Rövşən Ağayev: “Prezidentin iqtisadi inteqrasiya ilə bağlı dedikləri hələki tam liberal iqtisadiyyatın qurulmasını hədəfə almayıb”
Prezident İlham Əliyev
in yerli telekanallara dekabrın 23-də müsahibəsində Avropa İttifaqının Azərbaycanla yeni müqaviləsində ölkədə təbii qazın daxili qiymətinin ixrac qiyməti ilə bərabərlik təşkil etməsi ilə bağlı bəndin təklif olunduğunu deyib.
O qeyd edib ki, Azərbaycan istehlakçılarının təxminən 85 faizinin təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır.
Prezidentin sözlərinə görə, qiymət min kubmetr üçün 100 manatdır, ixrac qiyməti isə bundan bir neçə dəfə böyükdür:
“Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil”.
Neft Araşdrımalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Avropa hesab edir ki, iqtisadiyyatı resursdan qaynaqlanan ölkələr bu resursun ixracına arxayın olub onun ixracında maraqlı olurlar və nəticədə böyük gəlirlər əldə edirlər. Onun sözlərinə görə, Avropada düşünürlər ki, bu ölkələr əldə etdikləri gəlirləri isə heç də hər zaman rasional xərcləyə, əhalinin bütün qrupları arasında ədalətli bölə bilmirlər. Bundan əlavə beynəlxalq bazarlarda resursların qiyməti kəskin düşdükdə həmin ölkələrin iqtisadiyyatı təlatümlərlə üzləşir:
“Ona görə də resursların daxili və xarici qiymətlərinin bir birinə yaxınlaşdırılması iki məsələnin həllinə kömək edir: a) xarici bazarda kəskin qiymət dəyişməsi zamanı hökumətin gəlirləri kəskin azalmır; b) daxili bazarda qiymətlərin yüksək olması həm bütün kateqoriyadan olan istehlakçıların qənaətcil istifadəsinə gətirib çıxarır. Nəticədə xarici bazarlarda daha çox resurs satmağa imkan olur. Hökumət yavaş yavaş iqtisadiyyatı inkişaf etdirib və gələn gəlirlərin elə optimal bölgüsünü tapır ki, əhalini subsidiyalaşdırmağa ehtiyac qalmasın. Bazar iqtisadiyyatının imkanlarından istifadə əhalinin pul gəlirlərinin artmasına və enerji resurslarının öz hesabına ödənməsini təmin edir. Yəni Avropa vaxtı ilə özü bu yolu keçib və indi bizə bunu təklif edir”.
İlham Şaban qonşu İrandan misal çəkərək, bildirib ki, 100 ildən çoxdur enerji resursu hasil edir, ancaq insanları daim aşağı əmək haqqı alır və enerji məhsullarını da dövlətin subsidiyası ilə alırlar.
“Lakin Avropada heç bir enerji resurslarına malik olmayan ölkələrin vətəndaşları benzinin 1 litrəsinə 2 avro pul da verirlər. Nə dövlətdən subsidiya alırlar, nə də benzinə pul çatdıra bilmədikləri haqqında şikayət etmirlər. Məsələnin mahiyyəti varlı vətəndaşa malik olmaqdadır. Varlı dövlət prinsipindən varlı vətəndaş prinsipinə keçidi tezləşdirmək”.
İqtisadçı Rövşən Ağayev prezidentin xarici bazarla müqayisədə daxili bazar qiymətlərinin ucuz olması haqda fikirlərini bölüşür:
“Azərbaycanda qazın qiyməti Gürcüstandan 3 dəfə ucuzdur. Ancaq bunun obyektiv və subyektiv səbəbləri var. Birinci, qazın bir hissəsi beynəlxalq sazişlər çərçivəsində səmt qazı kimi SOCAR-a pulsuz verilir. İkinci, ölkədə ciddi sosial problemlər yaşanır, əhali yüksək faizlərə dözə biləcək səviyyədə deyil və hökumətin siyasi yanaşması var. Məsələn, mən yüksək subsidayalaşmanın əleyhinəyəm, amma əhalinin indiki gəlirləri səviyyəsində yüksək tariflər də gərginlik yarada bilər”.
Bu baxımdan Rövşən Ağayev çox ciddi və köklü islahatlara ehtiyacın olduğunu hesab edir:
“Ölkədə leqal iş yerlərinin sayı 30-35 faiz yox, 80-85 faiz olmalıdır. İnsanların leqal gəlirləri onların yüksək yaşayışına təminat verməlidir. Neft ölkəsi Norveçdə əhalinin gəlirləri o qədər yüksəkdir ki, bazar qiymətləri insanlarda narazılıq yaratmır. Bu gün dövlətin müvafiq qurumlara verdiyi subsidiyalar da vətəndaşın cibindən çıxır. Yəni səhiyyəyə, təhsilə, mədəniyyətin inkişafına yönəlməli olan maliyyənin bir hissəsi enerji şirkətlərinin subsidiyalaşmasına yönəlir. Ona görə bunun əleyhinəyəm ki, ayda 10 min manat qazanan da, 100 manat qazana bilməyən də bundan bəhrələnir. Subsidiya ünvanlı olsa, daha müsbət olar. Nəticədə varlı ailələr bundan bəhrələnməyəcək və onlara verilən subsidiya müavinət formasında vətəndaşa veriləcək”.
O deyib ki, inkişaf edən ölkələrin büdcə strukturunda sosial müdafiə xərcləri əmək haqqı ilə bir yerdə 60 faizdən az deyil.
“Ona görə əhalinin leqal işləmək imkanları artırılmalı, gəlirləri yüksək olmalı və qeyri-şəffaf subsidiyalar dayandırılmalıdır. Rəsmi təbliğatda gəlirlərin artırılmasından danışılır, amma qiymət artımını xatırladan yoxdur. Statistikaya görə 2010-cu illə müqayisədə istehlak qiymətləri indeksi 70 faizdən çox artıb, gələn il də artacaq. Bəs gəlirlər onu iki dəfə üstələyirmi? Bu məsələlər ciddi şəkildə təhlil olunmalıdır. Təəssüf ki, ölkə başçısının 23 dekabr müsahibəsində həm subsidiya mexanizmi, həm iqtisadi inteqrasiya ilə bağlı dedikləri hələki tam liberal iqtisadiyyatın qurulmasını hədəfə almayıb”.