İbrahim Məmmədov: Bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq

“Aprelin ilk həftəsində bu işlər başa çatacaq”

Source: Foto: arxiv


Vətəndaşlar apteklərdə maska tapa bilmədiklərini deyirlər

“Bu gün bəlkə də 8 aptek gəzmişəm, maska yoxdur. Axırda çörək almaq üçün marketə getdim. Polis qapıda tutdu ki, bəs səni cərmələyəcəm. Deyirəm ki, apteklərə maska gəlmir, mənim günahım deyil. Əvvəl dedi ki, məni maraqlandırmır. Sonra da sözünü dəyişdi ki, apteklərdə maska var, yalan danışırsan. Bunu hamı deyir, tək mən demirəm ki… Apteklərdə maska yoxdur. Vətəndaşları günahsız yerə cərimələyirlər. Çox dava-dalaşdan sonra dedi ki, axırıncı dəfə olsun, get”.

Abşeron rayonu, Masazır qəsəbəsinin sakini Azər Məmmədov (ad şərtidir) belə deyir.

“Özüm də dövlət əməkdaşıyam. İzah etdim ki, belə olmaz. İndi deyirlər ki, axırıncı dəfə olsun. Yenə maska yoxdur. Evdə də 3 körpə uşaq, bir yaşlı anam var. Gün ərzində onların ehtiyacları üçün ən azı bir dəfə evdən çıxmalı oluram. Belə çıxır ki, hər dəfə məni saxlamalıdırlar? Ya da bir dəfə bağışladı, gələn dəfə məni cərimələyəcək? Əvvəlcə aptekləri maska ilə təmin etsinlər, sonra cərimə tətbiq etsinlər və ya vətəndaşın yolunu kəssinlər. Belə olmaz”.

Günlərdir mediada yayılan küçə sorğularında da vətəndaşlardan polis maska soruşanda cavabları “apteklərdə tapılmır”, – olmuşdu. Hətta jurnalistlər birgə bir neçə aptek dolaşan vətəndaşa hamısında “yoxdur, gəlmişdi, bitdi. Limitlə verilir” və s. cavabı verilmişdi.

Vətəndaşlar belə hallara görə çox vaxt əczaçılar, aptek rəhbərlərini günahlandırırlar. Meydan TV-yə danışan əczaçı deyir ki, əslində apteklərdə günah yoxdur. Çünki maska gün ərzində onlara limitlə verilir və tez bir zamanda da satılıb, qurtarır. Onlar da məcbur olub vətəndaşlara “yoxdur”, – cavabı verirlər. Bu zaman isə onları anlayan da olur, hirslənən, tənqid edən də:

“Televizorlarda, bəzi internet saytlarında da deyilir ki, aptekləri yetərincə maskayla təmin etmişik. Əslində vəziyyət tamam başqadır. Depolar gün ərzində hər aptekə sadəcə 50 ədəd maska verir. Maska üçün müraciət edən müştərilər isə qat-qat çoxdur. Biz gün ərzində sadəcə 50 müştərini maskayla təmin edə bilirik. Yerdə qalanlar isə maska qıtlığına görə əczaçıları günahlandırır, bəzən isə hətta təhqir edirlər. Bu bizim günahımız deyil”.

Əczaçı əlavə edir ki, apteklər maska satışından xeyir də götürmür. Ona görə varsa yox demək və ya başqalarına baha satmaq kimi bir dərdləri də ola bilməz:

“Maska aptekə 30 qəpiyə gəlir və bizə gələn bildirişə görə biz də 30 qəpiyə satırıq. Yəni maska satışında heç bir mənfəət yoxdur”.

Nazirlər Kabineti yanında Operativ qərargahın aprelin 2-də keçirilən mətbuat konfransında tibbi maska və spirt çatışmazlığı ilə bağlı məsləyə də münasibət bildirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri

İbrahim Məmmədov

deyib ki, tələbat kəskin artdığı üçün bütün ölkələrdə çatışmazlıq var:

"Dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər. Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb ki, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək mümkün olmur. Amma spirt məhsulları istehsal olunur, qablaşdırılması problemi vardı. Bu məsələ yoluna qoyulub, amma proses davam edir. Tələbat böyükdür, istehsalın artırılması üçün iş görülür".

İ.Məmmədov qeyd edib ki, Sumqayıtda tibbi maskaların istehsalına başlanılır:

"Aprelin ilk həftəsində bu işlər başa çatacaq. Avadanlıqların əksəriyyəti qurulub. Dünən gecə (aprelin 1-də) təyyarə ilə tibbi maskaların istehsalı üçün xammal gətirilib. İkiqatlı, üçqatlı, bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq…".

Dünyada yeni koronavirusun yayılması ilə bağlı Azərbaycanda da tibbi maskalara böyük tələbat yaranıb. Vətəndaşlar apteklərdə tibbi maskaların tapılmaması və ya qiymətlərinin artmasına aid tez-tez şikayətlər dilə gətirirlər.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 48 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Eyni zamanda evdən çölə çıxarkən maska və əlcəkdən istifadə etmək tövsiyə edilir.

Ana səhifəSosialİbrahim Məmmədov: Bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq