Hüquqşünas: “Xəzər TV”nin satılması bir neçə aspektdən mübahisəlidir

“Belə olduğuna görə “SOCAR Media” “Xəzər TV”-dən gələn bütün gəlirlərini, o cümlədən reklam gəlirlərini nizamnamə məqsədinə yönəltməlidir”.

Source: Foto: sosial şəbəkə


““SOCAR Media” “Xəzər TV”-dən gələn bütün gəlirlərini, o cümlədən reklam gəlirlərini nizamnamə məqsədinə yönəltməlidir”

“Xəzər TV” MMC-nin təsis payları “SOCAR Media” İctimai Birliyi tərəfindən satın alınıb.

Məlumatı

Milli Televiziya və Radio Şurası

da təsdiqləyib.

“Xəzər TV”-yə dərhal yeni rəhbər də təyin edilib.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu məsələ bir neçə aspektdən mübahisəlidir. Çünki “Teleradio Yayımı haqqında” Qanunda iki önəmli müddəa var. Birincisi, Qanunun 10.1 maddəsində özəl yayımçının təsisçilərini iki hissədə göstərib.


a)

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları;


b)

nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər.

Ələsgər Məmmədli deyir ki, “SOCAR Media” hüquqi şəxs olsa da, ictimai birlikdir, MMC deyil və nizamnamə kapitalı yoxdur:

“İkincisi, “Teleradio Yayımı haqqında” Qanunun 10.5. maddəsinin tələbidir ki, özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilməlidir. Müvafiq dövlət orqanı dəyişikliyin bu qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra dəyişiklik edilə bilər. Bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur. Yəni, bu dəyişikliiyin baş verməsi üçün 4 ay bundan öncə “Xəzər TV” Milli Teleradio Şurasına müraciət etməli idi”.

Hüquqşünas deyir ki, yalnız həmin müraciətdən sonra MTRŞ 2 ay ərzində belə bir dəyişikliyin mümkünlüyünə dair rəy verməli idi. Sonrakı bir ay ərzində isə yeni dəyişiklik qeydə alınmalı və rəsmiləşdirilməli idi:

“Məlumatdan da görünür ki, MTRŞ belə bir qərar verməyib. “Xəzər TV”-nin təsisçisi “Xəzər” MMC olaraq görünür”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyir ki, ikinci bir mübahisəli məsələ isə "Socar Media" İctimai Birliyin öz statusu ilə bağlıdır. Qanuna əsasən, İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır:

“Belə olduğuna görə “SOCAR Media” “Xəzər TV”-dən gələn bütün gəlirlərini, o cümlədən reklam gəlirlərini nizamnamə məqsədinə yönəltməlidir”.

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənova aid olduğu deyilən “Xəzər TV”nin səhmləri artıq “Socar Media” qrupuna məxsusdur.

Martın 5-də bunu “Xəzər” TV-nin Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov da təsdiqləyib:

“İki aylıq danışıqlardan sonra “Xəzər TV”-nin səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib”.

“Socar Media” qrupu isə Şamxal Həsənovu şoumen Murad Dadaşovla əvəzləyib. Şoumen “Xəzər TV” MMC-nin yeni baş direktoru təyin edilib.

Onu kollektivə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov təqdim edib.

Ötən ilin noyabrın 29-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edən Əli Həsənov vəzifəsindən azad edilib. Yanvarın 7-də ölkə mediası keçmiş məmurun oğlu Şamxal Həsənovun “Xəzər TV”-nin baş direktoru vəzifəsindən azad edildiyi, Murad Dadaşovun bu posta gətirildiyi barədə xəbər yaysa da, deyilənlər təsdiqlənmədi.

Ölkədə “Socar Media” qrupuna məxsus bir neçə telekanal və saytlar var. Hətta Türkiyədə də bu qrup “Star” qəzetini və “Kanal 24” telekanalını alıb.

Ana səhifəSiyasətHüquqşünas: “Xəzər TV”nin satılması bir neçə aspektdən mübahisəlidir