İlham Əliyev öz ailəsinə məxsus şirkətə aid Ağdam hotelinin açılışını edib

Foto: president.az

Hotelin məxsus olduğu hər iki şirkət Əliyevin qızlarına məxsus olan “Pasha Holding”in törəmə şirkətləridir

Sentyabrın 19-da İlham Əliyev Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib. Hələ 2022-ci ilin 4 oktyabr tarixində İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etmiş və “Aghdam City Hotel”in təməlqoyma mərasimində iştirak etmişdilər. O zaman “PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov inşa olunacaq mehmanxana barədə məlumat vermişdi.

Hotel haqqında nələri bilirik?

130 nömrədən ibarət olan beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras mövcuddur.

Hələ bir neçə il öncə “Absheron Hotel Group”un rəsmi saytındakı “Gələcək Layihələr” siyahısında “Aghdam City Hotel” yer almışdı. Ölkədəki ən bahalı və lüks hotellər, kurortlar, restoranları özündə cəmləşdirən “Absheron Hotel Group” MMC şirkəti “PASHA Holding”-in hotelçilik qolunda fəaliyyətdə olan törəmə şirkətlər qrupudur ki, bu da saytlarında qeyd olunub.

Otel hansı şirkətə aiddir?

Hotelin rəsmi saytına daxil olduqda qarşımıza iri hərflərlə “PMD Hospitality” yazısı çıxır.

“PMD Hospitality” şirkəti Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotelçilik fəaliyyətlərini idarəetmə şirkətidir. Bu şirkət “PMD Group”un törəmə şirkəti olaraq 2016-cı ildə yaranıb və daha sonra 2018-cü ildə ayrıca bir şirkətə çevrilib.

Şirkətin portfelində bir neçə 5 ulduzlu otel və bir neçə istirahət mərkəzləri var: (Chenot Palace Gabala, Gashaltı Health Hotel, Chinar Hotel & SPA, Garabagh Resort & SPA, Galaalti Hotel & SPA, Lankaran Springs Wellness Resort, The Excelsior Hotel & Spa Baku, Ramada Plaza by Wyndham Gence, Goy Gol Lake Resort, Badamdar Hotel & Residences) lüks kurort (Shamakhi Palace Sharadil) və Paulaner Bräuhaus Azərbaycan (franchise pivə zavodu).

Bunun xaricində şirkət portfelini genişləndirir və qida və içki satış məntəqələri, üçüncü tərəfə məxsus otellər və digər istirahət xidmətləri üçün idarəedici və məsləhətçi kimi də fəaliyyət göstərir.

Bəs “PMD Group” kimə məxsusdur?

2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

Dövlət Vergi xidmətinin kommersiya qurumlarının reyestr məlumatlarında “PMD Group” şirkəti ilə əlaqədar bütün detallar silinib. Lakin çap mətbuatından şirkətin vergi nömrəsi müəyyən olunub, VÖEN: 1701459191. Vergi tarixçəsinə nəzər yetirdikdə şirkətin hüquqi təmsilçilərinin adlarının silindiyi, lakin şirkətin ilkin kapitalının 10 milyon manat, hazırda isə 1 milyard 744 milyondan çox olduğu görünür.

Kənd təsərrüfatı, emal, tikinti, inşaat, otelçilik və bank işi ilə məşğul olan “PMD Group” şirkəti “Pasha Holding”in törəmə şirkəti hesab olunur.

“Pasha Holdinq” şirkətlər qrupu özünün iki törəmə şirkəti (“Absheron Hotel Group” MMC və “PMD Group” MMC) vasitəsilə Azərbaycanda, Türkiyədə, Gürcüstanda 30-a yaxın lüks hotellər, istirahət mərkəzləri, kurort villalarının mülkiyyətçisi və idarəedicisidir. Şirkətlərin hər ikisi Neftçilər prospekti, ev 153 ünvanında qeydiyyatdadır. Burada “Pasha Holdinq”in baş ofisi – “Port Baku Towers” yerləşir.

Nəticə budur ki, bu gün İlham Əliyevin Ağdamda açılışını etdiyi otel “Absheron Hotel Group” MMC şirkəti və “PMD Group” şirkətinə aiddir. Hər iki şirkət də Əliyevin qızlarına məxsus olan “Pasha Holding”in törəmə şirkətləridir.

Ana səhifəAraşdırmaİlham Əliyev öz ailəsinə məxsus şirkətə aid Ağdam hotelinin açılışını edib