İDİ: Ölkənin emal sənayesi hələ də xarici investorlar üçün cəlbedici deyil

Sənəddə həmçinin qeyd olunur ki, ölkənin sənaye istehsalının 70 faizindən, sənayedə yaradılan yeni dəyərin 85 faizindən çoxu və ölkənin ümumi ixracının 90 faizi neft-qaz hasilatı və neft məhsullarının istehsalının payına düşür;

Source: Specify Source


“Yerli investorlar da emal sənayesi sahələrinə xüsusi maraq göstərmirlər”

Ölkənin sənaye strukturunda xeyli ciddi problemlərin olduğu müəyyənləşib.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupu bu qənaətə gəlib. Qrup Azərbaycan sənayesinin struktur problemləri, onların səbəbləri və həlli yollarına dair tədqiqat sənədi hazırlayıb.

Sənədin birinci hissəsində 2020-ci ildə Azərbaycanda ÜDM istehsalının quruluşu, illik ÜDM istehsalında sənayenin payının dinamikası, ümumi yekunda xüsusi çəkisi, 2005-2020-ci illərdə ölkə iqtisadiyyatında əsas kapitala investisiya qoyuluşlarında sənayenin payı, 2005-2020-ci illərdə sənaye məhsulunun dəyəri, 2019-cu ildə Azərbaycanda sənaye istehsalının sektoral strukturu, 2019-cu ildə Azərbaycan sənayesində yaradılmış ÜDM-in sektoral strukturu, həmin il Azərbaycanda sənaye istehsalının iqtisadi rayonlar üzrə strukturu, sənaye istehsalının sahə strukturu və s. qrafika və cədvəllər vasitəsilə əks etdirilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2020-ci ildə ölkədə yeni yaradılan dəyərin 33.7 faizi sənayedə formalaşıb ki, bu da ölkə iqtisadiyyatının digər sahələri ilə müqayisədə ən böyük pay deməkdir.

2020-ci ildə ÜDM istehsalının 11.5 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7.7 faizi tikintinin, 7.1 faizi nəqliyyat və anbar təsərrüfatının, 6.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2.0 faizi informasiya və rabitənin, 1.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 20.2 faizi isə digər sahələrin payına düşüb; məhsula və idxala xalis vergilər isə ÜDM-in 9.7 faizini təşkil edib.

Tədqiqatın ikinci hissəsində təbii sərvətlərin mövcudluğu; ehtiyatları və coğrafi yerləşməsi; keçilmiş yoldan asılılıq; cəmiyyətin inkişaf səviyyəsi; sosial-iqtisadi, mədəni və demoqrafik amillər; dövlətin iqtisadi və investisiya siyasəti; habelə dövlət tənzimlənməsinin təsirləri; ticarət qaydaları və xarici ticarət əlaqələri; infrastruktur (istehsal və bazar) amillər və s. araşdırılıb.

Sənəddə qeyd olunub ki, sənayenin diversifikasiyası bir sıra ənənəvi istehsal sahələri ilə yanaşı, ənənəvi olmayan, yeni istehsal sahələrinin qurulmasını tələb edir:

  • ilk növbədə yerli xammala əsaslanan rəqabət qabiliyyətli ağır sənaye istehsalı genişləndirilməlidir;
  • emal sənayesinin digər sahələrində yeni istehsal gücləri yaradılmalıdır;
  • yüksək texnologiyalı istehsal böyük həcmdə araşdırma və genişləndirmə fəaliyyəti tələb etdiyi üçün bu sahədə prioritetlər bir neçə konkret sahə ilə məhdudlaşdırılmalıdır.

Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə:

  • enerji tariflərinin tənzimlənməsində çeviklik artırılmalı;
  • çevik tarif siyasəti əlverişli vergi və gömrük rejimi və çevik məzənnə siyasəti ilə müşayət edilməli;
  • sənayeyə investisiyalar cəlb etmək imkanları genişləndirilməli;
  • dövlətin güzəştli kreditlərindən istifadə və lizinq imkanları artırılmalı;
  • qeyri-neft sənayesinə investisiyaların təşviqi mexanizmi yaradılmalı;
  • dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin özəl sektorun investisiyaları ilə əlaqələndirilməsi mexanizmi qurulmalı;
  • habelə dövlət-özəl tərəfdaşlıq modellərinin tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Araşdırma nəticəsində məlum olub ki, son 10 ildə ölkədə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində bir sıra dövlət proqramlarının və strategiyaların qəbul edilməsinə və icrasına, habelə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılmasına baxmayaraq ölkənin sənaye strukturunda hələ də ciddi problemlər var:

  • sənaye istehsalının təqribən 70 faizi mədənçıxarma sənayesinin, o cümlədən 65 faizi neft-qaz hasilatının payına düşür;
  • sənaye istehsalının 70 faizindən bir qədər çoxu, sənayenin yeni dəyərinin 85 faizindən çoxu neft-qaz hasilatı və neft məhsulları istehsalının payına düşür;
  • ölkənin ümumi ixracının 90 faizi xam neft, təbii qaz və neft məhsullarının payına düşür;
  • ölkədə emal sənayesinə aid istehsal sahələrinin inkişaf səviyyəsi hələ çox aşağı səviyyədədir – neft məhsulları istehsalı nəzərə alınmazsa, emal sənayesi sahələrində yeni yaradılan dəyər il ərzində sənayedə yaradılan yeni dəyərin 10 faizindən də azdır;
  • emal sənayesi sahələrində əsasən aşağı və orta aşağı texnoloji məhsul qruplarına aid məhsullar istehsal olunur;
  • sənaye istehsalının 90 faizinə qədəri Bakı şəhəri və Abşeron iqtisadi rayonu ərazisindədir.

Sənəddə həmçinin qeyd olunur ki, ölkənin sənaye istehsalının 70 faizindən, sənayedə yaradılan yeni dəyərin 85 faizindən çoxu və ölkənin ümumi ixracının 90 faizi neft-qaz hasilatı və neft məhsullarının istehsalının payına düşür; ölkənin emal sənayesi hələ də xarici investorlar üçün cəlbedici deyil, yerli investorlar da emal sənayesi sahələrinə xüsusi maraq göstərmirlər.

Araşdırmanın sonunda hökumətin sənaye və investisiya siyasətinin yaxşılaşdırılmasına yönəlik təklif və tövsiyələr yer alıb.

Ana səhifəİqtisadiyyatİDİ: Ölkənin emal sənayesi hələ də xarici investorlar üçün cəlbedici deyil