İctimai fəal öz məhkəməsində zorakılığa məruz qaldı

Möhyəddin Orucov, Foto: şəxsi facebook səhifəsi

Qalmaqal zamanı yıxılıb ayaq altında qalanlar olub

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, bir ildən çoxdur ki, həbsdə olan Möhyəddin Orucov öz məhkəməsində zorakılığa məruz qalıb. 

Bu olay yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb. 

Səbəb isə gənc fəalın məhkəmədə baş verənlərə etirazı olub.

Narkotik ittihamı ilə həbsdə saxlanılan Möhyəddin Orucovun işi üzrə budəfəki məhkəmə prosesinə şahid kimi ifadə vermək üçün polislər çağırılıb. 

Onlardan biri dindirilərkən ziddiyyətli danışıb. 

Bu zaman məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıxov iş materiallarında olan diskə baxış keçirilməsinə qərar verib. 

Həmin diskdə Möhyəddin Orucov saxlanılarkən polis idarəsində çəkilmiş görüntülər var. Orada ictimai fəalın cibindən narkotik çıxması əks olunub.

Möhyəddin Orucov ifadəsində bildirmişdi ki, həmin narkotiki polislər əvvəldən cibinə atmışdılar və kamera önündə narkotikin özünə məxsus olması barədə ifadə verməsi üçün ona həm fiziki işgəncə vermişdilər, həm də ailə üzvlərilə hədələmişdilər.

Hakim diskə baxış keçirəndə Möhyəddin Orucovun vəkili buna etiraz edib. 

Vəkil Nazim Musayev bildirib ki, videogörüntülər hələ məhkəmədə nümayiş etdirilə bilməz. Çünki işdəki 3 şahid polisdən yalnız biri dindirilib. 

Şahidlər dindiriləndən sonra sübutların tədqiqi mərhələsində görüntülərə baxıla bilər.

Lakin hakim müdafiə tərəfinin etirazını nəzərə almayıb və görüntülərin nümayişini davam etdirib. Bu da həm vəkilin, həm də Möhyəddin Orucovun özünün etirazına səbəb olub.

Penitensiar Xidmətin əməkdaşları Möhyəddin Orucovun saxlandığı şüşə kabinəyə daxil olaraq, ona qarşı zorakılıq ediblər. 

Onu divara sıxıb, ağzını əlləri ilə bağlayıblar, qollarını da arxadan qandallayıblar.

Gənc fəala qarşı bu cür davranışa məhkəmə zalında prosesi izləyən valideynləri və digər şəxslər də etiraz edib. 

Nəticədə Penitensiar Xidmətin əməkdaşları, həmçinin icra məmurları məhkəmə zalında prosesi izləməyə gələn şəxslərə qarşı da zorakılıq edib, onları söyüş söyə-söyə məhkəmə zalından çıxarıblar. 

Qalmaqal zamanı yıxılıb ayaq altında qalanlar olub.

Möhyəddin Orucov 2023-cü il oktyabrın 18-də saxlanmış, ona xırda xuliqanlıq və polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası verilmişdi. 

Suraxanı Rayon Məhkəməsinin qərarında iddia olunub ki, o, küçədə söyüş söyüb, polislər onu intizama dəvət etsələr də, tabe olmayıb. 

Bu səbəbdən saxlanılıb və 32-ci bölməyə gətirilib.

İctimai fəal həbsdən çıxandan sonra açıqlamasında bildirmişdi ki, onu küçədə saxlamayıblar, zəng eləyib 32-ci polis bölməsinə çağırıblar. 

Həmin çağırış əsasında da o, bölməyə gedib. 

Orada isə bildirilib ki, sosial media hesabında Prezidenti tənqid etdiyinə görə həbsə göndəriləcək.

İctimai fəal həmçinin 32-ci polis bölməsində qeyri-insani rəftara məruz qaldığını bildirmişdi. 

Bu müsahibədən bir neçə gün sonra – dekabrın 13-də isə o, yenidən saxlanıldı. Bu dəfə isə barəsində cinayət işi başlanılaraq, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə) maddəsilə ittiham irəli sürülüb. 

O, ictimai fəaliyyətinə, tənqidi fikirlərinə görə şərlənərək həbs olunduğunu deyir.

Hazırda onlarla ictimai-siyasi fəal narkotik ittihamı ilə həbsdədir. 

Onların arasında “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının 3 üzvü də var. 

Onlar bu ittihamı rədd edir, işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərlənərək həbs olunduqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə onların konkret faktlar əsasında saxlandığını iddia edir.

Ana səhifəXəbərlərİctimai fəal öz məhkəməsində zorakılığa məruz qaldı