İlham Əliyevi “diktator” adlandıran gənc haqqında yeni məhkəmə qərarı

S.İsgəndərlinin həbsindən bir gün öncə – avqustun 18-də aksiya keçirdiyini, bunun videosu sosial şəbəkələrdə yayılan kimi evlərinə polislərin gəldiyini, lakin həmin vaxt onun evdə olmadığını vurğulayan vəkil apelyasiya şikayətində kamera görüntülərinə baxış keçirilməsini də istəyib.

Source: meydan tv


"Aksiya keçirdikdən bir gün sonra evinə polislər gəlib”

AXCP Gənclər Komitəsinin üzvü, “28 May” metrostansiyasının qarşısında təkbaşına etiraz aksiyası keçirib, prezident İlham Əliyevi “diktator” adlandırıb, onun istefasını, siyasi məhbusların azadlığa buraxılmasını tələb etdikdən bir gün sonra həbs olunan Səhlədar İsgəndərlinin şikayətinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyilə keçirilən prosesdə 19 yaşlı cəbhəçi gəncin özü də iştirak edib.

S.İsgəndərlinin vəkili Əsabəli Mustafayev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin İnzibati Xətalar Məcəlləsinin 206 (narkotik maddənin şəxsi istehlak miqdarında əldə olunması, saxlanması) və 535-ci ( polisin qanuni tələbinə tabe olmamaq) maddələrilə təqsirli bilinib, 60 günlük həbsə göndərilməsi haqda qərar əsassızdır.

Vəkilin sözlərinə görə, inzibati xəta protokolunda S.İsgəndərlinin Suraxanı rayonu ərazisində saxlanıldığı yazılıb, lakin onu şəhərin məhkəzində yerləşən iş yerindən tutub aparıblar. İş yeri isə Səbail rayonu ərazisində yerləşir.

S.İsgəndərlinin həbsindən bir gün öncə – avqustun 18-də aksiya keçirdiyini, bunun videosu sosial şəbəkələrdə yayılan kimi evlərinə polislərin gəldiyini, lakin həmin vaxt onun evdə olmadığını vurğulayan vəkil apelyasiya şikayətində kamera görüntülərinə baxış keçirilməsini də istəyib. Vəkil Suraxanı rayon Məhkəməsinin 60 günlük həbs qərarının ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş edib.

S.İsgəndərli onun üzərində narkotik olması, polisin tələbinə tabe olmaması barədə protokolda yazılanların yalan olduğunu, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib.


Hakim Vaqif Mursaqulov

şikayəti təmin etməyib, cəbhəçi gənc haqqında 60 günlük inzibati həbs qərarı qüvvədə saxlanıb.

S.İsgəndərlinin həbsilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.

Ana səhifəSiyasətİlham Əliyevi “diktator” adlandıran gənc haqqında yeni məhkəmə qərarı