Mənbə: JAMnews

İkinci Qarabağ müharibəsindən sonra – psixoloji travmalar

Məqalə JAMnews saytında dərc olunub.

İkinci Qarabağ müharibəsi bitdi, noyabrın 10-dan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı hərbi əməliyyatların bitməsi barədə sənəd qüvvədədir. Lakin sentyabrın 27-si başlayan müharibə, həmçinin üçtərəfli razılaşma imzalanandan sonra baş verən olaylar bir çox insanda ciddi psixoloji problemlər doğurub.

Adamlara müharibənin psixoloji nəticələrinin öhdəsindən gəlməyə kim və necə kömək etməyə çalışır?

Müharibədən sonra

32 yaşlı Artur (ad dəyişdirilib) Qarabağın yollarını beş barmağı kimi tanıyır – arvadı bu bölgədəndir. O, təcili yardım maşınının sürücüsüdür və bu adamın peşəkarlığı nəticəsində doğma şəhəri Gorusda onlarla xəstə xilas olub. Müharibə günlərində yaxın erməni kəndlərinin, demək olar ki, bütün təcili yardım maşınları Qarabağa göndərilib.

“Gorus həmçinin sərhəd rayonudur, burda birinci müharibənin yaraları hələ tam sağalmayıb. Düzdür, həmin müharibə illərində mən uşaq olmuşam, lakin onun haqqında çox şey eşitmişəm. Məni Qarabağa yaralıları daşımağa göndərdiklərini eşidəndə çətin olacağı aydın idi, amma xalis cəhənnəmə getdiyimi ağlımın ucundan belə keçirməmişdim.

Bundan əvvəlki müharibə zamanı işləyən yaşlı həmkarlarım mənə yaralılar, travmalar haqda danışmışdılar, lakin onların danışdıqlarının gördüklərimlə yaxından-uzaqdan əlaqəsi yox idi”, – Artur xatırlayır.

O, müharibənin ilk ayında öz maşınında 143 yaralı əsgər daşımağa macal tapıb. Onların bəziləri xəstəxanaya salamat çatmayıb, bir çoxunun üzü Arturun yaddaşına həkk olub:

“Bu müharibənin travmaları tamamilə fərqli idi – silah başqaydı. Mənə elə gəlir ki, həmin günlər ərzində bir dənə də olsun odlu silahdan yaralananları görmədim. Xeyli əl-ayaq travması vardı – insanların qolları və ayaqları yox idi, qəlpə yaraları vardı.

Bizi xəbərdar edirdilər ki, saatda 80 kilometr sürətlə getsək, havadan maşına atmaq çətin olacaq. Sonra başa düşdüm ki, bu da kömək etmir. Göydən sözün həqiqi mənasında od ələnirdi. Ziqzaq gedir və bircə şey düşünürdüm – uşaqları xəstəxanaya çatdırmalıyam”.

Artur müharibədən iki həftə sonra anlayıb: onunla nəsə baş verir. Hətta işarası qısa fasilələrdə belə yuxuya gedə bilməyib. Daimi narahatlıq hissi meydana gəlib, xüsusilə də hava həyəcan siqnalının demək olar ki, kəsilmədiyi Stepanakertdə (Xankəndi). Əlləri əsib, iştahası kəsilib. Atəşə məruz qalmış təcili yardım maşınları barədə xəbərlər alıb. Amma yenə də Gorusa qayıtmazdan öncə növbəsinin bitməsini gözləyib.

“Özümü bütün bunların yorğunluqdan baş verdiyinə inandırmağa çalışırdım, düşünürdüm ki, evə qayıtsam, dincəlsəm, hər şey keçib gedəcək. Lakin sonra anladım: parlaq işıqdan, səs-küydən səksənirəm, qulaqlarımda daima partlayş və inilti səsləri var.

Maşınında ayağı və ya onurğası qırılmış oğlan daşıdığını dərk etmək ağırdır, sənsə bombardmandan dağılmış yollardan keçməyə bilmirsən, hər keçdiyin çala qulaqlarında çarəsiz bağırtı ilə əks olunur. Evə qayıtdıqdan bir həftə sonra ciddi problemimin olduğunu anladım. Ən pisi isə bu problemin ailəmə və uşaqlarıma sirayət etməsi idi”, – Artur danışır.

Doğmaları kömək üçün Ermənistanın Müdafiə Nazirliyinə müraciət edib.

Psixoloji yardım

1990-cı ildə baş vermiş Birinci Qarabağ müharibəsi və 2016-cı ildəki aprel müharibəsi zamanı posttravmatik sindromun müalicəsi yeganə ixtisaslaşmış mərkəzin üzərinə qoyulub. İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra isə psixoloji yardımı həm dövlət qurumları və klinikaları, həm də özəl mütəxəssis qrupları təklif edir.

Hərbi qulluqçulara və müharibənin bilavasitə iştirakçılarına ilk psixoloji yardımı Müdafiə Nazirliyinin nəzdindəki struktur təqdim edir. Onlar Dilijanda təşkil olunmuş mərkəzdə stasionar müalicə alırlar ki, bu da kəskin stresli vəziyyətləri mümkün olduğu qədər yüngülləşdirir.

Müharibə zamanı zərərçəkmiş uşaqlara psixoloji dəstək üçün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi nəzdində “qaynar xətt” açılıb.

Əmək və Sosial Məsələlər Nazirliyi müharibənin doğurduğu psixoloji problemlərin çözülməsi üçün psixoloqlardan ibarət peşəkar qrup yaradıb. Bir aya yaxındır ki, qurumun nəzdində psixoloji yardım “qaynar xətti” fəaliyyət göstərir. O, telefonla konsultasiya təqdim edir. 400-ə yaxın adam bu xidmətdən istifadə edib.

Müharibənin psixoloji nəticələrinin öhdəsindən gəlmək və zərərçəkənlərə kömək məqsədilə xeyli sayda peşəkar qrup yaradılıb. Onlar ehtiyacı olanlara öz xidmətlərini təklif edir. Bu qrupların bir çoxu müharibənin ilk günündən pulsuz işləyir.

Mütəxəssislər problemlə və onların öhdəsindən gəlmək haqqında

MNS psixoloji yardım xidməti bu cür təşəbbüslərdən biridir. O, noyabrın 10-dan müharibə iştirakçılarına və onların doğmalarına pulsuz kömək təklif edir.

“Müharibənin ilk günlərindən bir çox digər mütəxəssislər kimi, mən də döyüşlər zamanı zərərçəkmiş insanlarla, əsgərlərlə işləməyə başladım. Onlarla daha çox işlədikcə problemin ciddiliyini daha dərindən dərk etdim. Noyabrın 10-u atəşkəs haqqında sənəd imzalanandan sonra həmkarlarımızla birgə pulsuz psixoloji yardım proqramı yaratmağı qərara aldıq. Bu proqram təkcə əsgərlər üçün deyil, həm də onların doğmaları üçün nəzərdə tutuldu”, – proqramın təşəbbüsçüsü, psixiatr və psixoterapevt Aram Ovsepyan deyir.

Mütəxəssisin dediyinə görə, psixoloji iş üç əsas istiqamətdə aparılmalıdır:

  • Hərbi travmalar (döyüş meydanında qazanılmış qorxular; əsgərlərin gördüyü yaralanma və ölüm halları);
  • Böyük bir insan qrupuna təsir etmiş məğlubiyyət amili;
  • Ölkədə yaranmış vəziyyətdən və dövlət qurumlarının bir qrup adamı problemləri ilə baş-başa qoymasından doğan qeyri-müəyyənlik amili.

“Biz əgər müharibənin ilk günlərində əsas etibarı ilə müstəsna olaraq hərbi travmalarla qarşılaşırdıqsa, bu gün, xüsusilə də üçtərəfli razılaşma imzalandıqdan sonra bilavasitə ictimai sağlamlığa təsir göstərən iki digər amillə qarşı-qarşıyayıq.

Gün kimi aydındır ki, indi qarşımızda yetərincə dərin psixoloji problem durur. Problem bu gün öz həllini tapmazsa, bütün nəsillərə uzunmüddətli və ağır təsir göstərə bilər”, – psixoloq deyir.

Aram Ovsepyanın sözlərinə görə, bu gün əsas iş itki amilindən doğan kəskin stresli reaksiyalarla və çarəsizlik duyğusu ilə aparılacaq işdir. Lakin o da aydındır ki, yaxın aylarda posttravmatik stresli pozuntuların miqdarı artacaq:

“Bu gün biz öz işimizi digər peşəkar qrupların fəaliyyəti ilə birləşdirməyə çalışırıq. Belə ki, posttravmatik stresin öhdəsindən gəlmək və müharibənin təsirinin ictimai sağlamlığa təsirini neytrallaşdırmaq üzrə uzunmüddətli iş gözlənilir.

Bundan başqa, qarşımızda daha bir ciddi problem durur. Bu, psixotrop maddələrin və alkoqolun istifadəsidir. Belə ki, onların istifadəsi bu cür vəziyyətlərdə çoxalır. İnsanlar bu yolla öz travamalarını yüngülləşdirməyə çalışırlar”.

Ekspert əmindir ki, bu gün onminlərlə insanın psixoloji yardıma ehtiyacı var. Hərçənd son iki həftədə MNS mərkəzinə cəmi 17 insan müraciət edib. Onun fikrincə, bu, geniş yayılmış stereotiplə bağlıdır: guya adamlar belə bir psixoloji problemin öhdəsindən müstəqil gələ bilər:

“Ailələrlə işləyərkən adamların psixoloq köməyinə daha çox yeniyetmələrlə bağlı üz tutduğunu sezdik. Əsgərlərlə bağlı isə vəziyyət başqa cür qiymətləndirilir. Birincisi, çoxu kənddə yaşayır. Orda psixoloji yardım barədə məlumat azdır və onlar çox zaman gerçəklə uzlaşmır.

Bundan başqa, həmin travma əsgərlər üçün o qədər mühüm amilə çevrilir ki, digər insanların təcrübəsi və yaşantıları onlar üçün istər-istəməz qiymətdən düşür. Onlar kiminsə kömək edə biləcəyinə əmin deyillər. Hazırda bu, bizim ən ciddi çağırışımızdır və bu planda məhz insanlarla o cümlədən bölgələrdə çalışarkən çox iş göməliyik”.

Ekspertlərin fikrincə, ikinci çağırış Ermənistanda tətbiq edə biləcəkləri uyğun psixoloji iş təcrübəsinin olmamasıdır. Belə bir hərbi əməliyyatların baş verdiyi ölkələrdə, məsələn, Suriya, Əfqanıstanda, Ukraynada dıərin tədqiqatlar keçirməyə imkan olmayıb.

Arturun stasionat müalicəsi artıq başa çatıb. O, Gorusa qayıdıb, lakin hələ işə başlamayıb. Sükan arxasına keçməzdən öncə hələ bərpa müalicəsi keçməlidir. Özünü qat-qat yaxşı hiss etdiyini deyir, lakin uşaqlar səs salanda hirslənir. Gecələr daha gec-gec ayılır, hərçənd indiyədək də baxışları göydə pilotsuz uçuş aparatı axtarır.

Artur bilir ki, onu hələ ağır dönəmlər gözləyir. Hər şeyi unuda bilməyəcək, heç unutmaq da istəmir. Üstəlik onun evindən Azərbaycanla yeni beynəlxalq sərhədə piyada 20 dəqiqəyə çatmaq olar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8r9nia

Ən çox baxılan