İlham Əliyev “Azərsu” və Meliorasiyanı ləğv etdi

Foto: “yeniavaz”

İki qurumu birləşdirən Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

Martın 30-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

“Azərsu” və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanda yeni agentliyin su ehtiyatlarının, su təsərrüfatının və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə yaradıldığı qeyd olunub.

Sənəddə həmçinin agentliyin Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradıldığı öz əksini tapıb.

“Müəyyən edilsin ki, Agentlik Azərbaycanda suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır”, – deyə fərmanda vurğulanıb.

Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, agentliyin əsasnaməsi və strukturunun layihələri, habelə işçilərinin sayı barədə təkliflər beynəlxalq məsləhətçi şirkətlə birgə hazırlanıb Prezidentə təqdim edilsin.

Fövqəladə Hallar Nazirliyinə isə bir ay ərazində Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının yeni qurumun balansına verilməsini təmin etməsi tapşırılıb.

Foto: Zaur Mikayılovun şəxsi arxivindən

Bundan əlavə, ölkə başçısının sərəncamı ilə Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Zaur Mikayılov 2021-ci ilin aprelində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub.

O əvvəllər “Agro Supply” MMC-nin təmsilçisi olub.

Şirkət aqrar sektorla bağlıdır. 2017-ci ildə qeydə alınan “Agro Supply” MMC “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

Zaur Mikayılov həmin ilin martın 15-də Zaur Mikayılov PAŞA Holdinq” MMC-yə məxsus “Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifəsindən azad edilib.

Ondan əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə idi.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov isə 2021-ci ilin mayın 4-də vəzifəsindən azad edilib.

Ondan sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə təyinat olmayıb.

Ana səhifəSosialİlham Əliyev “Azərsu” və Meliorasiyanı ləğv etdi