İcra başçısının oğlunu öldürməkdə təqsirləndirilən şəxsin aclıq etdiyi bildirilir

Onun sözlərinə görə, V.Əliyevin təzyiqlərə məruz qalmasının əsas səbəbi onun həbsxanada baş verən haqsızlıqlara göz yummaması, etiraz etməsidir.

Source: google.az


“Vüqarın bütün gəncliyini məhv etdilər, həbsxanada da rahat qalmasına imkan vermədilər”

1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayonunun icra başçısı, daha sonra Kənd Təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunu öldürməkdə ittiham olunaraq, ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevin həbsxanada aclıq etdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun anası Məlahət İsmayılova məlumat verərək bildirib ki, saxlandığı Qobustan həbsxanasının rəhbərliyi oğlunu incidir.

Onun sözlərinə görə, üzləşdiyi təzyiqlərlə əlaqədar V.Əliyev həbsxana rəhbərliyini məhkəməyə də verib:

“Amma məhkəmə işə ədalətli baxmadı. Necə ki, əvvəldən bu işdə Aslan Aslanovun sifarişilə qərəzli hökm verildi, sonra da elə davam etdi. Bütün Şəmkir bilir ki, o hadisə hansı səbəbdən baş verib. Lamiyə Quliyeva özü də məhkəmədə açıq şəkildə dedi ki, namusuma toxunmuşdu, ona görə elədim. Amma sifariş gəlmişdi ki, bu məsələ ört-basdır edilsin. Ona görə də adını qoydular ki, guya torpaq sahəsinə görə Vüqar icra başçısının oğlunu öldürüb. Bu qədər ağ yalan. Sifariş vardı deyə, ömürlük hökm çıxardılar. Bununla ürəkləri soyumadı, Vüqarın bütün gəncliyini məhv etdilər, həbsxanada da rahat qalmasına imkan vermədilər”.

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar Qobustandakı qapalı tipli həbsxanada saxlanılır. M.İsmayılovanın sözlərinə görə, oğlu zaman-zaman həbsxanada işgəncələrə məruz qalıb, ailə üzvlərilə əlaqə hüququ məhdudlaşdırılıb. V.Əliyev özü də bugünlərdə Prezident Administrasiyası, Ədliyyə Nazirliyi, Ombudsman Aparatına ünvanladığı şikayət məktubunda bu barədə yazıb.

“İki ay əvvəl Vüqarın övladı dünyaya gəlib. Hamımız insanıq, 18-ci ildir ki, həbsdə olan bir insan üçün övladının dünyaya gəlişinin nə olduğunu təsəvvür etmək çətin deyil. Belə bir vəziyyətdə onun telefon danışıqlarını məhdudlaşdırıblar, ailəsindən xəbər bilməyə imkan vermirlər. Ona görə də Vüqar günlərdir aclıq edir”, – M.İsmayılova bildirib.

Onun sözlərinə görə, V.Əliyevin təzyiqlərə məruz qalmasının əsas səbəbi onun həbsxanada baş verən haqsızlıqlara göz yummaması, etiraz etməsidir.

Penitensiar Xidmət isə məhkumların işgəncəyə məruz qalması, ailə üzvlərilə əlaqə hüquqlarının məhdudlaşdırılması barədə deyilənləri təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, məhkumlar arasında fərq qoyulmadan, onların hamısının hüquqları qanuna uyğun şəkildə təmin olunur.

Mərhum nazir müavini və icra başçısının oğlu Ruslan Aslanov 2003-cü ilin mayında qətlə yetirilib. Bu hadisəyə görə Vüqar Əliyev və o zaman nişanlısı olan Lamiyə Quliyeva həbs olunub. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrum edilib. Hadisə vaxtı L.Quliyeva 16 yaşına çatmamışdı. Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz.

L.Quliyevanın cəzası sonradan müxtəlif əsaslarla 2 dəfə uzadılsa da, o, 2016-cı ildə həbsdə övladı dünyaya gələndən sonra azadlığa buraxıldı.

Ana səhifəSosialİcra başçısının oğlunu öldürməkdə təqsirləndirilən şəxsin aclıq etdiyi bildirilir