İlham Əliyev: “Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir”

Foto: Azərtac

İran Prezidenti bildirib ki, gələcəkdə əlaqələri daha da gücləndirəcəklər

Aprelin 28-də İranın Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib.

Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü olub.

Daha sonra hər iki Prezident birgə bəyanatla çıxış ediblər.

İlham Əliyev çıxışında deyib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində onların nümayəndələri daim bir-birinin yanındadır.

“Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılıb. Yəni, məramımız, məqsədimiz birdir – Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək”, – İlham Əliyev deyib.

Məsud Pezeşkian isə bildirib ki, gələcəkdə əlaqələri daha da gücləndirəcəklər:

“Biz bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik”.

Bu, Məsud Pezeşkianın Prezident kimi Azərbaycana ilk səfəridir.

Məsud Pezeşkian 2024-cü ilin iyununda İran Prezidenti seçilib.

Ana səhifəSiyasətİlham Əliyev: “Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir”