İlham Əliyevin Naxçıvan səfəri və AzTV-yə müsahibəsi: sənaye parkı, enerji layihələri və Zəngəzur dəhlizi

Foto: Azərtac

JAMnews-un materialı

11 avqustda Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Bu, Əliyevin prezident kimi Naxçıvana 17-ci səfəridir.

Səfər çərçivəsində bir sıra obyektlərin təməlqoyma və açılış mərasimləri keçirilib, tarixi abidələrə baxış keçirilib, hərbi hissələrə döyüş bayraqları təqdim olunub. Günün sonunda prezident Naxçıvanda Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.

Səfər Naxçıvanın sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və regionun digər azad edilmiş ərazilərlə vahid konsepsiya əsasında inkişafı mövzularına fokuslanıb.

Səfər çərçivəsindəki əsas tədbirlər

Prezident və birinci xanım Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarında (ümumi 50 MVt) aparılan işlərlə tanış olublar.

Naxçıvan Sənaye Parkının təməli qoyulub – bu park ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra ikinci yerdədir. Parkın tərkibində 300 MVt gücündə istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Hazırda Naxçıvanın generasiya gücü təxminən 200 MVt-dır; yeni stansiya bu göstəricini 1,5 dəfə artıracaq.

Digər tədbirlər isə bunlar olub:

  • Naxçıvan Regional DOST Mərkəzinin açılışı;
  • Yeni elektrik mühərrikli avtobuslara baxış və dəmir yolu infrastrukturunun yenidənqurulması işləri ilə tanışlıq;
  • “Naxçıvan” mehmanxana kompleksinin təməlqoyma mərasimi (təxminən 2028-ci ildə hazır olması planlaşdırılır);
  • Sosial evlər kompleksinin təməlinin qoyulması;
  • Möminə xatun türbəsində bərpa işlərinə baxış və Əcəmi Naxçıvaninin abidəsinin açılışı;
  • “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan”ın təqdimatı (şəhərin ərazisinin genişlənməsi və əhalinin artımı proqnozlaşdırılır);
  • Əlahiddə Ümumqoşun Orduda yeni komando hissələrinə döyüş bayraqlarının təqdimatı.

AzTV müsahibəsinin əsas məqamları

Əliyev müsahibədə səfərini “Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf etdiyinin göstəricisi” kimi qiymətləndirib. O, hər səfərinin konkret nəticələr verdiyini vurğulayıb və prioritetləri belə sıralayıb: müdafiə potensialının gücləndirilməsi, enerji təhlükəsizliyi, iş yerlərinin yaradılması, tarixi-mədəni irsin qorunması və nəqliyyat əlaqələrinin inkişafı.

  • Müdafiə və idarəetmə

Prezident qeyd edib ki, Naxçıvanın coğrafi xüsusiyyətləri – xüsusən əsas ərazi ilə birbaşa quru əlaqəsinin olmaması müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət tələb edir. Bu istiqamətdə Əlahiddə Ümumqoşun Ordunun yaradılması və yeni komando bölmələrinin formalaşdırılması mühüm addımlar kimi göstərilib.

Əliyev “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” ifadəsini işlədib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan prezidentin xüsusi nümayəndəliyi sisteminin Naxçıvanda da tətbiq edildiyini və bu modelin üstünlüklərinin artıq göründüyünü bildirib.

  • Enerji

Naxçıvanın qazlaşdırılmasının artıq təxminən 15 ildir 100 faiz səviyyəsində olduğu, bunun isə İranla bağlanmış qaz mübadiləsi razılaşması sayəsində təmin edildiyi qeyd olunub. Prezident günəş enerjisi potensialını xüsusi vurğulayaraq Naxçıvanı Azərbaycan ərazisində günəş elektrik enerjisinin istehsalı üçün ən əlverişli məkan adlandırıb. Bu məqsədlə 600 hektardan artıq ərazi ayrılıb və potensialın ən azı 500 MVt, ola bilsin 1000 MVt həcmində qiymətləndirildiyi bildirilib. Özəl sektorun bu sahədə aktiv iştirakı (o cümlədən hazırda tikilməkdə olan 50 MVt-lıq stansiyalar) xüsusi qeyd edilib.

Əliyev elektrik enerjisinin ixracını strateji prioritet kimi göstərib: hazırda əsas istiqamətlər İran və Türkiyədir, perspektivdə isə Avropa bazarına da çıxış nəzərdə tutulur. Ordubad rayonunda isə təxminən 15 MVt gücündə su elektrik stansiyasının tikintisi planlaşdırılır.

  • Zəngəzur dəhlizi – TRİPP

Əliyev “Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” deyərək, Azərbaycanın əsas hissəsini onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirməyin uzun illərdir ölkənin strateji hədəfi olduğunu xatırladıb. O, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda (Azərbaycan, Rusiya və Ermənistan arasında) dəhlizin mütləq əksini tapması üçün qəti israr etdiyini bildirib. Prezidentin sözlərinə görə, Ermənistan tərəfi buna razılıq vermək istəmirdi, lakin müharibənin davam etməsi onların maraqlarına uyğun olmadığı üçün başqa alternativləri qalmamışdı.

Beş il ərzində praktiki irəliləyişin olmadığını qeyd edən Əliyev, məsələnin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən zirvə görüşündən sonra həllini tapdığını və TRİPP (Trump Route for International Peace and Prosperity) adlı layihəyə start verildiyini vurğulayıb.

Hazırkı vəziyyətə gəlincə, prezident Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, yalnız kiçik texniki məsələlərin qaldığını söyləyib. Dəmir yolu tikintisinin isə sürətlə getdiyini qeyd edib. Eyni zamanda, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçəcək elektrik verilişi xətlərinin layihəsinin artıq hazır olduğunu, qüllələrin yerlərinin müəyyənləşdirildiyini əlavə edib. Bütün bu addımların nəticəsində Naxçıvanın gələcəkdə regionda əvəzolunmaz nəqliyyat (və enerji) mərkəzlərindən birinə çevriləcəyini proqnozlaşdırıb.

  • Vahid inkişaf konsepsiyası

Prezident Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid konsepsiya əsasında inkişaf etməli olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu üç region coğrafi baxımdan bir-birinə yaxın olduğu üçün vahid yanaşma tələb edir.

Azad edilmiş ərazilərdə şəhərlərin Baş planlarının artıq təsdiqləndiyini xatırladan Əliyev, Naxçıvan şəhəri üçün də oxşar sənədin hazırlanması barədə göstəriş verdiyini və “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan”ın bu səfər zamanı ona təqdim olunduğunu bildirib.

Turizm potensialına da toxunan prezident Naxçıvanın zəngin tarixi abidələri, gözəl təbiəti və təmiz havası ilə böyük imkanlara malik olduğunu qeyd edib. Eyni zamanda, mehmanxana infrastrukturunun zəifliyini və mövcud otellərin səviyyəsinin aşağı olmasını etiraf edərək, bunun turizmin inkişafını əngəllədiyini söyləyib. Bu problemi həll etmək məqsədilə şəhərin mərkəzində yeni beşulduzlu mehmanxana kompleksinin təməlinin qoyulduğunu və obyektin təxminən 2028-ci ildə hazır olacağını əlavə edib.

Ana səhifəSiyasətİlham Əliyevin Naxçıvan səfəri və AzTV-yə müsahibəsi: sənaye parkı, enerji layihələri və Zəngəzur dəhlizi