”İndi kənd camaatı da mədəniləşib, adi yolu bəyənmirlər, hamı istəyir asfalt yolda gedib-gəlsin”
“Dədə-babalarımız yol arzulaya-arzulaya dünyadan köçdülər. Biz elə olmaq istəmədik. Dövlətdən ümidimizi kəsdik, özümüz pul yığıb, yol çəkdik. Ancaq bu, kifayət etmədi. Bir neçə il sonra yenə çökdü. Yol mədəniyyət, təhsil deməkdir. Yolu olmayan kəndin başqa inkişafından danışmaq olmur”.
Kürdəmirin Ərəbqubalı kəndinin sakini Qeys Məmmədovun sözləridir. Ərəbqubalı kəndi Kürdəmirin mərkəzindən 45 kilometr məsafədə yerləşir, ən ucqar kəndlərindən sayılır. Sakinləri kəndin yol problemlərindən təngə gəlib. Ancaq problemlərinin bununla bitmədiyini deyirlər. Kəndin tibb məntəqəsi, məktəbi də yoxdur.
Həm maddi, həm mənəvi zülmdəyik
“Peşmandı biri xəstələnə, kənddə tibb məntəqəsi də yoxdur. Məcburuq aparaq rayon xəstəxanasına. Onda da bir dərd başlayır, yolumuz yoxdur. Bəlkə birini heç tərpətmək olmaz. Yol elə vəziyyətdədir ki, maşının içində adamın başı tavana dəyib, düşür. Gündəlik bu yoldan istifadə edənlər var. Həm maddi, həm mənəvi zülmdəyik”, – sakinlərdən Sahib Musayev belə deyir.
Prezident
İlham Əliyev çıxışlarının birində yol infrastrukturuna görə Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdə olduğunu söyləyib:
“Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır”.
Bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır
Prezident bu gün yüzlərlə kəndə yol çəkildiyini də söyləyib:
“Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır”.
Çınqılla daşla yol çəkdik kəndə
Kənd sakini Sahib Musayev deyir ki, bu inkişaf onlardan yan keçib. Nədənsə televiziyalarda göstərilən Azərbaycan onlara çox yad gəlir:
“Bizə doğma gələn çəkdiyimiz zülmdür. Məsələn, harada bir dağılmış yol, körpü, bərbad vəziyyətdə yaşayan insanlar görürük, deyirik, hə, bunlar bizə oxşayır. Biz dövlət qayğısından uzaq, öz vəsaitimiz hesabına kəndimizə yol çəkən insanlarıq. 2003-cü ildə elə sevinirdik ki. Dedik yəqin bir ömür gedəcək. Çınqılla daşla yol çəkdik kəndə. Onunla nə yol olacaqdı? Baxın, yenə bərbad gündəyik”.
Qışda palçıq, yayda da toz-torpaq olur
Kənd sakinlərindən İkram Əsgərovun həyat yoldaşı dializ xəstəliyindən əziyyət çəkir. Deyir, kənddə müalicəsi üçün şərait yoxdur. Məcburdur həftədə azı 3 dəfə rayon xəstəxanasına apara. O da ki, xəstə üçün çətindir:
“Həm yol bərbaddır, həm də buna görə yolhaqqı bahadır. Dializ xəstələrinin durumu onsuz da ağırdır. Dövlət bir yardım edəndə, ikisini özümüz edirik. Bundan əlimizi üzmüşük, barı yolu düzəltsinlər. Xəstəmizi normal yolla aparıb-gətirək. Onsuz da ağrıyır, əziyyət çəkir, bir tərəfdən də yolda atılıb-düşür, evə güclə çatdırıram. Hər dəfə gələndə halı birə beş pisləşir. Qışda palçıq, yayda da toz-torpaq olur”.
İkram Əsgərov kəndin girəcəyindəki körpüdən də qorxur. Deyir, yaman gündədir, bir gün Göyçaydakı körpü kimi uçub-dağılacaq:
“Körpünün uçması faciə ilə nəticələnə bilər. Üstəlik, körpü uçsa, 3 kəndin hamısının rayon mərkəzi ilə əlaqəsi kəsiləcək. Yayda həmin dərədə üzürük, görürük də, altı bərbad gündədir. Biz bilirik uçuğu, söküyü hansı tərəfdədir. Bilməyən, gələn qonaqlar üçün qorxuruq”.
Nə prezident, nə bələdiyyə, nə də millət vəkili seçkilərində qapımızı döyən olub
Sahib Musayev deyir ki, problemləri ilə bağlı indiyədək Kürdəmir Rayon İcra Hakimiyyətinə, Nəqliyyat Nazirliyinə müraciət ediblər. Ancaq müsbət cavab ala bilməyiblər:
“Əlimiz hər yerdən üzüləndən sonra deputat Rafael Hüseynova müraciət etdik. O da bizim adımızdan Nazirlər Kabinetinə yazıb. Yenə bir cavab ala bilməmişik.
Nə prezident, nə bələdiyyə, nə də millət vəkili seçkilərində qapımızı döyən olub. Bircə dəfə Əhliman Əmiraslanov gəlib. O da sosial problemlərimizlə maraqlanmayıb”.
Biz o vaxta qədər də əziyyət çəkməliyik?
Rəfi Aslanov kəndlə rayon mərkəzi arasında sürücülük edir. 10-12 nəfərlik tutumu olan marşurt sürür. Deyir, bəzən bu yolu gün ərzində 4-5 dəfə gedib-gəlməli olur:
“50 qəpiklik yoldu, camaatı 4 manat aparıram. Çünki maşın hər həftə təmirdədir. Çatdıra, dolana bilmirəm. Halbuki, yaxşı yol olsa, mən də öz kəndimin camaatını baha qiymətə aparmaram. Apararam 50 qəpiyə, onlar da sevinər, mən də rahat olaram”.
Kənd müəllimi Qeys Məmmədov deyir ki, nəhayət, ötən ay ilk dəfə Milli Məclisdən məktublarına cavab ala biliblər:
“Yazıblar ki, sizin müraciətə “Azəraftoyol” ASC-də baxılıb. Kəndlərin yollarının 2019-2020-ci illərin dövlət investisiya proqramına daxil edilməsi barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdimat göndərmişik. Qəbul edilsə, 2019-2020-ci ildə kəndinizə yol çəkiləcək. Axı çox gecdir. Biz o vaxta qədər də əziyyət çəkməliyik? Prezident ayrı vaxt özülü olmayan yollar çəkdirir. Burada bünövrə var, özü də 3 kəndi əhatə edir. Nolar buna bir az tez baxılsın”.
3 kəndə düşən bir məktəbdir
Kənddə məktəb də yoxdur. Qeys Məmmədov deyir ki, buradakı 3 kəndə cəmi bir məktəb düşür. Həmzəli-Məhərrəmli, Ərəbqubalı kəndinin uşaqları da Çöl Qubalı kəndindəki məktəbə gedirlər. Onun da evlə məsafəsi 7-8 kilometrdir. Nəticədə, vaxt itkisi yaranır:
“Hava soyuq, yollar palçıqlı olanda isə ümumiyyətlə, məktəbə gedə bilmirlər. Yol yox, iz yox, körpə uşaqlardır, necə getsinlər? Çox acınacaqlı durumdayıq. Çöl Qubalı kəndindəki məktəb isə 1965-70 ci illərdə tikilib. O da bərbad durumdadır, təmirə ehtiyacı var. 3 kəndə düşən bir məktəbdir, o da belə. Düzdür, inzibati ərazi olaraq bir nümayəndəliyimiz var. Ancaq bu boyda əraziyə azı 2 məktəb olmalıdır”.
Deyirlər, Azərbaycan iqtisadiyyatının analoqu yoxdur
Rəfi Aslanov deyir ki, bu boyda problemlərin qarşısında Azərbaycan iqtisadiyyatının analoqunun olmadığını söyləyirlər. O, bu sözə bir az da əsəbiləşdiyini söyləyir:
“Niyə qıcıqlanıram? Çünki bu inkişafı ən çox mən görürəm, mən gedib-gəlirəm. Hanı o analoqsuz iqtisadiyyat ki, biz qayğıdan, diqqətdən kənarda qalmışıq? Baxın, maşınımda 10 kisə un var. Təsəvvür edin, sürücülükdən əlavə, camaata un, qənd, şəkər də daşıyıram. Çünki adamlar evlərindən çıxıb un ala bilmirlər. Elə mən hər gün getdiyim üçün kənd camaatının bazarlığını da edib gətirirəm. Yol uzaq, narahat, baha, gedə bilmirlər. Mənim əlimdən onları ucuz aparmaq gəlmir, ən azı bazarlıqlarını etməklə təskinlik tapıram”.
İndi kənd camaatı da mədəniləşib
Meydan TV kəndin problemləri ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İnqilab Məmmədov deyib ki, o kənddən yolla bağlı hər hansı bir şikayət almayıblar.
“Bilirsiniz, bir çox kənd yolları problemlidir. Biz onların hamısı ilə bağlı Bakıya məlumat vemişik. Onlar bu yolların hamısını bir ilin içində düzəldə bilmirlər. Təmir işləri hissə-hissə həyata keçirilir. Məsələn, bu yaxınlarda Kürdəmirin Pirili kəndinə yol çəkiləcək. Ondan sonra Ərəbqubalı kəndi ilə bağlı müraciət edərik. Növbəti illərdə onu da düzəldərlər. Yol böyük məbləğdə vəsait tələb edən işdir. İcra Hakimiyyətinin o qədər vəsaiti hardandı? Gərək dövlət səviyyəsində baxıla. Biz müraciət edəcəyik. Bir az dözsünlər. İndi kənd camaatı da mədəniləşib, adi yolu bəyənmirlər, hamı istəyir asfalt yolda gedib-gəlsin. Elə bil ata-babaları da “Mercedes”də gedib-gəlirmiş”.
Kəndin məktəbinin və tibb məntəqəsinin olmamasına gəlincə, İnqilab Məmmədov deyir ki, kənddə məktəb var. Yəqin onlar da başqa yerlərdəki müasir tipli məktəblərdən istəyirlər:
“Axı son illər bir çox bölgələrdə, kəndlərdə yeni məktəblər tikildi. Onlar da istəyirlər. Biz hər il müraciət edirik. Bu il rayonun 7 kəndində yeni məktəb binası tikiləcək. Sıra ilə, hamısını birdən etmək mümkün deyil. Əsas odur ki, işlər gedir”.