Əliyev Aleksandr De Kro ilə görüşündə də Ermənistan Konstitusiyasının dəyişdirilməsinə toxunub
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın COP29 sammitinə dəvət olunduğunu bildirib.
Bu barədə noyabrın 11-də İlham Əliyev Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşündə danışıb.
İlham Əliyev deyib ki, Ermənistan COP29 sammitinə dəvət olunub:
“Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır”.
O, son bir ildə Ermənistanla fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində inkişafın olduğunu vurğulayıb.
Bununla belə İlham Əliyev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Aleksandr De Kro Azərbaycana səfərinin həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan yaratdığını bildirib:
“Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini deyib”.
Azərbaycan Prezidenti də Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu vurğulayıb.
Oktyabrın 25-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıdan COP29 konfransında iştirak etmək üçün dəvət alıb.
Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovanisyan yerli mediaya demişdi.
Ancaq Paruyr Ovanisyan xarici işlər nazirinin iştirak edib-etməyəcəyi sualına konkret cavab verməmişdi.
“Hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır”.
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.