İlham Əsgərli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək
İyunun 29-da Bakı Apellyasiya Məhkəməsində Səbail rayonunun icra başçısı Asif Əsgərovun 17 yaşlı oğlu Ilham Əsgərlinin cəzası 3 ilə endirilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ötən ilin sentyabrın 27-də İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500″ Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.
“Mc Donalds’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası üzrə məhkəmə prosesi may ayında yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, Ilham Əsgərli 5 il 6 ay, onunla birlikdə mühakimə olunan, yük maşınının sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların hər ikisi məhkəmə zalında həbs olunmuşdular.
Əhliman Süleymanovun vəkili Ilqar Musayev hökmü qanunsuz və ədalətsiz adlandırmışdı: “Hətta günahı olsaydı belə, Əhliman Süleymanova 4 il 6 aydan artıq cəza verilə bilməzdi. Bu, qanunun tələbidir. Ona ittiham verilən 263.2-ci maddənin sanksiyasında 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulub. Bu qədər yüngülləşdirici hal varkən niyə ən yuxarı həddi verdilər? Deməli, ortada başqa məqsəd var. Ilham Əsgərlinin ittiham olunduğu maddənin sanksiyasında isə 5 ildən 8 ilə qədərdir. Ona isə ən aşağı həddən cəmi 6 ay çox verdilər. Bu, ayrı-seçkilik deyilmi?”.
Əhliman Süleymanovun atası Qəhrəman Süleymanov Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı Meydan TV-yə deyib kİ, onlar bu barədə məlumatlıdır: “Ancaq hara şikayət edək ki, bizi eşitsinlər?! Ümidimiz Allahadır, görək başımıza nə gəlir. Oğlum Əhlimanın 2 azyaşlı övladı var və qəzanı törətmədiyindən ona ümumiyyətlə, cəza düşmürdü. Yüngülləşdirici halın heç biri nəzərə alınmadı”.
Meydan TV bu barədə məlumatı Bakı Apelyasiya Məhkəməsindən əldə edib.