İlham Əliyev: Bu gün dediyim sözlər sürpriz deyil

“Bu proqramlar fərqli auditoriyalara – işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir”

Source: Specify Source


Mikayıl Cabbarov maliyyə və əmlak amnistiyası təklif edib

“Başqa ölkələrlə müqayisədə Azərbaycanda koronavirusla bağlı vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır və beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır”.

Bu fikirləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən səsləndirib.

Ölkə başçısı hesab edib ki, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir: “Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risk altına atır”.


“Büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər”

Dövlət başçısı dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsini xatırladaraq vurğulayıb ki, bu enmə Azərbaycan iqtisadiyyatına da böyük problemlər yarada bilər və bu, gəlirlərin azaldılmasına səbəb olar:

“Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır. Təxmin etmək çətin deyil ki, bu pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək”.

Prezident bildirib ki, ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə alıblar:

“Sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. Çünki indi İqtisadiyyat Nazirliyi tərəfindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər. Bu xahiş və yaxud tələb qüvvədədir. Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirlər. Dövlət onlara kömək göstərməlidir”.


“Əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə tələbat nəzərə alınacaq”

İqtisadiyyat naziri Mikayıl Cabbarov 3 proqramın hazırlandığını bildirib:

“Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi və zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı hazırdır. Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara – işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur. Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı da tapşırığınızla hazırlanıb. Bu proqramın həcmi 500 milyon manat təşkil edir. Beşinci proqram sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi ilə bağlıdır. Bu, daha da böyük həcmdə olan – 1 milyard manatlıq bir proqramdır. Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paketdir, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir. Eyni zamanda, həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəyini güman edirik”.

Nazir əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə tələbatının nəzərə alınacağını da qeyd edib:

“İnsanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik”.

M.Cabbarov əlavə edib ki, özəl sektor kapital və əmlak amnistiyası olmasını təklif edib: “Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə olunub. Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılmasının vəsadətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə, sizin diqqətinizə təqdim edəcəyik”.

İlham Əliyev deyib ki, aparılan köklü islahatlar kölgə iqtisadiyyatının sonudur:

“Biz hər şeyi ardıcıllıqla edirik, yüzlərlə, bəlkə də minlərlə sahibkarlıq subyekti var. Biz onlara vaxt verdik. Eyni zamanda, İqtisadiyyat Nazirliyi onlara həm vaxt verdi, həm də ki, maarifləndirmə işləri apardı. Onlar üçün bu gün dediyim sözlər sürpriz deyil. Bu, siyasətdir və bu, strateji xəttimizdir. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur”.

Ana səhifəİqtisadiyyatİlham Əliyev: Bu gün dediyim sözlər sürpriz deyil