75 yaşlı sabiq deputatın Panamada şirkəti olduğu bildirilir
“D18” Hərəkatının rəhbəri Ruslan İzzətli Xətai rayon 33 saylı birinci seçki dairəsindən yenidən deputatlığa namizəd olan Hüseynbala Mirələmovla bağlı MSK-ya sorğu göndərib.
Ruslan İzzətli də “Hərəkət” Seçki Blokunun həmin dairədən namizədidir. Onun namizədliyi qeydə alınıb.
Hərəkat sədrinin belə bir addım atmasına səbəb jurnalist araşdırması ilə ortaya çıxan faktlar olub. Belə ki, Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin araşdırması nəticəsində məlum olub ki, 75 yaşlı Yeni Azərbaycan Partiyasının Xətai rayon şöbəsinin sədri, millət vəkili Hüseynbala Mirələmov 16 ildir Panamada offşor şirkət idarə edir.
Jurnalistin sözlərinə görə, H.Mirələmovun direktoru və xəzinədarı olduğu “RİMBA S.A.” şirkəti 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.
H.Mirələmov da mətbuata açıqlamasında faktı inkar etməyib.
Ruslan İzzətli deyir ki, Mərkəzi Seçki Komissiyasına iki sorğu göndərib.
Sorğunun birində 2005, 2010 və 2015-ci il parlament seçkilərində millət vəkili seçilən Hüseynbala Mirələmovun gəlirləri və mülkləri haqqında MSK-ya məlumat verib-vermədiyi soruşulur.
Digər sorğuda isə göstərilib ki, H.Mirələmov 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkar parlament seçkilərində yenidən YAP-ın namizədidir. Buna görə də, H.Mirələmovun namizəd olaraq gəlirləri və mülkləri haqqında verdiyi informasiyada Panamda yerləşən şirkətini göstərib-göstərmədiyi maraq doğurur.
Qanunvericiliyə əsasən, sorğuya 7 iş günü ərzində cavab verilməlidir.