Təqsirləndirilən şəxslə vəkili şahidin iştirakında israrlıdır
Özünü video-bloger kimi təqdim edən Ata Abdullayevin məhkəməsinə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov məcburi gətiriləcək. Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar çıxarılıb.
Şahlar Həsənov Ata Abdullayevin işi üzrə zərərçəkmiş qismində tanınan 4 nəfərdən biridir. Digər 3 nəfər məhkəmədə dindirilsə də, Şahlar Həsənov məhkəməyə teleqram göndərərək, səhhətində problem olduğunu, bu səbəbdən gələ bilmədiyini göstərib. O, teleqramda istintaqa verdiyi ifadəni təsdiqlədiyini qeyd edib.
Lakin Ata Abdullayev və vəkili onun məhkəməyə gəlib ifadə verməsində israrlıdır. Noyabrın 16-da məhkəmədə vəkil vəsatət qaldırıb ki, icra nümayəndəsinin məcburi gətirilməsi haqda qərar qəbul edilsin. Məhkəmə də bu vəsatəti təmin edib.
İttihama əsasən, Ata Abdullayev Şahlar Həsənovdan isə 6000 manat pul istəyib. O, icra nümayəndəsini Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Şahid Ziya Məmmədov da məhkəməyə teleqram göndərib ki, biznes işlərilə əlaqədar xarici ölkəyə gedir, bu səbəbdən məhkəməyə gələ bilməyəcək. O, biletin surətini də məhkəməyə göndərib. İstintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirən Ziya Məmmədovun həmin ifadəsi məhkəmədə elan edilib. Şahid ifadəsində deyib ki, Ata Abdullayev onun dostu – Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən, Avropa Oyunları, “Formula-1” kimi yarışlarla bağlı yaradılan Əməliyyat Komitəsinin mühasibi vəzifəsində çalışmış Elmar Əliyevdən əvvəl pul istəyib: “Mənə zəng eləyib dedi ki, guya Elmar kimisə aldadıb, şirkətin mebellərini satıb və s. Dedim ki, Elmar əxlaqlı adamdır. Elmar istəmirdi ki, Ata Abdullayev onu rüsvay eləsin. Soruşanda ki, nə istəyirsən, dedi ki, bu məsələ 5-10 minə həll olunan deyil. Elmar dedi ki, 3-4 min verə bilər. Ata Abdullayev sonra mənə zəng eləyib bildirdi ki, sənə görə pul istəmirəm, 1 dənə “iPhone 11Pro Max” versin. O da telefonu aldırıb, dostu Elgiz vasitəsilə çatdırdı”.
Ata Abdullayevin vəkili bu ifadə ilə kifayətlənmədiklərini, şahidin çağrılıb dindirilməsini istəyib.
Ata Abdullayevin sonradan həmin telefonu satdığı mağazanın işçisi Siyavuş Kərimov məhkəmədə şahid qismində ifadə verib. O bildirib ki, Ata Abdullayevlə uzun müddətdir dostluğu var: “O, telefonlarını dəyişəndə bizim dükanda eləyirdi. Dükanda hərə bir işə baxır, telefon məsələsinə də Azər Abbasov baxır. Ata Abdullayev həmişə “iPhone” işlədirdi. Telefonlarını 2-3 ildən bir dəyişirdi. Axırıncı dəfə öz telefonunun şüşəsi sınmışdı, onu dəyişməyə gələndə bir telefon da satmağa gətirmişdi. Ya “iPhone 11” idi, ya da “iPhone 12”. Azər aldı, qonşu dükana satdı sonra”.
Ata Abdullayevin məhkəməsi noyabrın 30-da davam edəcək.
Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.
O, bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.