Qəza törədən sürücünün Nizami rayon Polis İdarəsində saxlanıldığı bildirilir
“Maşında nasazlıq olduğundan həmin qəza baş verib, atam avtobusu saxlaya bilməyib”. Bu sözləri Meydan TV-yə avstriyalı idmançıları vuran avtobusun sürücüsünün oğlu Orxan Əhmədov deyib. Atasının adını açıqlamaq istəməyən Orxan Əhmədovun sözlərinə görə, hadisədən sonra sürücünü Nizami rayon Polis İdarəsinə aparıblar. Hazırda o, vəkilsiz dindirilir: “Atam 1964-cü il təvəllüdlüdür, 20 ildir avtobus sürür. Sürücülük vəsiqəsi var. Avtobusda nasazlıq olduğundan belə bir hadisə baş verib”.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Meydan TV-yə deyib ki, bu barədə məlumat vermək onların səlahiyyətində deyil. Məsələyə yalnız Avropa Oyunları Əməliyyat Komitəsi münasibət bildirə bilər. Komitədən isə hələlik heç bir açıqlama verilmir.