“Yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil”
Həkim-radioloq Aydın Əliyev Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqində bürokratik əngəllər olduğunu deyib.
O, Meydan TV-yə müsahibəsində bildirib ki, həm həkimlər, həm də əhali sistemdən şikayətçidir.
“Təəssüf ki, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində olan klinikalarda həddindən artıq növbələr var. Bəzən bir həkim gün ərzində səksən xəstə müayinə etməli olur. Bu, həkimin fiziki və zehni imkanları xaricindədir. Çəkdiyi əziyyətin müqabilində bonus əlavəsi və məvacib almayanda, ikiqat narazılıq yaranır”, Aydın Əliyev deyib.
Həkim əhalinin əksər hissəsinin sistemdəki maneələrə görə sığortadan istifadə etmədiklərini söyləyir:
“Pasientlər şikayət edirlər ki, bəzən İcbari Tibbi Sığortaya müraciət edirlər, cavab alırlar ki, xəstəliyiniz bizim sığorta paketimizə daxil deyil. İnsanlardan İcbari Tibbi Sığorta haqqı tutulursa, onların işlədiyi müəssisələrdən tutulursa, dövlət büdcəsindən buna vəsait ayrılırsa, pasiyentlərin də müayinə-müalicəsi tələb etməyə hüququ var. Bizim də onlara bu xidməti göstərmək öhdəliyimiz var”.
Aydın Əliyev həkimlərə verilən bonus məbləğlərin azlığından da gileylənib. Bu rəqəmlərin hətta gülünc olduğunu deyib:
“Həkimlərə göstərdiyi xidmətə görə ayrılan vəsait 89 qəpik, 98 qəpik və sairə gülməli rəqəmlərlə ifadə olunur. Bu, həkimə qarşı təhqir səviyyəsində bir problemdir. Tibb Universitetini oxumaq, əlavə rezidentura təhsili, üstəlik, praktika- bütün bunlara 10-15 il vaxt sərf olunur. Bu qədər zəhmət keçən insanlara verilən belə minimal bonuslar çox gülməlidir”.
Aydın Əliyev deyir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında qanuna əsasən, pasiyentin istənilən həkimi və klinikanı seçmək hüququ var. Buna görə də pasiyentlərə süni əngəllər yaratmaq olmaz:
“İcbari Tibbi Sığorta Agentliyi də maksimum çalışmalıdır ki, pasiyentin məmnunluğu təmin edilsin. İcbari Tibbi Sığorta üçün nə fərqi var? Pasiyent harada istəyir, getsin, müalicəsini alsın. Onsuz da siz konkret bir xəstəliyin müayinə və müalicəsi üçün həmin məbləği istənilən halda ayırırsınız. Bu problemlər mütləq şəkildə aradan qaldırılmalıdır. Bununla bağlı da çoxlu şikayətlər var”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Aydın Əliyevin həkimlərə verilən əməkhaqqının məbləği, pasiyent qəbulu limiti və bəzi tibbi xidmətlərin “Xidmətlər Zərfi”nə daxil edilməməsi ilə bağlı iradlarına münasibət bildirib.
Bildirilib ki, səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları təkcə müayinələr qarşılığında ödənilən bonuslardan və ya ödənişlərdən ibarət deyil:
“Həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır: Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər. Həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Həkimlər həm də işin nəticəsinə görə həvəsləndirici əlavələr kimi bonus da alırlar”.
Agentlikdən bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri “Xidmətlər Zərfi” ilə tənzimlənir.
“Həkim iş günü ərzində yalnız bir pasiyenti qəbul etmir. Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq günlük hədd (günlük qəbul edilən xəstə sayı) 15-35 pasiyent arasında dəyişir. Bu səbəblə də, yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində həkimə müayinə etdiyi 300-700 arası pasiyent sayına görə bonus hesablanır. Beləliklə, həkim ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə, 300-700 pasiyentin müayinəsinə görə bonus və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır”, – Agentlikdən bildiriblər.
Həmçinin bildiriblər ki, “Xidmətlər Zərfi”ndə bir çox xidmətin tarifi artırılıb. Bu da həkimlərə ödənilən bonusun məbləğinin artması deməkdir:
“Hazırda dövlət tibb müəssisələrində aylıq maksimum 28 000 manat bonus alan həkim-ürək-damar cərrahı, 12 000 manat bonus alan həkim-mama-ginekoloq, 8000 manat bonus alan həkim-travmatoloq, 7500 manat bonus alan həkim-ümumi cərrah və 2000 manat bonus alan həkim-kardioloq var. Bu məbləğ ay ərzində icra edilən əməliyyatın sayı və xüsusiyyətinə görə dəyişə bilər”.
Bəzi tibbi xidmətlərin “Xidmətlər Zərfi”nə daxil edilməməsi məsələsinə gəldikdə bildirilib ki, Agentlik tərəfindən mütəmadi olaraq əhali arasında əlillik və ölüm riskinə malik olan xəstəliklər araşdırılır və buna müvafiq olaraq tibb xidmətlərin sayı artırılır.
“Xidmətlər Zərfi”nə edilən yeni dəyişikliyə əsasən, 2550 sayda tibbi xidmətin sayı artırılaraq 3315-ə çatdırılıb:
“Təminata alınmış yeni xidmətlər sırasında ilkin olaraq illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilən qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları dayanır. Bu transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin (donoru qəbul edən şəxs) dərman təchizatı da “Xidmətlər Zərfi” ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir”.
Agentliyin mətbuat xidmətindən həmçinin bildirilib ki, bir çox xəstəlikə bağlı tibbi xidmətlərin göstərilməsi dövlət hesabına, ödənişsiz aparılır:
“Həmin xəstəliklərlə bağlı bir sıra dövlət proqramları mövcuddur. Məsələn, vərəmlə mübarizə, şəkərli diabet xəstəliyi, onkoloji xəstəliklər və s. Həmin xəstəliklərin müayinə və müalicəsi dövlət proqramları çərçivəsində göstərilir. Gələcəkdə bu proqramların icra müddəti bitdikdən sonra həmin xəstəliklərin müalicə və müayinəsinin icbari tibbi sığorta çərçivəsində təminata alınması planlaşdırılır”.