Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistan–Azərbaycan münasibətlərinin hazırkı mərhələsi, ABŞ və digər beynəlxalq tərəfdaşlarla əlaqələr, regional nəqliyyat layihələri, iqtisadi göstəricilərlə bağlı məsələlərə toxunub.
Müharibənin “siyasi sonu”
İlham Əliyevin sözlərinə görə, 2024-cü ilin avqustunda Ermənistan–Azərbaycan münaqişəsinə siyasi baxımdan son qoyulub və bu, Azərbaycanın müstəqillik tarixində əsas dönüş nöqtələrindən biridir:
“Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən il Ermənistan–Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Müstəqillik əldə ediləndən sonra Azərbaycan xalqı və dövləti faktiki olaraq müharibə şəraitində yaşamışdır”.
Prezident bildirib ki, bu mərhələ yalnız hərbi əməliyyatlarla məhdudlaşmayıb:
“Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu”.
O qeyd edib ki, hərbi qələbə beynəlxalq siyasi müstəvidə də təsdiqlənib:
“Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, bizim müstəqillik tariximizdə bənzəri olmayan hadisədir”.
ABŞ ilə münasibətlər və 907-ci düzəliş
Müsahibədə Azərbaycan–ABŞ münasibətləri geniş yer tutub. İlham Əliyev ABŞ ilə münasibətlərin uzun illər mürəkkəb xarakter daşıdığını bildirib və bunun əsas səbəblərindən biri kimi 907-ci düzəlişi göstərib:
“Amerika–Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı….Bu düzəliş 1992-ci ilin oktyabrında qəbul edilmişdir və o vaxt bizim torpaqlarımız artıq işğal altında idi….Şuşa, Laçın işğal altında idi, Xocalı soyqırımı törədilmişdi”.
Prezident bu düzəlişi “böyük ədalətsizlik” kimi qiymətləndirib. Onun sözlərinə görə, “blokada” iddiaları faktiki vəziyyətə uyğun olmayıb:
“Nəzərə alsaq ki, Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi, hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır. Ona görə hər hansı bir blokadadan söhbət gedə bilməzdi”
İlham Əliyev bu düzəlişin qəbul olunmasında o vaxtkı Azərbaycan hakimiyyətini günahlandırıb.
“O vaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular…Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi”.
Bayden tənqidi və Tramp administrasiyasına ümid
Prezident bu düzəlişin qəbulunda ABŞ Konqresində erməni lobbisinin rolunu vurğulayıb. O, həmçinin bildirib ki, Co Bayden bu düzəlişin qəbulunda fəal iştirak edib və bu fakt sonrakı dövrlərdə ABŞ administrasiyaları ilə münasibətlərə təsir göstərib.
“Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim Obama–Bayden və Bayden–Blinken administrasiyaları ilə münasibətlərimiz istənilən səviyyədə deyildi”.
İlham Əliyev ABŞ-nin əvvəlki administrasiyasının siyasətini də tənqid edib və bildirib ki, Bayden–Blinken dövründə münasibətlərdə ikili standartlar müşahidə olunub:
“Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”.
Prezident bildirib ki, 2025-ci il bu münasibətlər baxımından da dönüş nöqtəsi hesab edilə bilər. Onun sözlərinə görə, Ermənistan–Azərbaycan müharibəsinin başa çatması və ABŞ-də Tramp administrasiyasının hakimiyyətə gəlməsi uzun illər münasibətləri məhdudlaşdıran 907-ci düzəlişin aradan qaldırılması üçün şərait yaradıb.
“Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır”.
“Zəngəzur dəhlizi” həll olunmuş məsələ kimi
Prezident İlham Əliyev “Zəngəzur dəhlizi”nin (Tramp yolu) açılmasını artıq həll edilmiş məsələ kimi təqdim edib. Onun sözlərinə görə, Azərbaycan ərazisində avtomobil yolunun 95 faizi, dəmir yolunun isə 70 faizi hazırdır. Ermənistan ərazisində isə 42 kilometrlik hissə qalır.
“Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir… Dəhlizin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.
Prezident bildirib ki, bu dəhliz Şərq–Qərb və Şimal–Cənub marşrutlarının tərkib hissəsinə çevriləcək, Naxçıvan isə həm Türkiyə, həm də İran istiqamətində yeni bağlantılar əldə edəcək.
“Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq – biri Ermənistan üzərindən, biri isə İran üzərindən”.
İlham Əliyev Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni mühüm diplomatik nailiyyət kimi qiymətləndirib.
“Bu siyasi platforma bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər”.
O, Azərbaycanın D-8 təşkilatına qəbulunu da ayrıca qeyd edib:
“Yeganə yeni üzv Azərbaycan olmuşdur”.
Prezidentin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilib və regionu Qərblə birləşdirən əsas logistika ölkəsi rolunu oynayır:
“Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır”.
Qəzza və ya Yaxın Şərqdə hərbi və sülhməramlı əməliyyatlarda iştirak barədə qərar yoxur
İlham Əliyev Azərbaycanın Qəzza və Yaxın Şərqdə mümkün hərbi və ya sülhməramlı əməliyyatlarda iştirakına dair yayılan məlumatları təkzib edib. O bildirib ki, Azərbaycanın xaricdə döyüş əməliyyatlarında iştirakı nəzərdə tutulmur:
“Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik”.
O əlavə edib ki, bu mövzuda Azərbaycanın razılığı ilə bağlı yayılan bəyanatlar doğru deyil.
“ABŞ-nin BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz. Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.
Xüsusi idarəetmə modeli və kadr problemi
Prezident Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi idarəetmə modelinə də geniş toxunub:
“ Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsuli-idarə nəzərdə tutulub və tətbiq edilir. Hesab edirəm ki, bu, özlüyündə daha çevik idarəetmə üçün daha əlverişlidir”.
İlham Əliyev bildirib ki, bu model gələcəkdə digər regionlar üçün də nümunə ola bilər:
“Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər”.
Bununla yanaşı, əsas problemin kadr seçimi olduğunu vurğulayıb:
“Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam”,- İlham Əliyev bildirib.