“Neft Tanrının hədiyyəsidir”
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi ilə “Strateji tərəfdaşlıq haqqında” Sazişin imzalanması ilə bağlı təklifin Bakıdan deyil, Brüsseldən gəldiyini deyib.
Bu barədə noyabrın 12-də ölkə başçısı COP29-un açılış mərasimində çıxışı zamanı danışıb.
Əliyev deyib ki, iki il əvvəl Azərbaycan və Avropa Komissiyası “Strateji tərəfdaşlıq haqqında” Sazişə imza atıblar:
“Lakin bu bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi. Bu, geosiyasi vəziyyətin dəyişməsi demək idi. Onlar yardım istədilər, biz də dedik ki, əgər yardımımıza ehtiyac varsa, olar. Enerji təhlükəsizliyinin təmin edilməsində yardım göstərəcəyik. Sənəd imzalandıqdan sonra Avropada Azərbaycanın qazını alanların sayı artdı, əvvəl 2, indi 8 ölkədir. Həmçinin Avropa Komissiyası bizdən xahiş edib ki, qaz təchizatının həcmini 2 dəfə artıraq, 2027-ci ilə qədər bu planlar həyata keçsin. Bu da 2 il öncə imzalanan sənədə uyğundur”.
Prezidentin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra hədəfə çevrilib:
“Bu, qarayaxma kampaniyası idi. Özünü müstəqil QHT adlandıranlar və bəzi siyasətçilər ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girmişdilər. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.
“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, – deyə Əliyev əlavə edib.
Azərbaycanın dövlət başçısı Azərbaycanın “neft ölkəsi” adlandırılmasına da münasibət bildirib:
“Ölkədə 250-dən çox Günəş panelləri olmasına baxmayaraq bizi daha çox neft ölkəsi adlandırırlar. Ancaq baxın, işsizlik 5.4, yoxsulluq 5.2 faizdir. Xarici borc ÜDM-nin çox az hissəsini təşkil edir, bu da ölkənin əldə etdiyi nəticələrin təzahürüdür. Lakin biz bunu təbii resurslarla təmin etmirik. Bu da məhz Tanrının verdiyi hədiyyədir, bir neçə ay əvvəl də söylədim. Beynəlxalq mediada məhz buna görə mənə hücum edirlər. Hər hansı təbii sərvətə gəldikdə, neft və qaz, külək, günəş, qızıl, gümüş, filiz, bütün bunlar təbii sərvətlərdir. Ölkələr bu resursların olması və bazara çıxması ilə günahlandırılmalı deyil. Bazarda buna tələbat var”.
O, 2020-ci ilin 44 günlük savaşından da danışıb:
“Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi qələbəni qeyd etdik və beləliklə, öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr 30 il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”.