İlham Əliyevin Berlin səfəri: Qaz razılaşmaları, qırmızı xalça və kölgədə qalan insan haqları

Foto: Azərtac

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya kansleri Fridrix Mertsin Berlində keçirilən görüşünün yekununda iki ölkə arasında tərəfdaşlıq bəyannaməsi imzalanıb, həmçinin Azərbaycan–Almaniya Biznes Şurası yaradılıb.

Bəyannamədə tərəflər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquqa sadiqlik, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətini bəyan ediblər. 

Sənəddə, eyni zamanda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına” sadiqlik bir daha təsdiqlənib.

Bununla belə, görüşlərdə və görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycandakı insan haqları məsələsinə toxunulmayıb.

Əsas müzakirə mövzuları enerji əməkdaşlığının genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və regional məsələlər olub.

Avropanın qaz dərdi

Almaniya kansleri Fridrix Merts jurnalistlərə bildirib ki, İlham Əliyevin Berlinə səfəri zamanı onunla xam neft və təbii qaz tədarükü sahəsində tərəfdaşlığın genişləndirilməsini ətraflı müzakirə ediblər.

“Qarşıdakı illərdə, xüsusilə enerji sektorunda əməkdaşlığımızı genişləndirmək niyyətindəyik. Almaniya idxalı, özəlliklə də qaz alışını şaxələndirməkdə olduqca maraqlıdır”, -Fridrix Merts deyib.

Prezident İlham Əliyev isə Azərbaycanın bu ildən Almaniyaya qaz ixracına başladığını diqqətə çatdırıb. O, Almaniya şirkətləri ilə illik həcmi 1,5 milyard kubmetr olan 10 illik saziş imzalandığını vurğulayıb.

“Təbii ki, bu göstərici artırıla bilər. Əsas əngəllərdən biri maliyyələşmə ilə bağlıdır. Avropa bankları yaşıl gündəliyə görə neft-qaz layihələrini dəstəkləməyi dayandırıb. Yaxşı olar ki, bu qurumlar öz qərarlarına yenidən baxsınlar”, – İlham Əliyev bildirib.

Ötən il Almaniya ilə ticarət dövriyyəsinin 1,5 milyard dollar təşkil etdiyini deyən İlham Əliyev ixracın əsas hissəsinin xam neftdən ibarət olduğunu vurğulayıb.

“İlham Əliyev yaranmış vəziyyətdən maksimum istifadə edir”

Səfər fonunda Berlində azərbaycanlı siyasi mühacirlər tərəfindən siyasi məhbusların azadlığı və Azərbaycanda insan hüquqlarına hörmət tələbi ilə aksiya keçirilib. Kansler İdarəsinin qarşısında İlham Əliyevin səfərinə etiraz etmək istəyən aksiyaçılar Berlin polisinin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıblar.

Siyasi şərhçi Nahid Cəfərov hesab edir ki, Rusiya-Ukrayna müharibəsi və enerji bazarında yaranan dəyişikliklər fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti artıb.

“Bu gün Avropa İttifaqının Azərbaycana daha çox ehtiyacı var və İlham Əliyev də bundan maksimum istifadə etməyə çalışır. Bu ehtiyac Rusiya-Ukrayna müharibəsi fonunda, həmçinin ABŞ Prezidenti Donald Trampın İrana hücumu nəticəsində enerji bazarında yaranmış böhranla əlaqədardır. Sözsüz ki, bu vəziyyət Azərbaycanın əhəmiyyətini müəyyən məhdud çərçivədə artırmağa başlayıb. İlham Əliyev də bundan maksimum istifadə edir. O, Azərbaycan xalqına və dövlətinə məxsus resurslar hesabına Avropadan, o cümlədən Almaniyadan Azərbaycan xalqının hüquqlarının tapdalanması məsələsinə göz yummağı tələb edir”, – Nahid Cəfərov bildirib.

Onun sözlərinə görə, Almaniya üçün də insan haqları məsələsi bu mərhələdə əsas prioritet deyil:

 “Yəni Azərbaycan xalqının hansı vəziyyətdə yaşaması, hansı məhdudiyyətlərlə üzləşməsi onlar üçün o qədər də maraqlı deyil. Onları maraqlandıran yalnız alman xalqının çətinliklərlə üzləşib-üzləşməməsi məsələsidir. Ona görə də Almaniyada hakimiyyətdə olan qüvvələr bu güzəştə asanlıqla gedirlər”.

“Azərbaycandakı insan haqlarının durumu Almaniya üçün prinsipial məsələ deyil”

Nahid Cəfərov hesab edir ki, Azərbaycan hakimiyyəti üçün önəmli olan bəzi məsələlər Almaniya tərəfindən prinsipial mövzu kimi qəbul edilmir:

Foto: Nahid Cəfərovun şəxsi “Facebook” səhifəsi

“İlham Əliyev üçün kifayət qədər əhəmiyyətli görünsə də, Almaniya üçün o qədər də önəmli olmayan məsələlər var: qırmızı xalçanın sərilməsi, oradakı etirazçıların uzaqlaşdırılması və insan hüquqları mövzusuna toxunulmaması. Bunlar Almaniya üçün prinsipial məsələ deyil. Onlar Çinlə də, Səudiyyə Ərəbistanı ilə də asanlıqla əməkdaşlığa gedən dövlətlərdir. Yəni xarici siyasətdə hansısa romantik prinsiplər axtarmaq doğru deyil”. 

Nahid Cəfərov vurğulayır ki, xarici siyasət prinsiplər yox, dövlətlərin milli maraqları üzərində qurulur. 

“Milli maraq isə ondan ibarətdir ki, Almaniya xalqının enerji böhranı həll olunmalıdır. Məhz buna görə də İlham Əliyev üçün əhəmiyyətli olan məsələlərdə rahatlıqla güzəştə gedirlər”.

Şərhçinin fikrincə, Azərbaycan hakimiyyəti Almaniyadakı səfərin nəticələrindən daxili auditoriya qarşısında da istifadə edə bilər.

“İlham Əliyev də bundan daxili auditoriya üçün maksimum istifadə edəcək. Almaniyada necə qarşılanmasından, qırmızı xalça və digər detallardan daxili auditoriya qarşısında öz legitimliyini bir daha nümayiş etdirmək üçün istifadə etmiş olacaq”, -Nahid Cəfərov bildirib.

Son illər Avropa İttifaqı rəsmiləri və Avropa liderlərinin Bakıya səfərləri artıb. Görüşlərin əsas mövzuları enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq olub. Eyni dövrdə Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri də həbs olunub. Bu səbəbdən bəzi müşahidəçilər hesab edirlər ki, Avropa İttifaqı insan hüquqları məsələsinə əvvəlki qədər diqqət ayırmır və iqtisadi maraqları ön planda saxlayır.

Ana səhifəSiyasətİlham Əliyevin Berlin səfəri: Qaz razılaşmaları, qırmızı xalça və kölgədə qalan insan haqları