“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov üçillik həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb.
“İşçi Masası”ndan Meydan TV-yə bildirilib ki, İsrafilov bu gün, avqustun 11-də səhər saatlarında saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
“Hazırda ailəsi və dostları ilə birlikdədir. Özünü yaxşı hiss edir. İctimai fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə isə hələlik məlumatımız yoxdur”, – təşkilatdan bildirilib.
Ayxan İsrafilov 2023-cü il avqustun 11-də saxlanılıb. O, satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmə və saxlama ittihamı ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2024-cü il aprelin 2-də İsrafilovu üç il müddətinə azadlıqdan məhrum edib. İsrafilov ittihamı qəbul etməyib və həbsini ictimai fəaliyyəti ilə əlaqələndirib.
Avqustun 4-də təşkilatın digər üzvü, işçi hüquqları fəalı Elvin Mustafayev də üçillik həbs cəzasını başa vuraraq azadlığa çıxıb. O, əvvəlcə satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama ittihamı ilə həbs edilib. Sonradan ittiham dəyişdirilərək satış məqsədi olmadan külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə əvəzlənib.
“İşçi Masası” 2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılmış müstəqil təşkilatdır. Təşkilat əsasən kuryerlərin və digər işçilərin əmək hüquqlarının müdafiəsi ilə məşğul olub. Son illərdə təşkilatın bir neçə üzvü müxtəlif cinayət ittihamları ilə həbs edilib.
Hazırda “İşçi Masası”nın sədri Afiəddin Məmmədov və üzvü Möhyəddin Orucov həbsdədir.
Təşkilat üzvləri müxtəlif ittihamlarla mühakimə olunsalar da, özlərini təqsirli bilmədiklərini və cinayət işlərinin siyasi motivli olduğunu bildiriblər. Bir sıra hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları rədd edir.