Razi Hümbətov narkotik ittihamının saxta olduğunu deyir
Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyilə ona hökm oxunub.
Hökmə əsasən, Razi Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə təqsirli bilinib.
Lakin o, özünü təqsirli bilmir və narkotik ittihamının saxta olduğunu deyir.
Razi Hümbətov məhkəmədə bildirib ki, 2021-ci il iyulun 7-də yaşadığı Ceyranbatan qəsəbəsində 5-6 mülki geyimli şəxs tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və orada təzyiqlərə məruz qaldığını deyən inanclı fəal bildirib ki, narkotik maddəni üzərinə polislər qoyub. O da təzyiq altında etiraf ifadəsinə imza atıb.
Müsəlman Birliyi Hərəkatı da Razi Hümbətovun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını bəyan edib. Hərəkat üzvünün həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir. Zaman-zaman “Facebook” səhifəsində hökumətin siyasətini tənqid edən inanclı fəal həbsindən bir neçə gün əvvəlki paylaşımında “İlham Əliyev, xalq səni sevmir” yazmışdı.
Mayın 20-də Razi Hümbətova hökm oxunmamışdan öncə məhkəməni izləməyə gələn bir sıra inanclı və ictimai-siyasi fəallar məhkəmə binası qarşısında saxlanılıb. Onlar Nəsimi rayonu, 22-ci polis bölməsinə aparılıb.
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir.