Deputatlığa namizədlər bəyanat verdi
Fevralın 14-də növbədənkənar parlament seçkilərində 41 saylı Sumqayıt I seçki dairəsindən namizədliyini irəli sürmüş Vasif İsmayıl, Vüqar Xəlilov, Sərvər Süleymanlı, Murad Rəhimli, Könül Alıyeva, Əli İsgəndərov, Kamil Bədəlov və Emin Nəbiyev mətbuat konfransı keçirib.
“Müşahidəçi müşahidəçiyə təzyiq edirdi”
Namizəd Sərvər Süleymanlı bildirib ki, bütün məntəqələrdə müşahidəçilərə öz vəzifələrini yerinə yetirməyə imkan verilməməsi əvvəlcədən düşünülmüş plan və sistemli şəkildə olub. 21 saylı məktəbdə yerləşən 6 və 7 saylı məntəqələrdə müşahidəçilər seçki qutusundan uzaq yerlərdə otuzdurulub. Bu səbəbdən gələn seçiciləri sifətdən müəyyən etmək çətinləşib:
“Məntəqə sədri DSK-dan bu tərtibatın təşkil olunduğunu dedi. Analoji mənzərə bütün məntəqələrdə gerçəkləşdirilirdi. Eyni zamanda, bütün məntəqələrdə bir qrup müşahidəçi vardı ki, müstəqil və müxalif namizədlərin müşahidəçilərinə təzyiq edir, prosesi izləməyə imkan vermirdilər. Nəticədə seçkiyə gələnlərin həmin məntəqədə qeydiyyatda olduğunu öyrənmək qeyri-mümkün idi. Bütün bunlara rəğmən onlarla seçici adıyla səsverməyə gələnləri geri qaytarmışıq. Şəxsən mən 5 nəfəri geri qaytarmışam. İkinci, səslərin sayılması zamanı məntəqə sədrləri müşahidəçiləri zaldan uzaqlaşdırandan sonra qutuları açıb bülletenləri qəsdən yerə tökürlər. Bu zaman çox rahatlıqla hazırlanmış bülletenləri qalanları ilə qarışdırırlar. Nəhayət, əksər məntəqələrdə bülletenlər sayılarkən səsin kimə verildiyini müşahidəçilərə göstərmirdilər”.
O, 33 məntəqədə 84 müşahidəçisi olduğunu, amma onların qanunsuzluqlarla bağlı akt bağlamaqda gücsüz olduqlarını bildirib. S.Süleymanlı qanunsuzluqların daha çox saat 18.00-dən sonra başladığını bildirib:
“Ona görə də 9 fevralda seçki qanunvericiliyinin tələbləri o dərəcədə pozulub ki, nəticələrə təsir göstərib. Biz 9 fevral seçkilərinə inamla qatılsaq da, inamımız özünü doğrulmadı”.
İcra başçısı Hicran Hüseynovanı himayə edirdi
Müsavatçı namizəd Könül Alıyeva seçki prosesi zamanı pozuntuların yüzlərlə olduğunu deyib:
“Qanunsuzluqlara etiraz edənləri isə polislə təhdid edib məntəqədən uzaqlaşdırırdılar. DSK mənim 15 məşvərətçi səs hüquqlu komissiya üzvümü tanımaqdan imtina edib. Nəinki məşvərətçi səs hüququna malik olanları, müşahidəçilərə də maneçilik törədib aqressivlik göstərirdilər. Məsələn, 5 saylı məntəqənin sədri həm də məktəb direktoru olan xanım idi, əksər məktəb direktorları məntəqə sədrləri olması seçkinin şəffaf və ədalətli keçirilməsinə imkan vermirdi. Onlar valideynləri məcburiyyətlə səsverməyə gətirir, onlara əvvəlcədən nömrələr verilir ki, filankəsə səs ver. Seçki bitdikdən sonra əksər məntəqələrdə səslərin sayılması saat 23.00-da başlanıldı, izahat da verilmirdi”.
K.Alıyeva hakim partiyanın namizədi Hicran Hüseynova ona namizədliyini geri götürmək üçün müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib:
“Onun məqsədi seçkinin rahat keçirilməsi idi. Hətta seçkidən 2 gün əvvəl keçirdiyi görüşlərin birində guya mənim onun xeyrinə namizədliyimi geri götürdüyümü bildirmişdi. Bu, əks-təbliğat xarakteri daşıyırdı və insanları çaşdırırdı. İkinci, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Hicra Hüseynovanı himayə edirdi və bütün MİS-lərə xüsusi tapşırıq verilmişdi. Bununla bağlı yüzlərlə video görüntülər də var və bunlar MSK-ya təqdim edilib. Əgər MSK şikayətimizi təmin etməsə, məhkəməyə müraciət edəcəyik”.
Namizəd Emin Nəbiyev məntəqəyə seçici adıyla gələnlərin bir çoxunda hazır bülletenlərin olmasının planlı şəkildə təşkil edildiyini düşünür:
“Xüsusulə ərazidə məqsədli şəkildə şayiə yayılmışdı ki, kimə səs vermənizdən asılı olmayaraq Hicran Hüseynova deputatdır”.
“Onbaşılar seçicilərin telefonuna baxırdı”
“Cümhuriyyətçilər İttifaqı”nın namizədi Vasif İsmayıl seçki günü qanunsuzluqlarla bağlı MSK-ya məlumat vermək üçün cəhd etdiklərini, ancaq qarşı tərəfdən cavab almadıqlarını bildirib:
“Ümumiyyətlə, MSK operativ davranmağa çalışsa da, heç bir faydası olmurdu. Həqiqətən biabırçılıq idi və bu özbaşınalıqlar səhər məntəqələr açılandan başladı və gecə saat 3-ə qədər davam etdi. Bütün qanunsuzluq metodları sırayla gerçəkləşdirdilər, əvvəlcə qruplarla məntəqələrə gəlirdilər, göy rəngli mikroavtobusla “seçicilər”i daşıyırdılar. Qanunsuzluqları edənlər bir məqamı nəzərə almadılar ki, biz 41 saylı I seçki dairənin ərazisində yaşadığımızdan müxtəlif mənbələrdən məlumatlar alırdıq. Amma seçki günü vəziyyət çox gərgin idi, məntəqəyə nə qədər bülleten gətirildiyi elan olunmadı, əksər məntəqələrdə beləydi. Bəzi məntəqələrdə elan olunsa da, günün sonunda 40, 50 bülleten artıq çıxırdı. Hətta korlanmış bülletenlər də olurdu, ancaq səslər sayılanda artıq bülletenlər çıxırdı, bu, necə ola bilər?! Üçüncü, kənardan insanlara hazır bülletenlər verilib, boş bülletenlərin geri alınması da olmuşdu. Soyuq havada onbaşıların məntəqədən çıxanların telefonlarına baxdıqlarını görmüşdük, yəni həmin seçici kimə səs verdiyinin şəklini çəkib ona göstərirdi. Ancaq maraqlı bir detal da oldu, bəziləri işarəni qoyub şəklini çəkəndən sonra başqa namizədlərin qarşısına işarə qoyub bülletenləri korlayırdı. Təxminən 10 faiz korlanmış bülleten var idi. Üçüncü, müəllimləri və tibb işçilərini iş yerlərində qorxudaraq nömrə tələb etmişdilər, onlar da buna görə seçkiyə getmişdilər, məntəqələrdə belə adamlara seçkidə iştirakını təsdiqləyən nömrələr verirdilər. Biz bu nömrələri əvvəlcə anlamadıq, sonradan bildik və etiraz etdik, saat 12-dən sonra bu nömrə məsələsini yığışdırdılar”.
“Məntəqə sədrləri polisin müşahidəsilə qaçdı”
Vasif İsmayıl bildirib ki, ən böyük problem bir sıra məntəqə sədrlərinin protokolları yazmaqdan imtina etmələri idi. İki məntəqə sədri polisin müşahidəsiylə qaçdı, biri tualetdən, o biri isə təcili yardım maşınıyla. 5 məntəqə sədri isə təcili DSK-ya qaçdı, çünki MSK-nin Sumqayıt üçün verdiyi rəqəmlərin heç biri həqiqətə uyğun deyildi. Xüsusilə məntəqə sədrləri nəticəni karbonlaşdırılmış protokola yox, onun surətinə yazırdılar, ən böyük qanunsuzluq bu idi. Səhərə qədər səs verənlərin jurnallarında düzəliş apardıqlarından yekun protokolları məntəqənin qarşısına vura bilmədilər və biz bunları sənədləşdirdik. Fevralın 10-da bütün məntəqələri gəzdik, yalnız iki məntəqədə yekun protokol asılmışdı. 69 saylı bağçada yerləşən 21-ci məntəqədə səslər sayılanda Hicran Hüseynovanın adı işarələn topa ilə bülletenlər çıxdı, məcbur etdik səsləri yenidən saydılar, məlum oldu ki, başqa namizədlərin adı olan 28 bülleten oğurlanıb həmin topanın içərisinə salınıb. Bunları insanların gözləri önündə edirdilər. Hicran Hüseynovanın bu şəkildə, icra hakimiyyətinin resursunun dəstəyi ilə seçdirilməsini vicdanımız qəbul etmir. Məncə, Hicran Hüseynova ona qarşı bu aqressiyanın səbəbini daha yaxşı bilir”.
“Xəbər yayıldı ki, o, artıq deputatdır”
Namizəd Dəyanət Səlimxanlı seçkilərə qatılmasının səbəbini prezidentin islahatları ilə əlaqələndirdi:
“Ancaq Hicran Hüseynova namizədliyini verəndən sonra vəziyyət dəyişdi, şəhərdə xəbər yayılmışdı ki, o, artıq deputatdır. Mən “Xalq hakimiyyəti” qəzetinin baş redaktoruyam, yetərincə məlumat alırdım ki, Sumqayıtın səhiyyə, təhsil və başqa büdcə təşkilatlarında toplantılar keçirilib və göstəriş verilib ki, bütün vasitələrdən istifadə edilməlidir. Ki, qutudan Hicran Hüseynova çıxsın. Ancaq seçicilərin ona münasibəti pis idi, konkret olaraq, 16-cı mikrorayondan Hicran Hüseynovanı qovdular, Corat qəsəbəsi onu qəbul etmədi. Hətta DSK sədri demişdi ki, mən seçkini qanunla keçirəcəm, yeri gəlsə, həbsdə də yataram. Ona icra başçısı təzyiq edirdi. Çünki Hicran Hüseynovanın bu dairədə nüfuzu yox idi, amma yuxarıdan təlimat gəlmişdi. Təəssüflənirik, çünki biz belə seçki gözləmirdik. Mən hörmətli Mehriban xanıma və Məzahir müəllimə müraciət edirəm, bu qanunsuzluqlara son qoysunlar”. Namizədlər 16 fevralda aksiya keçirilərsə, qatılacaqlarını bildirdilər.
Bəyanat verildi
Sonda 12 namizədin bəyanatı oxundu.
Bəyanatda qeyd olunub ki, 41 saylı birinci seçki dairəsində keçirilən növbədənkənar seçkilərdə Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində insan haqları haqqında bəyənnamənin 21-ci maddəsinin birinci bəndində və Avropa İnsan Hüquqları və əsas azadlıqları haqqında konvensiyanın 1 saylı protokolunu 3-cü maddəsində təsbit edilmiş hüquqlarımız pozulub:
“Həmçinin seçki prosesi zamanı Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddənin 1-ci bəndi də pozulub. Bununla da biz 9 fevral 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə növbədənkənar seçkilər zamanı tərəfimizdən səlahiyyətli nümayəndə vəkil edilmiş şəxs və müşahidəçilərimiz seçki komissiyaları tərəfindən seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qeydə aldığı yüzlərlə akt və videogürüntülər- bura “karusel”, bülletenlərin topa sayda atılması, müşahidəçilərə lazımi şəraitin yaradılmaması, seçki prosesi zamanı onlara təzyiq olunması, bülleten çatışmazlığı, əvvəldən qeyd olunmuş hazır bülletenlər kimi onlarla fakt Seçki Məcəlləsində ciddi pozuntularının olmasını sübut edir. Bu faktları nəzərə alaraq keçirilmiş seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edir, 41 saylı Sumqayıt Birinci seçki dairəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirik”.
Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.
ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.
Əslində Azərbaycanda parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.