Hüquqşünaslar hesab edir ki, inzibati həbslər ifadə azadlığı baxımından çox ciddi problem yaradır
Azərbaycanda son aylarda ictimai fəallara, müxalifətçilərə qarşı təzyiq və inzibati həbslərin artdığı bildirilir.
Bu halın əsasən 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən iki günlük hərbi əməliyyatlardan sonra çoxaldığı vurğulanır.
Həbs olunanların əksəriyyətinə qarşı qadağan olunmuş informasiyaların yayılması ittihamı irəli sürülüb.
Onların yaxınları və hüquq-müdafiəçiləri hesab edirlər ki, həmin şəxslər yazdıqları tənqidi fikirlərə, fəaliyyətlərinə görə təqib və həbs olunublar.
Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir ki, həmin şəxslərə yönəlik inzibati həbslər ifadə azadlığı baxımından çox ciddi problem yaradan məqamdır:
“Şəxsin nəyisə yayıb-yaymadığını, yaydığının sirr olub-olmadığını, qanunla yol verilən olub-olmadığını hansısa məmurun mülahizəsi ilə müəyyən etmək olmaz. Buna hökmən peşəkar yanaşma gərəkdir və ifadə azadlığına müdaxilədir. Bu, bir inzibati qərarla şəxsin azadlığını məhdudlaşdıracaq şəkildə olmamalıdır. Hansısa pozuntuya yol verdiyi, heç bir sübut təqdim olunmadan, əsaslandırmadan, ekspertiza keçirilmədən aylıq inzibati bir qərarmış kimi edilməsi doğru deyil”.
Hüquqşünas Xalid Ağəliyev Meydan TV-yə deyir ki, 2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dolaşıq, aydın olmayan, ifadə azadlığına müdaxilələr üçün geniş imkanlar yaradan dəyişikliklər edilib:
“Qanuna edilən dəyişiklik də çox yayğın tənzimləmədir, aydın deyil. Bu da sui-istifadələrə geniş imkanlar açır. Sırf qanunun mətnindən çıxış edəndə, belə məlumatların yayılmasına görə məsuliyyətin tətbiq edilməsi qanuni görünə bilər. Amma ümumilikdə ifadə azadlığı hüququ kontekstində yanaşanda belə məsuliyyətə cəlb etmələr, cəzalandırmaların hamısı ifadə azadlığı hüququnun ciddi pozuntularıdır”.
“Bütün hallarda məhkəmə qərarlarını incələmək də lazımdır. Bu, daha dəqiq mülahizə yürütməyə imkan verir. Ancaq təcrübə göstərir ki, belə cəzalandırmalar adətən siyasi motivli və göz qorxutmaq niyyətli olur”, – hüquqşünas deyib.
Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Həbibovun xəsarət izlərini əks etdirən şəkli yayılıb.
O deyib ki, oktyabrın 11-də mülki geyimli şəxslər onu döyüblər:
“Üç nəfər mülki geyimli şəxs məni Qızıldaş ərazisində saxladılar, qara rəngli avtomobilə mindirdilər. Məni bir qədər qırağa apardılar, elə həmin qəsəbədə maşından düşürtdülər və ağır təhqir edərək döyməyə başladılar. Onlar məni döyüb deyirdilər ki, çəkil qırağa. Hakimiyyətə gəlmək istəyirsiz? Biz buna imkan vermərik. Döyəndən sonra məni buraxdılar”.
Onun sözlərinə görə, polisdə şikayətinə baxılmayıb və o, bir müddətlik ölkəni tərk edib.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “Turan”a açıqlamasında Mehman Həbibovun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddiaları təkzib edib.
Nazirlik rəsmisi qeyd edib ki, ayrı-ayrı şəxslərin saxlanılması, barələrində hansısa qətimkan tədbirlərinin seçilməsi onların siyasi dünyagörüşü ilə bağlı deyil.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun qənaətinə görə, Azərbaycan hakimiyyətinin uzun illər ərzində apardığı zorakı siyasət cəmiyyətin müqavimət hissini tamamilə ram edib.
“Amma bununla belə, repressiya siyasəti davam etməkdədir. Məsələ bundadır ki, Azərbaycan hakimiyyətinin, bütövlükdə mövcud idarəetmənin qolları bu 30 il ərzində mandatını heç vaxt xalqdan götürməyib. Ona görə də baxmayaraq ki, müəyyən hərbi nailiyyətlər var, amma yenə də cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı etimad yoxdur”, – Rüfət Səfərov Azadlıq Radiosuna bildirib.
Hüquq müdafiəçinin fikrincə, buna səbəblər kifayət qədərdir:
“Sosial-iqtisadı problemlər mövcuddur və təməl insan haqları pozulur. Ona görə də hakimiyyət düşünür ki, bu repressiya siyasətini davamlı olaraq həyata keçirsin. Bu gün də sosial şəbəkələrdə adi rəylərə, adi tənqidlərə görə insanlar ya cinayət məsuliyyətinə cəlb olunur, ya da ən yaxşı halda inzibati xəta ilə tutulur. Bu da kifayət etmir, işgəncə halları da var. Son tədbirlər göstərir ki, polis bölmələrində insanlar çox ağır işgəncələrə məruz qalır”.
Rüfət Səfərov düşünür ki, xüsusilə dövlət başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri barəsində tənqidi rəylər yazan sosial şəbəkə istifadəçiləri və ya fəallar rahat şəkildə təcrid olunurlar.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da “Turan”a bildirib ki, kiminsə siyasi baxışlarına görə təqib olunması ilə bağlı iddialarda həqiqət payı yoxdur:
“Azərbaycan dövləti, ordumuz tarixi zəfərə imza atıb, torpaqlarımızın suverenliyi tam bərpa edilib, artıq biz Qarabağın tam sahibiyik. Bu, həm də Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə daha da yüksəlməsinə xidmət edib. Belə olan vəziyyətdə Azərbaycanda müxalif siyasi dairələrdə natamamlıq kompleksi yaranıb”.
2023-cü il sentyabrın 20-dən başlayaraq Azərbaycanda bir sıra fəallar prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını bildirib. Sonradan onlardan bir neçə nəfərinin məhkəmələrin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs olunduğu açıqlanıb.
Həbs edilənlərdən Nurlan Qəhrəmanlı (Libre), Emin İbrahimov, Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə ittiham ediliblər. Hər biri 30 gün azadlıqdan məhrum edilib.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov barəsində isə 2 aylıq həbs qəti imkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) və 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Gənc fəal Nemət Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 gün azadlıqdan məhrum edilib.
Həbs edilənlər və vəkilləri cəzalandırmanın əsl səbəbini Azərbaycanın sentyabrın 19-da Qarabağda başlatdığı hərbi əməliyyatların əleyhinə yazdıqları fikirlərlə əlaqələndiriblər.