“Bu qarşıdurma Ermənistanın özü üçün təhlükəlidir”
“Biz Ermənistandan “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir”.
Bunu Azərbaycanın Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında bildirib.
İlham Əliyev deyib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq:
“Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir. Çünki “Dağlıq Qarabağ” mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa istənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq”.
Dövlət başçısı bu cür açıqlamalardan təəssüfləndiyini söyləyib:
“Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir. Tarix artıq buradadır və bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq”.
Prezidentin sözlərinə görə, Brüssel bəyanatı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərir:
“Brüsseldə Prezident Mişel, mənim özüm və Baş nazir Paşinyan arasında üçtərəfli görüşün nəticəsi olan bəyanat aydın şəkildə deyir ki, Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam dəstəkləyirik”.
“Bütün Azərbaycan xalqının hüquq və təhlükəsizliyi bizim Konstitusiyamız tərəfindən təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhali Azərbaycandakı ən böyük etnik azlıq deyil. Ona görə də bizim konstitusiyamız bir çox illərdir ki, Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla, bütün millətlərə bərabər hüquqlar təmin edir. Bu baxımdan hüquq və təhlükəsizliyin əlbəttə ki, biz qayğısına qalacağıq”, – Əliyev belə deyib.
Əliyev çıxışında Zəngəzurun tarixi ilə bağlı mövzulara da toxunub:
“Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra Sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Beləliklə bu, çıxılmaz vəziyyətə səbəb ola bilər”.
“Düşünürəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır, bu dərsləri yaxşı öyrənməlidir və Azərbaycana qarşı istənilən ərazi iddialarından çəkinməlidir”, – deyə Əliyev fikrini yekunlaşdırıb.
İyunun 15-də Ermənistanın Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, Qarabağın statusu məqsəd deyil, Dağlıq Qarabağ xalqının təhlükəsizliyini təmin etmək vasitəsidir.
Baş nazirin sözlərinə görə, əgər əvvəllər danışıqlarda Ermənistan tərəfinin Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təminatlarının əsaslandığı konsepsiyasının əsasını Dağlıq Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir.
“Biz bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O Dağlıq Qarabağ əhalisinin hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün çox başa düşülən münasibətdir. Amma çox mühüm bəyanat da var – Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün real həll yolu hesab edilməlidir”, – Paşinyan belə deyib.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.