Hüquq müdafiəçisi, “Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun saxlanılması və barəsində cinayət işinin açılmasını keçən ildən başlayan repressiyanın davamı hesab edilir.
Artıq ABŞ Rüfət Səfərovun saxlanılması ilə bağlı prosesi diqqətlə izlədiyini və xəbərdən narahat olduğunu açıqlayıb. Bu barədə ABŞ Dövlət Departamentindən “Turan”a bildirilib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Frank Şvabe baş verənləri İlham Əliyevin “sülalə hakimiyyəti”nin siyasəti kimi dəyərləndirib.
Azərbaycandakı fəallar da həsblərin daha sərt davam edəcəyini düşünürlər.
Hüquq müdafiəçisi Fuad Əhmədli bildirir ki, əgər yanvarda Azərbaycan AŞPA-ya qəbul edilməsə, repressiyalar daha da artacaq.
Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin deyir ki, Rüfət Səfərovun həbsini yeni həbs dalğasının başlanğıcı adlandırmaq doğru deyil:
“Çünki Əliyevin aqressiyası nə vaxtsa, dayanmayıb ki, indi də yenidən həbs dalğası başlansın. Bu proses onsuz da gedirdi. Səfərovun həbsi İlham Əliyevin demokratiya tərəfdarlarına “həbslər dayanmayacaq” mesajıdır”.
İnsan haqları fəalı Nemət Abbasov həbsləri COP-dan əvvəl və COP-dan sonraya bölmür. Deyir ki, bu həbslər ikinci Qarabağ müharibəsindən sonra başlanan repressiyanın davamıdır.
O deyir ki, Azərbaycanda nəinki siyasi fəalların, sıravi vətəndaşların da təhlükəsizliyinin sığortası yoxdur.