İcra hakimiyyəti vətəndaşın hasarını və evini sökə bilərmi?

Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaşa məxsus torpağın hasarını sökdüyü bildirilir. 

Vətəndaş Elnur Əhmədov deyir ki, iki il əvvək Binəqədi rayonunda aldığı 5 sot torpağı hasara almaq qərarına gəlib. 

“Martın sonunda icra hakimiyyətinin əməkdaşları mənə bunu qadağa etmək istədilər və məndən 1500 manat pul ödəməyimi tələb etdilər. İmkanım olmadığı üçün 500 manat ödəyə biləcəyimi bildirdim. Amma buna razılaşmadılar”. 

Şikayətçinin sözlərinə görə, belə olan təqdirdə məmurlar hasarı sökəcəklərini deyiblər. İyunda hasarlama işi başa çatıb. Bir neçə gün sonra isə hasarı söküb yararsız hala salıblar. 

Vətəndaş vurğulayıb ki, bununla bağlı aidiyyəti qurumlara şikayət edib və ona dəyən zərərin ödəməsini tələb edib. 

“Mənə təxminən 2500 manat zərər dəyib”. 

Elnur Əliyevin sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev onu qəbul edib və hasarın sökülməsindən xəbərsiz olduğunu deyib.

E.Əliyev bildirib ki, onun hasarı çəkməyə icazə verən bütün sənədləri var:

“Bələdiyyə sənədləri və məhkəmə qərarı var. Məhkəmə qərarında deyilir ki, 5 sot daş hasarda torpaq sahəsi. Bu torpaq əvvəl də daş hasarda olub və məhkəmə qərarı bunu təsdiq edir”. 

Hüquqşunas Şamil Paşayevin Meydan TV-yə dediyinə görə, vətəndaşlar nəzərə almalıdır ki, olnlar yalnız məlumatlandırma icraatı ilə özünə məxsus, təyinatı kənd təsərrüfatı olmayan torpaqda ev tikə bilər. 

“Onlar 12 metr hündürlüyündə  üçmərtəbəli ev tikə bilərlər. Bununla bağlı icra hakimiyyətinə evin layihəsini və torpaq sənədlərini göndərməlidirlər. İcra hakimiyyətindən də imtina gəlməsə, vətəndaş ev tikə bilər”. 

Şamil Paşayevin sözlərinə görə, əgər 10 gün ərzində icra hakimiyyətindən hər hansı irad gələrsə, vətəndaş layihədə həmin məqamları dəyişib evini rahat şəkildə tikə bilər. 

Hüquqşünas qeyd edib ki, evin hasarını tikmək üçün isə ümumiyyətlə icazə almağa lüzum yoxdur: 

“Torpaq onun mülkiyyətindədirsə, 2,2 metr hündürlüyə qədər icra hakimiyyətindən və başqa hər hansı qurumdan icazə almadan hasarı tikə bilər”. 

Şamil Paşayev deyir ki, icra hakimiyyətinin həmin hasarı sökməsi tamamilə əsassız və qanunsuzdur: 

“İcra hakimiyyətinin söküntünü aparması ilə bağlı səlahiyyəti yoxdur”.

Binəqədi Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirmək istəməyiblər.

Ana səhifəVideoİcra hakimiyyəti vətəndaşın hasarını və evini sökə bilərmi?