III Respublika Platforması COP29 konfransının iştirakçılarına müraciət etdi

III Respublika Platforması. Foto: Meydan TV


“Azərbaycanda intensivləşən repressiyaları və insan hüquqları vəziyyətinin pisləşməsini ictimai formada qınayın”

III Respublika Platforması (“ResPlatforma”) Bakıda keçiriləcək COP29 konfransının iştirakçılarına müraciətlə bəyanat yayıb.

Bəyanatda deyilir ki, iqlim dəyişikliyi və insan hüquqları mövzuları vəhdət təşkil edir.

Bu baxımdan Azərbaycanda 2023-cü ilin noyabrından insan hüquqlarının vəziyyəti kəskin pisləşib. Azərbaycan hökumətinin siyasi müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə və tənqidçi media qurumlarına qarşı repressiyaları intensivləşib.

“Onlarla siyasətçi, vətəndaş cəmiyyəti fəalı və jurnalist siyasi motivli cinayət işləri üzrə əsassız ittihamlarla haqsız yerə həbs olunublar”, – sənəddə deyilir.

“ResPlatforma” bildirir ki, Azərbaycan siyasi səhnəsində yaşıl gündəliyi olan ilk və yeganə siyasi təşkilatdır.

“Platformanın spikeri Akif Qurbanov və Qurucu Heyət üzvü Ruslan İzzətli siyasi motivli cinayət işləri üzrə 2024-cü ilin martından haqsız həbsdə saxlanılırlar
”, – bəyanatda deyilir.

Qeyd olunur ki, COP29 iştirakçıları Azərbaycanda intensivləşən repressiyaları və insan hüquqları vəziyyətinin pisləşməsini ictimai formada qınamalıdırlar:

“Azərbaycan hökumətindən bu repressiyaların dayandırılmasını və insan hüquqlarının vəziyyətinin pisləşməsinin nəticələrinin aradan qaldırılmasını qəti şəkildə tələb etməlidirlər. COP29 iştirakçıları müvafiq ictimai bəyanatlarında və çıxışlarında repressiya qurbanlarının, o cümlədən Akif Qurbanovun və Ruslan İzzətlinin adlarını çəkərək onların dərhal azad edilməsinə və hüquqlarının tam bərpasına dair çağırış etməlidirlər. İştirakçılar həmçinin həbsdə olanları yerlərində baş çəkməlidirlər”.

“ResPlatforma”nın bəyanatında həmçinin qeyd olunur ki, СOP29 iştirakçıları konfrans başa çatandan sonra növbəti bir il ərzində bu məsələləri qaldırmağa davam etməlidirlər.

Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Onların arasında korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), “Toplum TV” internet kanalının təsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, “meclis.info” saytının rəhbəri İmran Əliyev, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) Bakıda noyabrın 11-də başlayacaq və noyabrın 22-dək davam edəcək.

Noyabrın 6-da “Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı COP29-da iştirak edəcək Avropa İttifaqı liderlərinə çağırış ediblər.

Bəyanatda Avropa İttifaqı liderlərindən Azərbaycanda siyasi motivlərlə həbs edilənlərin məsələsini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirəyə çıxarmaları və onların azadlığa buraxılmasını təmin etmələri qeyd olunub.

Ana səhifəCOP29III Respublika Platforması COP29 konfransının iştirakçılarına müraciət etdi