Azərbaycan OPEC və digər neft ölkələrinin toplantısında iştirak edəcək
Aprelin 6-da OPEC üzvləri və digər neft hasil edən ölkələrin video-konfrans formatında görüşü olacaq.
Energetika Nazirliyinin məlumatına görə Azərbaycan da həmin görüşə dəvət alıb.
Toplantıda əsas mövzu dünya energetika bazarlarının sabitləşdirilməsidir. Martın 6-da analoju görüşdə Rusiya OPEC ölkələri ilə razılığa gəlmədikdən sonra Səudiyyə Ərəbistanı neft bazarına təzyiq edərək, qiymətlərin 2 dəfədən çox aşağı düşməsinə nail oldu.
Güman edilir ki, aprelin 6-na nəzərdə tutulmuş toplantı da neft hasilatının azaldılmasına həsr ediləcək. Ötən illər Azərbaycan OPEC ölkələri ilə bu məsələdə razılığa gəlirdi. Hazırda Azərbaycanın tutacağı mövqe bəlli deyil.
Amma Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, hasilat yanvar ayı ilə müqayisədə fevralda 19 min barel azalıb. Meydan TV-yə danışan ekspert bildirib ki, bundan sonra da hasilatın azalması daha aşağı tempdə davam edəcək:
“Energetika Nazirliyinin aprelin 1-də yaydığı məlumata görə ümumilikdə 750 min barel orta hasilat olur və hökumətin qrafikinə əsasən bu davam etdirilməlidir”, – İlham Şaban deyib.
Hökumətin planlarına gəlincə, ekspert vurğulayıb ki, 2019-cu ildə 2018-ci illə müqayisədə 1.3 milyon ton neft hasilatı azalmışdı. Cari ildə bu rəqəm bir qədər aşağı olacaq, təqribən 800-900 min ton neft hasilatının azalması proqnoz edilir.
“Yəni Azərbaycan nə Qazaxıstandır, nə Rusiyadır, nə də hətta Türkmənistandır ki, yeni yataqları olsun və onları da bazara çıxartmaq istiqamətində planlar qursun. Azərbaycanda indiyə qədər 1998-ci ildə açılan Qarabağ yatağının ehtiyatları 16 milyondan 60 milyona qədər artdı. Amma bu, Azərbaycanın daxili bazarının tələbatının ödənilməsi və hasilatın sabitləşməsi yönümündə bir addım olacaq ki, 2022-ci ildən həmin hasilat gündəmə gəlməlidir”.
Mərkəz rəhbəri hesab edir ki, Azərbaycan 2010-cu ildə neftin pik dövrünü keçib və hazırda neftin çıxarılma əmsalını artırmaqla onu “yeraltı xəzinə”də qoymamaq haqda düşünür.
“bp-nin dünya üzrə açıqladığı hesabata görə yaxın 40 ildə ümumilikdə kəşf olunan neft yataqlarının ehtiyatlarından istifadə onun 50 faizi qismində olacaq. Səbəb də dünyanın qaz erasına keçməsidir və paralel olaraq alternativ enerji mənbələri var. Ona görə də, 2035-ci ildən başlayaraq neft dünya üzrə liderliyini qaza təhvil verəcək və bu mənada onun ehtiyatlarından sona qədər istifadə etmək lazım olmayacaq”.
İlham Şaban hesab edir ki, Azərbaycan üçün bu əsrin ortasına qədər nə qədər imkan varsa, maksimum yararlanmalıdır.
“Yəni bazara nə qədər çox neft çıxartsa, xeyri var. Neftin qiymətinin enməsində bir amil də neftin öz mövqeyini qaza verməsidir. Bundan asılı ölkələr də tədricən bazara daha çox neft çıxarır”.