İcra başçısının müavini işdən çıxarılandan sonra cinayət məsuliyyətinə cəlb edildi

Foto: Gədəbəy Rayon İcra Hakimiyyəti

12 il icra başçısının müavini işləmiş Vəfa Allahverdiyeva indi dələduzluqda ittiham olunur

Vəfa Allahverdiyeva 51 min manatlıq dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxarılır, özünü təqsirli bilmir.

2012-ci ilin sentyabrından 2024-cü ilin avqustuna qədər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Vəfa Allahverdiyeva bir ay əvvəl cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Keçmiş icra başçısının müavini həbs edilməsə də, barəsində polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə onunla bağlı məhkəmə prosesi başlayacaq. O, daha bir nəfərlə birlikdə mühakimə olunacaq.

1978-ci il təvəllüdlü Vəfa Allahverdiyeva tanışı, uzun müddətdir dələduzluğa görə həbsdə olan Təranə Bağırova ilə əlbirlikdə təqsirləndirilir. İttihama görə, onlar 2021-ci ildə əlbir olub, Gədəbəy sakini Cavanşir Məmmədəliyevi rayonun təhsil şöbəsinin müdiri təyin etdirmək adı ilə aldadıb, onun 51 min manat pulunu alıblar.

Cinayət işi 2024-cü ilin aprelində başlasa da, icraat bir neçə dəfə dayandırılıb. Vəfa Allahverdiyeva avqustun 22-də icra başçısının müavini vəzifəsindən azad ediləndən bir həftə sonra yenidən təzələnib. İki gün sonra – sentyabrın 2-də isə Vəfa Allahverdiyeva təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona qarşı ittiham irəli sürülüb.

İttihama əsasən, Cavanşir Məmmədəliyevin Gədəbəy rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunması məsələsini Təranə Bağırova Təhsil Nazirliyində işləyən tanışları vasitəsilə həll etməliydi. Hər halda, Cavanşir Məmmədəliyev və onun oğlu Sərxan Məmmədəliyevə belə demişdilər.

İttihama görə, ata və oğul ilk dəfə Bakıda – “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Tonqal” restoranında Təranə Bağırovaya 40 min manat pul verib. Həmin görüşə 2021-ci ildə onlar Gədəbəydən icra başçısının müavini ilə birlikdə gəliblər. Restoranda görüşdə də 4 nəfər olublar.

Zərərçəkmiş tərəfin ifadəsinə görə, bir ay sonra Təranə Bağırova onlardan daha 10 min manat alıb. Əlavə 1000 manatı isə oğlu Sərxan Təranə Bağırovanın bank kartına köçürüb.

Təranə Bağırova bu pulları aldığını inkar etmir. O, istintaqa ifadəsində bildirib ki, “Tonqal”da aldığı 40 min manatın 10 min manatını Vəfa Allahverdiyevaya verib. Qalanını isə özü xərcləyib. Cavanşir Məmmədəliyevi vəzifəyə təyin etdirmək üçün vasitəçi tapmağa çalışsa da, alınmayıb.

İcra başçısının müavini ilə əlaqəsinə gəlincə, o bildirib ki, Vəfa Allahverdiyevanın keçmiş əri onun qonşusu idi. Onu da bu yolla tanıyıb. Günlərin birində Vəfa Allahverdiyeva ona deyib ki, bir tanışı təhsil şöbəsinin müdiri olmaq istəyir, onu bu vəzifəyə təyin etdirə biləcək tanışı varmı?

Vəfa Allahverdiyeva Cavanşir və Sərxan Məmmədəliyevləri Təranə Bağırova ilə tanış etdiyini təsdiqləyir. Lakin verilən puldan ona 10 min manat çatması haqda deyilənləri qəbul etmir. O bildirib ki, heç pul məsələsinə qoşulmaq istəməyib. Məmmədəliyevlərə də Təranə ilə özlərinin danışmasını tövsiyə edib: “Onlar dedilər ki, biz bu adamı tanımırıq, sən də bizimlə get. Ona görə məcbur olub getdim. Mən nə əvvəldən Təranə ilə razılaşmışam, nə də əlbir olmuşam”.

Ana səhifəSosialİcra başçısının müavini işdən çıxarılandan sonra cinayət məsuliyyətinə cəlb edildi