Aygün Hümbətova: “Xəstə uşağımın, ac balalarımın ahı tutacaq bizim başımıza bu oyunları gətirən hər kəsi…”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, sosial şəbəkələrdə İlham Əliyevə ailəsinin ağır durumundan şikayətlənən, uşaqpulu tələb edən Aqil Hümbətov yenidən Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
Bildirilib ki, A.Hümbətov haqqında şikayət tərtib edərək, bu yolla onu yenidən xəstəxanaya göndəriblər.
“Aqil Hümbətovu martın 30-da aparıb ora salmışdılar. Guya küçədə nalayiq hərəkətlər edib. Xəzər rayonu, 1-ci polis bölməsi də onun haqqındakı şikayətlə əlaqədar məktub tərtib edib. Onun ruhi-əsəb xəstəxanasına salınması səs-küyə səbəb oldu, ona görə aprelin 1-də haqqında məhkəmə qərarı çıxarıldı. Qərarda da yazmışdılar ki, onun iradəsinə zidd olaraq, bu xəstəxanada saxlanmasına əsas yoxdur. Guya xəstəxananın baş həkimi onun məcburi müalicəyə ehtiyacı olması və qeyri-könüllü orada saxlanması üçün məhkəməyə ərizə verib. Sabunçu Rayon Məhkəməsi də ərizəni təmin etməyib, ona görə aprelin 2-də onu buraxıblar. Aqil Hümbətov evə gələndən sonra yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri danışdı, İlham Əliyevi tənqid elədi. Bütün bunlar haqda mediaya müsahibələr verdi. Ona görə ertəsi gün – aprelin 3-də yenidən işlədiyi yerdə tutub aparıb xəstəxanaya salıblar”, – deyə AXCP-dən bildirilib.
A.Hümbətovun həyat yoldaşı Aygün Hümbətova da Meydan TV-yə deyilənləri təsdiqləyib. O bildirib ki, həyat yoldaşı aprelin 3-də günorta saatlarından yoxa çıxıb: “Onunla birlikdə işləyən fəhlələr dedilər ki, yenə mülki geyimli iki nəfər gəlib onu tutub apardı. Aqil evdən iş adıyla çıxmışdı. Günorta saatlarında evimizə bir qadın, iki kişi gəlmişdi. Bildim ki, Aqilin üzünə bunları qoyurlar. Guya Aqil qəsəbədə bu adamların gözü qarşısında əxlaqsız hərəkətlər edib, özünü dəli kimi aparıb, onlar da şikayət ediblər. Qadına dedim ki, utanmırsız, bu yaşınızda üzəduranlıq edirsiz? Üç uşağın atasını şərləyirsiz, bəs bu uşaqlar nə yeyəcək? Sonradan öyrəndim ki, Xəzər rayonunda o adamların əliylə o qədər evlər yıxılıb ki… Xəstə uşağımın, ac balalarımın ahı tutacaq bizim başımıza bu oyunları gətirən hər kəsi…”
A.Hümbətov aprelin 2-də saxlanmamışdan öncə Meydan TV-nin əməkdaşıyla söhbətində psixatriya xəstəxanasına necə aparılmasından, oradakı vəziyyətdən danışmışdı. Bildirmişdi ki, yol kənarından otları təmizlədiyi yerdə, başqa fəhlələrin gözü qarşısında onu mülki geyimli polislər gəlib aparıblar. Əvvəlcə Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə aparıldığını deyən A.Hümbətovun sözlərinə görə, həm yolda olarkən, həm də bölmədə ondan telefonunu istəyiblər. O isə telefonun evdə olduğunu söyləyib:
“Ən çox telefonla maraqlanırdılar. Bilirdim ki, bir gün əvvəlki canlı yayıma, “Facebook”-dakı paylaşımlarıma görədir. Bölmədə təxminən iki saat kamerada saxladılar. Sonra Təcili Tibbi Yardım maşını gəldi, məni maşınına oturdub Maştağaya apardılar”.
A.Hümbətovun sözlərinə görə, xəstəxanada olarkən ona məlum olub ki, haqqında saxta şikayətlər tərtib olunub. İddia edilib ki, Zirə qəsəbəsində küçədə şalvarını çıxarıb gəzib, insanlara qarşı nalayiq hərəkətlər edib. Bu əsasla da xəstəxanaya yerləşdirilib: “İnanın, ağ yalandır. Ayıbdır, bu, heç bir çərçivəyə sığmır. Adamı bu cür əxlaqsız böhtanla şərləməzlər. Demirlər ki, “Facebook”dakı çıxışlarına, İlham Əliyevdən uşaqpulu tələb etdiyinə görə şərləyirik, deyirlər ki, şalvarını çıxarıb”.
AXCP fəalı bildirir ki, 2 gecə xəstəxanada saxlandıqdan sonra aprelin 1-də onu buraxıblar.
Küçələrdən plastik və karton tullantıları toplayıb, təhvil verməklə ailəsini dolandıran A.Hümbətova ötən ilin martında da 30 günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Həbsinin səbəbi iki gün öncə Prezidenti tənqid etməsidir.