İctimai fəal özünü İqtisadiyyat Nazirliyinin binası önündə yandırmaq istəyib

Rəbiyyə Məmmədova. Foto: Meydan TV

Rəbiyyə Məmmədova qəbul edilib dinlənilməsi üçün belə bir addım atmaq qərarına gəlib

İctimai fəal, “Sapla” tikiş sexinin qurucusu Rəbiyyə Məmmədova özünü İqtisadiyyat Nazirliyinin binası önündə yandırmaq istəyib.

Buna səbəb onun sahibkarlıq krediti üçün müraciətinə mənfi cavab verilməsidir. O, bildirir ki, dəfələrlə müraciət etsə də, aidiyyəti qurumlar onun müraciətinə baxmırlar. Rəbiyyə Məmmədova qəbul edilib dinlənilməsi üçün belə bir addım atmaq qərarına gəlib.

Çoxsaylı israrından sonra görüş tələbi yerinə yetirilən Rəbiyyə Məmmədova İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Ayaz Əliyev tərəfindən qəbul edilib.

Bu barədə o, sosial şəbəkədə yazıb.

“Xoş qarşılandım, Ayaz müəllim, sonuna qədər məni dinlədi. 30 dəqiqəyə yaxın qəbulunda oldum. Dedi ki, məsələ ilə özü məşğul olacaq, 10 gün ərzində də cavab veriləcək. Ayaz müəllimin səmimi qəbuluna xoş niyyətli, problemin həlli yönümlü olduğunu mənə hiss etdirdiyinə görə, İqtisadiyyat Nazirliyindən gedirəm. Səbrlə 10 gün gözləyəcəyəm. Açığı bu gün ümidimin öldüyü gündür”, – Rəbiyyə Məmmədova bildirib.

Rəbiyyə Məmmədova 2025-ci ilin fevralında sahibkarlıq krediti ilə bağlı Sahibkarlığın İnkişafı Fonduna (SİF) müraciət edib. Rəbiyyə Məmmədovanın sözlərinə görə, SİF onun fevralda etdiyi  müraciətə 2 ay sonra, aprelin 8-də imtina cavabı verib. Səbəb kimi isə sənəddə yanlışlıq olduğu bildirilib. “Sapla” tikiş sexinin qurucusu qeyd edib ki, sənədlər toplanarkən qaydasında olmasına xüsusi diqqət yetirilib.

İmtina cavabı alandan bir gün sonra, aprelin 9-dan başlayaraq o, SİF və İqtisadiyyat Nazirliyinin önündə oturaq aksiya keçirməyə başlayıb.

Aprelin 11-də o, “Facebook” profilində polis bölməsinə aparılaraq orada döyüldüyünü yazıb.

Ardınca isə sərbəst buraxıldığını bildirib.

Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi və Sahibkarlığın İnkişafı Fondundan münasibət öyrənmək mümkün olmayıb.

“Sapla” 2022-ci ildə təsis olunub. Məqsədi məişət zorakılığına məruz qalanlara təhlükəsiz iş mühiti təklif etməkdir.

Ana səhifəSosialİctimai fəal özünü İqtisadiyyat Nazirliyinin binası önündə yandırmaq istəyib