İcazəsiz taksi sürənlər cəzalandırılacaq

Taksi. Foto: natatravel/shutterstock

Hüquqi şəxslər və fərdi sahibkarlar icazə əsasında fəaliyyət göstərməlidir

İcazəsiz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı inzibati tənbeh tədbirləri həyata keçiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında belə deyilir.

Bildirilir ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar icazə əsasında fəaliyyət göstərməlidir.

İzinləri elektron şəkildə AYNA verir.

İstifadəçilər linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidir. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb”, – məlumatda deyilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA). Foto: AYNA

AYNA bildirir ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda, icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Son zamanlar taksilərlə bağlı xeyli qərar qəbul edilib.

Martın 28-də Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”lə 15 ildən çox yaşı olan avtomobillə taksi xidməti göstərmək mümkün olmayacaq. Həmçinin 8 ildən köhnə maşınlara buraxılış kartı verilməyəcək.

Tələblərə görə, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ olmalıdır. Şəhərdaxili (rayondaxili) qırmızı, hər iki daşımalarda istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri də yaşıl rəngli olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaq.
Bu tələblər 2024-cü il iyulun 1-dən ölkəyə idxal edilən və ya ölkədə istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Ana səhifəSosialİcazəsiz taksi sürənlər cəzalandırılacaq