Hüseyn partizan olmaq istəyirdi….

Boyu çatmırdı, “mənə “qız” deməsinlər” deyib əsgər getdi. Hüseyn Abdulov Sumqayıtda “Stansiya Sumqayıt” adlanan qəsəbətipli yaşayış sahəsində dünyaya gəlib. Kasıb ailənin yeganə oğul övladı olan Hüseyn kiçik yaşlarından çörəkpulu ardınca gedib.

Source:


Boyu çatmırdı, “mənə “qız” deməsinlər” deyib əsgər getdi

…Əslində yazıb-yazmamaq düşüncələri arasında qalmışdım. Tərəddüdümün səbəbi həmin ailədən yazmayacağımla bağlı özümə verdiyim söz idi. Ancaq sonra Hüseyin Abdulovun gecə evində yatarkən qəfil ürəktutmadan dünyasını dəyişmədiyinin fərqinə vardım. Yəni Hüseyn səngərdə ölməklə artıq ictimaiyyətin oğluna çevrilmişdi. Təkcə anasının, atasının oğlu, bacısının qardaşı yox, eyni zamanda ölkə üçün əsgər,  vətəndaş idi.

Hüseyn Abdulov Sumqayıtda “Stansiya Sumqayıt” adlanan qəsəbətipli yaşayış sahəsində dünyaya gəlib. Cəmi 9 il orta məktəbdə təhsil alıb. Kasıb ailənin yeganə oğul övladı olan Hüseyn kiçik yaşlarından çörəkpulu ardınca gedib. Ailələri böyük olmasa da, onun böyüyüb boya-başa çatdığı ev hələ də yarımçıqdır. Həyətlərində üst-üstə düzülən tikinti daşları, kasıb evləri və xəstə atası Hüseynin bu ailənin dirəyi olmasından xəbər verirdi. Ailənin fikrincə isə atasının ocağını məhz Hüseyn yandıracaqdı. Amma…

Həyətdə kişilər oturmuşdu. Yasa gələnlər idi. Atası ilə danışmaq imkanımız olmadı. Ayaq üstdə güclə dayanırdı. Asta səslə “anası ilə danışın” – dedi. Anasının da vəziyyətini təsəvvür etmək çətin deyildi. Başına qara bağlamış qadın bacardıqca özünü tox tutmağa çalışırdı. Oğlundan danışırdı. Hüseynin hələ yeniyetmə ikən işləməyə başlamasından, barmaqlarının maşın yağına bulaşmasından…

Elə söhbət əsnasında da oğlunun boyunun normaya uyğun gəlmədiyini, buna görə də Hərbi Komissarlığın onu hərbi xidmətə aparmamasından danışdı: “Sonradan özü könüllü getdi. Deyirdi ki, əsgərliyə getməsəm mənə “qız” deyərlər. Özü də partizan olmaq istəyirdi. Sonradan kəşfiyyatçı olduğunu eşitdim. Çox yalvardım ki, bala, mənim günümü bilirsən. Sənə bir şey olsa, mən neylərəm? Gülürdü. Ancaq məzuniyyətə gələndə dostlarından biri harda qulluq etdiyini soruşub. O da cəbhə xəttində olduğunu deyib, ardınca da “ora gedən sağ qayıtmır” – söyləyib. Balamın ürəyinə damıbmış”.

Hüseynin atası infarkt keçirdiyindən heç yerdə işləmir. Evin xərclərini Hüseyn anası ilə birgə çəkib. O, hərbi qulluğa getdikdən sonra isə anası iki yerdə işləməyə başlayıb. Məqsədi oğlunun və evinin ehtiyaclarını təkbaşına ödəmək olub. Yaxınlarından biri Solmaz xanımın bir gündə 600 lavaş bişirdiyini söylədi. Barmaqları köz-köz olan ana üçün oğlunun ölümü ürəyini dağlamaq olsa gərək.

Hüseynin fotoları da çox azdı. Mətbuatın dərc etdiyi hərbi formada olan fotonu əslində 3 il əvvəl çəkdirib. Onda heç əsgər deyilmiş. Ailənin problemləri, qayğıları o qədər çox olub ki, Hüseyn heç şəkil çəkdirmək, əylənmək haqqında düşünməyib. Bəlkə də onun həyatındakı ən xoşbəxt günü də bacısının toy günüdür. Yalnız həmin gün çəkdirdiyi şəkildə gülümsəyir…

Söhbətimiz çox uzun alınmadı. Təsəlli üçün müharibənin hər iki tərəfə bədbəxtlik gətirdiyini, ermənilərin də itki verdiyini deməyim ana üçün gözlənilməz oldu. Uzun mübahisə yarandı. Hər kəs ya yenidən müsahibə götürməyimi, ya da əlimdə olan materialların silinməsini tələb etdi. İtkinin ağrısı imkan vermirdi ki, kasıb, sıradan vətəndaşın başlamadığı müharibədə qurban gedən övladların ölüm səbəbinin elə müharibə olduğunu anlasınlar…

Sonucda mübahisə etməyin mənasızlığını anladım. Onu da anladım ki, bu cür əsgər ölümləri ilə sülhü daha da uzaq salırlar bizdən. O bizdən uzaq düşdükcə isə Hüseyn kimi oğulların 19 yaşında soyuq torpağa tapşırılması halları azalmayacaq. Bir gün müharibənin bitəcəyinə ümid hissilə…

Aytən Fərhadova

Ana səhifəXəbərlərHüseyn partizan olmaq istəyirdi….