistemdə nələrin baş verməsindən məlumatlı olub.
Sentyabrın sonunda “AbzasMedia”ya müsahibəsində də ictimai-siyasi fəalların narkotiklə həbs olunması barədə danışıb.
Həmin videomaterialda üzü görünməsə də, keçmiş polis əməkdaşı olduğu bildirilib.
Onun sözlərinə görə, bir neçə gün ərzində onun kimliyini müəyyənləşdirib, həbs ediblər.