İlham Əliyev Prezident seçkilərinin səbəblərini açıqladı

Foto: president.az

“Azad edilmiş ərazilərdə ilk dəfə Prezident seçkiləri keçirilməli idi”

Ölkə başçısı İlham Əliyev 7 fevral növbədənkənar Pezident seçkilərinin təyin olunmasının səbəblərini açıqlayıb.

Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində danışıb.

İlham Əliyev bu qərarın ilk növbədə, sentyabr hadisələrindən (sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyat nəzərdə tutulur -red) sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu deyib.

Əliyev deyib ki, ikinci səbəb işğaldan azad olunan ərazilərdə keçiriləcək birinci seçkilər məhz prezident seçkiləri olmalı idi.

“Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”, – deyə Əliyev fikrini tamamlayıb.

Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirildiyindən İlham Əliyevin prezidentlik səlahiyyəti 2025-ci ildə başa çatırdı.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətİlham Əliyev Prezident seçkilərinin səbəblərini açıqladı