“Meydan TV işi” üzrə hazırda həbsdə olan və 36 gündür aclıq edən jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanadan yazır:
Fevralın 6-da günorta radələrində rəis müavini və bir neçə nəzarətçi saxlanıldığım kameraya daxil oldular. Mən onlara məhkəməyə aparılan zaman ərizələrimin əlimdən alınmasını və tam soyundurularaq ləyaqətimi alçaldaraq yoxlanış aparıldığını bildirərək etiraz etdiyimi və məhkəməyə getmək istəmədiyimi bildirdim. Bu zaman Ceyhun Hacıyev (müavin) və digər əməkdaşlar üzərimə hücum edərək əllərimi qandalladılar və məni zorakılıqla konvoy maşınının təkadamlıq kamerasına mindirdilər. Məhkəmə zalında məni zorla təkadamlıq şüşə qəfəsə salmağa çalışdılar. Bu zaman 21 gündür aclıq etdiyim üçün halım qəfil pisləşdi və Ağır Cinayətlər Məhkəməsinin tibb işçisi mənə müdaxilə etdi. Həkim təzyiqimi ölçdü və qolumda yaranmış qançir izlərini qeydiyyata aldı. Şəmşad Ağa da bu prosesə şahidlik etdi. Bakı İstintaq Təcridxanasının I və II korpusunun təhlükəsizlik kameraları və Ağır Cinayətlər Məhkəməsinin kameraları bütün baş verənləri lentə alıb.
Fevralın 7-si telefonla ailə üzvlərimlə danışarkən başıma gələnləri nəql etdiyim üçün telefon danışığım kəsildi. 9 fevralda telefonla danışmaq növbəm gəldiyi vaxt isə telefon növbəsinə buraxılmadım və mənə rəis Elnur İsmayılovun göstərişi ilə qadağa qoyulduğu bildirildi. Bütün bunlar “zorakılığa məruz qalmama”, “şəxsi həyatın toxunulmazlığı” və “ifadə azadlığı”, “özümü müdafiə etmə” hüquqlarımın pozulması deməkdir.
Bundan əlavə, dostlarımın yazdığı məktubları mənə vermirlər, ailə üzvlərimə və vəkilimə məktub və qeydlərimi verə bilmirəm. Dəfələrlə həyat yoldaşım Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə və Ombudsmana qarşılaşdığım qanunsuz hərəkətlərlə bağlı şikayətlər etsə də, mənimlə maraqlanan olmayıb. Müəssisə rəhbərliyi məni intihar həddinə çatdırıb. Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi Qocayev Anar Eldar oğlu 14.01.26-cı ildə qəbul etdiyi qərarda mənə qarşı qanunazidd hallara yol verilməsi faktının təsdiqini tapmadığını bildirib. Cənab Qocayev heç mənim izahatımı almağa tənəzzül belə etmədən bu qərarı qəbul edib. Hazırda tam informasiya blokadası şəraitində yaşayıram. 30 gündən çox müddətdə aclıq aksiyası keçirsəm də məni tibb müəssisəsinə köçürmürlər. Səhhətimin tam pisləşməsini gözləyirlər. İlham Əliyevin gənclərə olan qayğısını üzərimdə tamamilə hiss edirəm. Azərbaycan dövləti vətəndaşlarına ləyaqətlə yaşamağa imkan vermir. Ümumiyyətlə, biz bu ölkədə vətəndaş yox, rəiyyətik. Bizi ifadə edən hər hansısa demokratik təhsisat yoxdur. Azad jurnalistika fəaliyyəti dövlət tərəfindən rəsmi olaraq kriminallaşdırılıb. Azərbaycan dövləti artıq 3 ilə yaxındır ki, müstəqil mətbuatın ayaqlarına zəncir vurub. Jurnalistləri ontolojik düşmən kimi görən İlham Əliyev nə beynəlxalq təşkilatların hesabatlarını, nə Avropa Parlamentinin qətnaməsini, nə də ki, nüfuzlu şəxslərin bəyanatlarını sayır. Bütün bu sənədləri ölkəmizi istəməyən, onun uğurlarına qısqanclıqla yanaşan, qələbəmizi gözü götürməyən, “ermənipərəst” şər qüvvələrin yazdıqlarını iddia edirlər. Dövlət nəzarətində olan mətbuatı izləyən istənilən şəxs zənn edər ki, ölkəmiz dörd bir tərəfdən “qara donlu kafirlərlə” əhatə olunub. Bu hekayədə olan “kafirlər”, əslində, bizi idarə edən Əliyev və onun komandasıdır. Bu şəxslərlə mübarizə aparmağın yeganə yolu isə əmlaklarına sanksiya qoymaqdan ibarətdir. Bu insanları düşündürən yeganə motivasiya qızıl hərisliyidir. Başqa avtoritar rejimlərdə ideoloji motivasiya olsa da bizim ağalarımızın tək arzusu özlərinə qızıl heykəllər qoymaqdan ibarətdir.
Belə bir sistemlə individual mübarizə aparmağın yeganə yolu özünə qəsd etməkdir. Elə məhz buna görə 36 gündür aclıq aksiyası keçirirəm. İnsan ləyaqətinə hörmət etməyən dövlətlə başqa necə mübarizə aparmaq olar axı?!