ICDR COP29 iştirakçılarına çağırış etdi: Siyasi məhbusların azad edilməsinə diqqət çəkin

Foto: president.az

“Beynəlxalq tənqidə açıq-aşkar biganəlik bu tendensiyanın qarşısını almaq istəmədiyinin sübutudur”

“Demokratik Yenilənmə Uğrunda Beynəlxalq Koalisiya” (International Coalition for Democratic Renewal – ICDR) və “Forum 2000” Fondu COP29 iqlim sammitinin keçirildiyi günlərdə diqqəti Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsinə çəkib.

Müxtəlif ölkələrdən olan hüquq müdafiəçilərinin imzası ilə yayılmış bəyanatda deyilir, hakimiyyət aylardır hüquqşünaslara, jurnalistlərə, fəallara və hüquq müdafiəçilərinə qarşı repressiyalarını o qədər gücləndirib ki, vətəndaş cəmiyyəti indi iflic vəziyyətinə düşüb.

“Azərbaycan hökuməti fərqli fikirləri susdurmaq üçün müxtəlif taktikalardan, o cümlədən qondarma ittihamlardan, əsassız həbslərdən və təqiblərdən istifadə edir”, – sənəddə vurğulanır.

Qeyd olunur ki, hazırda ölkədə ağır şərait, pis rəftar və hətta zorakılıqla üzləşən 300-dən çox siyasi məhbus var. Hüquq və məhkəmə sistemlərində vətəndaş cəmiyyətinə qarşı repressiyaları azalda biləcək müstəqillik yoxdur:

“Bu əziyyətlə üzləşənlər arasında Anar Məmmədli, Bəhruz Səmədov, Akif Qurbanov və Qubad İbadoğlu kimi ICDR və daha geniş “Forum 2000” şəbəkəsinin üzvləri də var. Ancaq başqaları da həbsdədir. Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, beynəlxalq insan haqları qurumlarının dəfələrlə qınamasına baxmayaraq, Azərbaycan beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur”.

“Forum 2000” şəbəkəsi. Foto: Coalition for Democratic Renewal

“Hökumət sabitlik və mütərəqqi imicini nümayiş etdirmək üçün Bakıda keçirilən COP29 kimi yüksək səviyyəli beynəlxalq tədbirlərdən istifadə edir, eyni zamanda siyasi müxalifətə qarşı təzyiqləri davam etdirir. Beynəlxalq tənqidə açıq-aşkar biganəlik bu tendensiyanın qarşısını almaq istəmədiyinin sübutudur”, – bəyanatda bildirilir.

1.Sənədi imzalayan ICDR üzvləri, Azərbaycanda repressiyaların bütün qurbanları ilə dərin həmrəyliyini bildirir və Azərbaycan hakimiyyətindən tələb edir:

2.Bütün siyasi məhbuslara qarşı ittihamları qeyd-şərtsiz azad etmək və ləğv etmək;

3.Beynəlxalq insan hüquqlarına hörmət və riayət etmək, xüsusən də vətəndaş cəmiyyətini, medianı və insan hüquqları müdafiəçilərini ədalətsiz şəkildə hədəfləyən, cəzalandıran, yaxud məhdudlaşdıran və ya mühüm mərhələyə görə onlara dəstək almaq imkanını məhdudlaşdıran bütün qanunvericiliyi nəzərdən keçirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq;

4.Avropa İnsan Hüquqları Məhkəməsinin işləri üzrə Məmmədli Qrupunun bütün hissələrini və qərarlarını yerinə yetirmək;

5.Avropa Şurası Parlament Assambleyası ilə birlikdə tövsiyə edildiyi kimi, əsassız həbs təcrübəsini qiymətləndirmək və müvafiq qabaqlayıcı mexanizm hazırlamaq üçün müstəqil beynəlxalq işçi qrupunun yaradılması;

6.Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər aidiyyəti qurumların, xüsusən də işgəncənin qarşısının alınması ilə məşğul olanların monitorinq mexanizmləri ilə tam əməkdaşlıq etmək.

7.Onlar həmçinin beynəlxalq ictimaiyyətə çağırış ediblər. Çağırışda deyilir ki, Azərbaycanda siyasi məhbusları və vətəndaş cəmiyyəti dəstəklənməli, məhkəmə iclaslarında bütün siyasi məhbusların iştirakının təmin olunmasına çalışılmalı, xüsusilə təhlükəsizlik baxımından siyasi məhbusların yaxınlarına hər cür dəstək göstərilməlidir.

Həmçinin tələb edilir ki, Parlament Assambleyası və Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla Avropa Şurasının mexanizmləri arasında əməkdaşlığın olmadığını açıq şəkildə bəyan etməlidir. Bundan əlavə, praktikada heç bir dəyişiklik olmazsa, Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina etməyə davam etməlidir.

Eyni zamanda, tələb olunur ki, Azərbaycan Respublikasının 2022-2025-ci illər üzrə Fəaliyyət Planına müvafiq olaraq insan hüquqlarının yaxşılaşdırılması üçün aydın formada yenidən baxılsın, Avropa İnsan Hüquqları Konvensiyasının Azərbaycanda icrası ilə bağlı rəsmi araşdırma aparılsın.

Bəyanat müəllifləri hesab edirlər ki, Azərbaycanda insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etmək üçün COP29 müzakirələrinin unikal imkanından istifadə edilməlidir:

“Biz COP29 nümayəndələrini bütün siyasi məhbusların azad edilməsini açıq şəkildə müdafiə etməyə, Azərbaycanda insan haqlarının vəziyyətini və COP29 müzakirələrində iştirak edə biləcək müxalifətin səslərinin yatırılmasını pisləməyə çağırırıq”.

Bəyanatı imzalayanlar:

İqor Blazeviç, Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi, Çexiya

Andreas Bummel, Sərhədsiz Demokratiya, Fransa

Ketevan Çaçava, İnkişaf və Demokratiya Mərkəzi, Gürcüstan

Javier El-Hage, İnsan Hüquqları Fondu, Boliviya/ABŞ

Stevan Doycinovic, KRIK, Serbiya

Carl Gershman, keçmiş NED, ABŞ

Saşa Hannig, Kanada, Çili

Maiko İçihara, Hitotsubaşı Universiteti, Yaponiya

Vladimir Kara-Murza, Azad Rusiya Fondu, Rusiya

Tinatin Xidaşeli, Civic IDEA, Gürcüstan

Yakub Klepal, Forum 2000, Çexiya

Cessika Lüdviq, Corc V. Buş İnstitutu, ABŞ

Nyaradzo Maşayamombe, Zimbabve

Constanza Mazzina, Sescos, Argentina

Uça Nanuaşvili, Demokratiya Araşdırma Mərkəzi (DRC), Gürcüstan

Andrea Nqombet, Sassufit kollektivi, Konqo Respublikası

Baia Pataraia, Sapari, Gürcüstan

Pavel Przeja, CEVRO Universiteti, Çexiya

Niranjan Sahu, Observer Research Foundation, Hindistan

Nicolas Tenzer, CERAP, Fransa

Leyla Yunus, Sülh və Demokratiya İnstitutu, Azərbaycan/Hollandiya

Arif Yunus, Sülh və Demokratiya İnstitutu, Azərbaycan/Hollandiya

Ana səhifəCOP29ICDR COP29 iştirakçılarına çağırış etdi: Siyasi məhbusların azad edilməsinə diqqət çəkin