“İşçi Masası”nın həbsdə olan üzvü “kars”a salınıb

Elvin Mustafayev. Foto: Ülviyyə Əli

Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev cərimə kamerasına salınıb.

Bu barədə Mustafayevin yaxınları Meydan TV-yə məlumat verib.

Onların sözlərinə görə, iyunun 30-da Mustafayev “kars”a salınıb və o buna etiraz olaraq aclıq aksiyasına başlayıb.

Atası Əli Mustafayev deyir ki, oğlunun hansı səbəbdən cərimə kamerasına salındığı barədə məlumat ala bilməyib.

Əli Mustafayev baş verənləri oğluna qarşı təxribat adlandırır.

“Elvinin azadlğa çıxmasına 34 gün qalıb. Düşünürəm ki, bu onun həbsini uzatmaq məqsədi daşıyır. Ötən ay da müəssisədə müavin ona demişdi ki, səni cərimə edəcəyik, həbsdən çıxa bilməyəcəksən”, – deyə atası bildirib.

Onun sözlərinə görə,  Penitesiar Xidmətlə və cəzaçəkmə müəssisəsi ilə baş verənlərlə bağlı əlaqə saxlamağa çalışsalar, da cavab ala bilməyiblər.

Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə – narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mustafayev ittihamı qəbul etmir. O, narkotik maddənin üzərinə qoyulduğunu və həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci ildə Azərbaycanda işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. Təşkilatın bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda “İşçi Masası”nın sədri Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov həbsdədir. Onların hər biri fərqli ittihamlarla mühakimə edilsə də, özlərini təqsirli bilmirlər və ittihamların siyasi motivli olduğunu deyirlər.

Ana səhifəSiyasət“İşçi Masası”nın həbsdə olan üzvü “kars”a salınıb