İctimai fəala təcavüzdə ittiham olunan şəxslə bağlı hökm dəyişmədi

Mənbə: Meydan TV

Hər iki tərəfin apelyasiya şikayəti təmin olunmayıb

İctimai fəal Sənay Yağmura (Qəhrəmanlı) qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin 5 il azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanılıb. Buna iyunun 7-də Bakı Apelyasiya Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası qərar verib. Qərara əsasən, bu iş üzrə tərəflərdən heç birinin apelyasiya şikayəti təmin olunmayıb.

Həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəf Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq, apelyasiya şikayəti vermişdi. Təqsirsiz olduğunu iddia edən Əsgər Ağazadənin apelyasiya şikayətində hökmün ləğv olunması və ona bəraət verilməsi istənilirdi.

Zərərçəkmiş Sənay Yağmurun apelyasiya şikayətində isə əksinə, Əsgər Ağazadəyə verilən cəzanın çox yüngül olduğu vurğulanıb. Buna etiraz edən zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edirdi.

Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə təqsirləndirilir. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu deyir. O, qarşı tərəfi ona böhtan atmaqda ittiham edir.

Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib. Yasamal rayon Prokurorluğunda iki dəfə bu işlə bağlı cinayət işinə xitam verilməsi haqda qərar qəbul edilib.

Təxminən bir il sonra zərərçəkmişin anası, yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək, məsələni ictimailəşdirib. Bundan sonra Baş Prokurorluğun rəhbərliyi işi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.

Ana səhifəSosialİctimai fəala təcavüzdə ittiham olunan şəxslə bağlı hökm dəyişmədi