“İcra hakimiyyətində adamım olsaydı, uşağıma bağçalarda yer tapardım”

Uşaq bağçası, Foto: Zərdab Rayon İcra Hakimiyyəti

Valideyn uşağını bağçaların rus bölməsinə yerləşdirə bilmir

“Uşağımı özəl bağçaya qoymağa maddi imkanım yoxdur. Dövlət bağçalarında da yer qıtlığını bəhanə edirlər. Bakı Şəhər İcra Hakimiyyətində adamım olsaydı, onun əli ilə pulu verib, rahatlıqla yer tapacaqdım”.

Bakı sakini Afət Əlipaşayeva Meydan TV-yə belə deyir.

Bildirir ki, dörd yaşlı qızına bağça tapmaqda çətinlik çəkir. Dediyinə görə, yaşadığı əraziyə yaxın olan 181 saylı uşaq bağçasına müraciət etsə də, müdriyyət uşağı rus bölməsinə yerləşdirməkdən imtina edib:

“Özəl bağçalar çox bahadır, ayda 300 manat verməyə imkanımız çatmır. Uşağın iki yaşı olanda dövlət bağçalarından birinin müdirinə 300 manat verib ora yerləşdirdim. Sonradan evi dəyişdik, həmin bağça uzaq olduğu üçün uşağı yaxınlığımızdakı digər dövlət bağçasına köçürdülər. Həmin vaxt müdirə 150 manat pul verdim. Üstəlik, hər ay da əlavə pul verirdim ki, bağçada tərbiyəçilər uşağın üzünə xoş baxsınlar. Pandemiya ilə əlqədar bağça bağlananda pulun 100 manatını geri ala bildim. Hazırda uşağı 181 saylı uşaq bağçasına qoymaq istəyirəm. Zəng etdim, dedilər ki, iki ildir rus bölməsinə qəbul dayandırılıb. Soruşdum ki, bölmə ləğv olunub? Sualıma cavab vermədilər”.

Hazırda Bakıda 341 uşaq bağçası fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bağçalarda 2 min 152 qrupda 40 min 634 uşaq tərbiyə alır. Pandemiya ilə əlaqədar uşaq bağçalarına qəbul 20 nəfərə qədər nəzərdə tutulub.

Təhsil eksperti Kamran Əsədov Meydan TV-yə açıqlamasında deyir ki, bu kimi problemlərlə üzləşməmək üçün uşaqların bağçaya qəbulu prosesi elektron qaydada aparılmalıdır:

Kamran Əsədov, Foto: Sputnik.az

“Bütün bağçalarda uşaq qəbulu zamanı ciddi qanun pozuntusuna yol verilir. Yəni valideynlər hər hansı bir dövlət bağçasına yaxınlaşır, pulunu verib, qəbulunu alır. Hesab edirəm ki, uşaqların bağçaya qəbulu elektron qaydada həyata keçirilməlidir”.

Rus dilinə gəlincə, ekspert deyir ki, 2017-ci ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” qanunda yalnız Azərbaycan dilində xidmətin göstərilməsi nəzərdə tutulub:

“Bəzi məktəbəqədər təhsil müəssisələri valideynlərin istəyini nəzərə alaraq, bu bölmə üzrə təhsili həyata keçirirlər. Hazırda rus bölməsində təhsilə meyillilik çoxdur. Bir çoxu düşünür ki, Azərbaycan dilində təhsilin keyfiyyəti aşağıdır. Rus bölməsində də eyni təhsil sistemi və dərsliklərdir. Rus bölməsi üzrə yuxarı siniflərdə isə ümumiyyətlə, müəllim tapmaq mümkün deyil”.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən Meydan TV-yə bildirilib ki, 2021-ci il avqustun 2-dən etibarən paytaxtın Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçirilir. Valideynlər “bakibagcayaqebul.edu.az” saytına daxil olmaqla uşaqlarını qeydiyyatdan keçirə bilərlər.

Bu qayda hələ ki Nizami rayonu ərazisində yerləşən dövlət bağçaları üçün keçərlidir.

181 saylı bağçanın müdiri Səadət Hümbətova Meydan TV-yə bildirib ki, məktəbəqədər təhsil müəssisəsində hazırda iki rus bölməsi fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar həmin qruplara 20 uşaqdan artıq götürmək mümkün deyil:

“İyirmi birinci gəlir ki, mənim uşağımı da götürün. Deyirəm ki, Azərbaycan bölməsinə götürək, razı olmur. Soruşuram ki, ay xanım, rus dilində bilirsən? Cavab verir ki, yox. İkinci sualı verirəm ki, bəs yaxşı, onda niyə uşağı rus bölməsinə qoymaq istəyirsən? Cavab verir ki, uşağımın rusdilli olmağını istəyirəm. Bizim problemimiz budur. Halbuki Azərbaycan bölməsi rusdan qat-qat yaxşıdır. Gələn ildən rus bölmələrini təxirə salacağıq. Bütün qrupları Azərbaycan bölməsi edəcəyik. Öz dilini mükəmməl öyrənən uşaq gələcəkdə rus dilinə də yiyələnəcək.

Uşaqların qeydiyyat prosesi isə bir il ərzində yanvar ayından may ayına kimi aparılır. Mayda isə qəbul prosesinə başlayırıq”.

Hazırda Bakı özəl bağçaların sayı 63-dür. Meydan TV əməkdaşı mərkəz və kənarda yerləşən bir neçə özəl bağça ilə əlaqə saxlayaraq qiymətlərlə maraqlanıb.

Məlum olub ki, şəhərin mərkəzinə yaxın ərazilərdə yerləşən özəl bağçalarda qiymətlər 350-400 manatdır.

Kənardakı özəl bağçalarda aylıq qiymət 160-250 manat arasında dəyişir. Əksər bağçalarda qiymətlərə servis xidməti daxil deyil. Uşağını bağçaya servislə göndərmək istəyən valideyn əlavə 50-100 manat ödəməlidir.
Bağçalarda bir ailədən iki uşaq gəldiyi halda 50 manat güzəşt ediləcəyi bildirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən Meydan TV-yə bildirilib ki, hazırda 181 saylı uşaq bağçasında rus bölməsi üzrə boş yer yoxdur. Qurum valideynə uşağını Azərbaycan bölməsinə qoymağı məsləhət görür.

Bakı Şəhər İcra Hakimiyyəti, Foto: Azərtac

Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi dövlət bağçalarına uşaqların pulla qəbul edilməsi ilə bağlı iddiaları da cavablandırıb. Bildirilib ki, icra hakimiyyətinin tabeliyində olan bağçalar tam ödənişsiz, dövlət hesabına fəaliyyət göstərir. Əgər hər hansı bir şikayət daxil olarsa, baxılır, lazımi tədbirlər görülür.

Prezident İlham Əliyevin 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərini yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib.

Azərbaycanda koronavirus pandemiyasi ilə əlaqədar 2020-ci il martın 24-dən ümumtəhsil müəssisələrinin fəaliyyəti dayandırlıb.

2021-ci il 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində (bağça) də tədris bərpa olunub.

Ana səhifəSosial“İcra hakimiyyətində adamım olsaydı, uşağıma bağçalarda yer tapardım”