Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanov həbsxanadan yazır:
Cəmiyyətin həqiqəti bir daha bilməsi naminə hesabatlılıq və şəffaflıqdan qaçmayan, ictimai-siyasi məsuliyyəti olan şəxs kimi deyilənlərin qondarma olduğunu təqdim etdiyim bu sübutla ortaya qoyuram. Hakimiyyətin 9 nəfər üçün saxtalaşdıraraq toplam olaraq təqdim etdiyi 1.038.618 manatdır. Onları ifşa edən qanuni gəlir əldə etdiyimi sübut edən 2 sənədi cəmiyyətə təqdim edirəm.
“Kvazi” olsa da, məhkəməyə də təqdim edəcəyəm. Bu iki sənəd mənim və həyat yoldaşımın əldə etdiyi əmək haqqı barədə arayışlar və sahibkar kimi 3 valyuta (AZN, EURO, USD) ilə əldə etdiyim vəsaitin əks olunduğu bank hesabatlarının çıxarışlarıdır. Bu iki sənəd sübut edir ki, 2024-cü il mart ayına qədər gəlirim 729.026 USD, milli valyuta ilə 1.239.344 AZN təşkil etmişdir.
Yəni, hakimiyyətin 9 nəfərimiz adına göstərdiyindən də düz 200.726 AZN artıqdır. Hələ mən digər dostların rəsmi gəlirlərini bura əlavə etmədim. Beləliklə, bu qədər gücü, zorakı aparatı hər cür özbaşınalıqdan yayınmayan “Tək adam” rejiminin 3 güc orqanının, onun nəzarətində olan propaqanda maşınının, yalanlarının təqdim etdiyi sübutu təkcə mənim bu 2 sənədim darmadağın edir. Millətimizə xatırladıram ki, respublikaçı olan bizlərlə “Tək adam” rejimi quran Əliyev hakimiyyətinin fərqi də budur.
Buyursun, 30 ildən artıqdır hakimiyyəti zəbt edən və əldən verməyi düşünmək belə istəməyən, uduzmaqdan qorxduğu üçün demokratik seçki keçirməyən, nöqsansız olduğunu düşünən mütləqiyyət rejiminin sahibi də, onun vəzifəyə təyin etdiyi şəxslər, o cümlədən bizim işdə adı keçən hüquq mühafizə orqanları və məhkəmə hakimiyyətinin təmsilçiləri də öz gəlirlərini açıqlasın. Kimin kim olduğu bir daha xalqa da aydın olsun. İlham Əliyevə və onun rejiminə hodri meydan deyirəm.
Akif Qurbanov