İqtisadçı isə hesab edir ki, Samir Şərifov cərimələri mənimsəyən qurumların adını çəkməlidir
Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər üzrə komitələrinin noyabrın 19-da keçirilən birgə iclasında cərimələrin büdcədən yayındırıldığını deyib.
Nazir bildirib ki, Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb.
Şərifov qeyd edib ki, cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək.
“Biz bu prosesə nəzarəti gücləndirəcəyik”, – deyə nazir vurğulayıb.
Bəs cərimələri dövlət büdcəsindən kimlər və necə yayındırırlar?
İqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli nazirin çıxışını sosial media hesabında şərh edib.
O bildirib ki, nazir cərimələri büdcədən yayındıran ünvanların adını çəkməlidir:
“Nazir ciddi mövzuya toxunub, amma sanki müxalifət partiyası funksioneri kimi danışıb. Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlamalar verərkən açıq şəkildə bəzi suallara da cavab verməlidirlər: Niyə daxil olmur? Hansı qurumlar cərimələri mənimsəyir? Nə qədər vəsait büdcədən yayınır? Kim və ya kimlərdir günahkar?”.
İqtisadçı hesab edir ki, cərimələrin büdcədən yayındırılması məsuliyyət yaradır:
“Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır. Bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür? Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır”.
“Müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki Parlament partiyalarının belə bir imkanı olmalıdır. Yəni olsa, məlumat əldə edib kimin nəyi necə etdiyini göstərə belərik. Ona görə də, nazir ünvanlı, nəticədən yox, səbəbdən danışmalıdır…“, – deyə Natiq Cəfərli vurğulayıb.
“İllərdir ki, elit korrupsiya faktları prokurorluğun “diqqətindən kənarda qalıb””
Hüquqşünas Yalçın İmanov Meydan TV-yə deyib ki, maliyyə nazirinin səsləndirdiyi fikirlər ciddi korrupsiya faktından xəbər verir:
“Yerli qanunvericliyə görə, inzibati cərimə hakim və səlahiyyətli orqan – vəzifəli şəxs tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yəni, bu o deməkdir ki, cərimə dövlətin xeyrinə tutulur və onun dövlətin büdcəsinə köçürülməsi də təmin edilməlidir. Doğrudur, bəzən inzibati cərimənin dövlət büdcəsinə ödənilməsində istisnalar da var. Ancaq Şərifovun çıxışı bu istisnaları nəzərdə tutmur və onun dediyindən dövlət büdcəsinə daxil olmayan, yayındırılan məbləğlərin əhəmiyyətli məbləğ təşkil etdiyi hiss olunur”.
“Maliyyə nazirinin bu çıxışı, hətta adıçəkilən nazirlik və və yaxud da şəxsən nazir özü bu barədə hüquq mühaifizə orqanlarına törədilmiş cinayət barədə rəsmi məlumat verməsə belə, çıxışın mediada yayımlanması cinayət təqibi qaydasında araşdırma üçün kifayət edir. Büdcədən yayındırılan məbləğlər dövlətin mənafeyi ilə bağlı iqtisadi və korrupsiya cinayətlərinin tərkibini yaradır. Ümid edək ki, araşdırma aparılar, amma bunun baş verməməsi belə heç bir halda təəccüblü deyil. Çünki bundan miqyasca daha böyük, qat-qat böyük illərdir ki, səslənən elit korrupsiya faktları daima prokurorluğun, necə deyərlər, “diqqətindən kənarda qalıb””, – deyə hüquqşünas bildirib.