Göyçay sakini: ”Müstəntiq sənədə baxdı, dedi ki, saxtadır, aldadılmısan”
“2017-ci ildə Göyçayın icra başçısı şəhərdə abadlıq işləri aparmaq qərarına gəldi. Mənim də yolun kənarında bir balaca təmir sexim var idi. Fevralın 17-də gəldilər ki, bu yer şəhərin mənzərəsini korlayır, sökülməlidir. Nə qədər etməyin, eyləməyin desəm də, işə yaramadı”.
Göyçay sakini Seymur Azadov belə deyir. Bildirir ki, ona bu kiçik sexi yaxın dostu verib. Ailəsini dolandırmaq üçün burada çalışıb. Şəhəri abadlaşdırmaq qərarı verilənədək belə də edirmiş:
“İşləyib, ailəmi dolandırırdım. Şükür, pis-yaxşı yaşayırdıq. Ta ki, icra hakimiyyətinin nümayəndələri gələnədək. Mənə dedilər ki, ya buranı müasir standartlara uyğun şəkildə tik, ya da çıx get. Anlamıram, təmir əmrini mən verməmişəm, təmir etdirmək qərarına mən gəlməmişəm. Niyə mən təmir etdirməliyəm? Uzun sözün qısası, pulum olmadığı üçün təmir etdirə bilmədim. Nəticədə verdilər traktorun ağzına. Yerlə bir etdilər”.
İcra Hakimiyyəti məndən 5 min alıb saxta sənədlə obyekt satıb
S. Azadov deyir ki, bundan sonra yazmadığı yer, müraciət etmədiyi idarə qalmayıb:
“Hər yerə yazıb, seximi sökdükləri üçün məni yeni bir yerlə təmin etmələrini istəyirdim. Sonda məni Göyçay Rayon İcra Hakimiyyətinə dəvət etdilər. Memarlıq şöbəsində dedilər ki, həmin yerə yaxın bir obyekt var, normal vəziyyətdədir. 5 min manat ver, həmin obyekti verək sənə. Sex kimi işlət, sən də razı, biz də. Nə isə 5 min manatımı aldılar. Elə təzəcə yığışıb, işə başlamışdım ki, bir nəfər gəldi. Dedi, bu yer mənimdir. Sənə kim verib? Yeri pulla aldığımı desəm də, dinləmədi, obyektin sənədli-sübutlu ona aid olduğunu söylədi. Bir sözlə, anladım ki, aldadılmışam”.
Müstəntiq sənədə baxdı, dedi ki, saxtadır, aldadılmısan
Seymur Azadov deyir ki, pulu Göyçay Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində ödəyib və sənəd alıb. Ancaq indi məlum olub ki, həmin sənəd saxtadır:
“Bugünədək müraciət etmədiyim yer qalmayıb, ancaq şikayətimə baxan yoxdur. 8-9 aydır ki, qalmışam çöldə. Nə pulumu qaytarır, nə də bir yer verirlər. Polisə, prokurorluğa da müraciət etmişəm. Preziden İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm, cavab almamışam. Müstəntiq sənədə baxdı, dedi ki, saxtadır, aldadılmısan. Deyir, deməyinə, ancaq nəsə tədbir görmür. Sübut, sənəd olsa da, işə baxan yoxdur. Çünki məni aldadanlar elə belə insanlar deyil axı. Hamısı icra hakimiyyətində oturublar”.
Bilmirəm, ailəmi necə dolandırım
Seymur Azadov aylardır işləmir. Nəticədə ailəsini dolandırmaqda çətinlik çəkir. Deyir, tək gəlir, qazanc yeri avtomobil təmiri sexi olub:
“Onu da tutub aldılar əlimdən. Aylardır qalmışam işsiz. 9 nəfərlik ailəmi dolandıra bilmirəm. Himayəmdə 4 nəfər azyaşlı uşaq da var. Valideynlərim əlildir, qardaşım işsiz, maddi imkanımız olmadığından heç evlənə də bilmir. Kasıb adamam, həmin 5 min manatı bilirsiniz nə zorluqla toplamışdım? Onu da verdim, əlimdən çıxdı. İndi bilmirəm, ailəmi necə dolandırım. Qalmışam pis durumda”.
Vətəndaş aldadılıbsa, hüquq-mühafizə orqanlarına müraciət etsin
Göyçay Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirdilər ki, onlarda bu barədə məlumat yoxdur:
“Əgər həqiqətən də vətəndaş aldadılıbsa, hüquq-mühafizə orqanlarına müraciət etsin. Desin ki, məndən rüşvət alıblar. Onlar da araşdırsınlar. Yox, vətəndaşın İcra Hakimiyyətinə sözü varsa, o zaman gəlsin, biz araşdıraq, yox, polisə müraciət etmək istəyirsə, etsin, onlar araşdırsın. Ancaq bizdə belə bir məlumat yoxdur”.