Hüquqşünas: Mərkəzi Bank hardan qazanır?

“Yenə təsəvvür edin ki, sizin buraxdığınız konfet kağızları müqabilində sizə xarici valyuta verirlər”

Source: Google


“Neft Fondu kimi Mərkəzi Bank da pul qazanmaq üçün tər tökmür, gəlir özü sel kimi gəlir”

“Mərkəzi Bankın sədri Elman Rüstəmov deyir ki, rəhbərlik etdiyi müəssisə əldə etdiyi gəlir hesabına hər il dövlət büdcəsinə milyonlara vəsait köçürür. Maraqlıdır, bəs Mərkəzi Bank haradan qazanır?”

Bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov belə deyir.

Elman Rüstəmov Mərkəzi Bankın yeni binasının tikintisini özlərinin həyata keçirəcəklərini açıqlayıb. Həmin binanın qiyməti 218 milyon avrodur.

“Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük”, – Elman Rüstəmov deyib.

Əkrəm Həsənov deyir ki, dövlətin bir neçə “cib”i var. Ən böyüyü dövlət büdcəsidir. Onun gəliri əsasən, vergi və rüsumlar hesabına formalaşır:

“Digər əsas “cib”i gələcək nəsilləri üçün ayrılan Dövlət Neft Fondudur. Gəliri xalqa mənsub olan neftin satılması hesabına formalaşır. Başqa bir “cib” isə Mərkəzi Bankdır. Xalqın qəbul etdiyi Konstitusiyanın 19-cu maddəsində göstərilib ki, o, dövlətin müstəsna mülkiyyətindədir və pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız ona mənsubdur. Bu “cib” ona görə ayrılıb ki, hökumət xərclərini yeni pulların buraxılması hesabına həyata keçirərək inflyasiya (əsassız pul artımı olanda qiymətlər artır) törətməsin. Amma təbii ki, neft kimi, pul nişanları da xalqa məxsusdur. Neft Fondu kimi Mərkəzi Bank da pul qazanmaq üçün tər tökmür, gəlir özü sel kimi gəlir”.

411968414.jpg
Əkrəm Həsənov

Hüquqşünas deyir ki, Qarabağda fəaliyyət göstərmiş erməni bankının və Kəlbəcərdə ermənilərlə bərabər qızıl çıxarmış şirkətin, habelə ölkənin müflisləşmiş ən iri iki bankının (Bank Standard və Texnikabank) auditoru olmuş və illərlə həmin bankların pozuntularına göz yummuş, hazırda isə Mərkəzi Bankın auditoru olan KPMG audit şirkətinin rəy verdiyi maliyyə hesabatarından görünür ki, Mərkəzi Bankın əsas gəliri banklara verdiyi kreditlər üzrə faiz gəliridir:

“Yəni xalqın Konstitusiya ilə ona verdiyi səlahiyyət əsasında Mərkəzi Bank pul çap edir (sadə dildə desək, havadan pul düzəldir), həmin pulu banklara kredit kimi verir və faiz qazanır. Paradoksal hal odur ki, bu model sələmçiliyə söykəndiyi üçün inflyasiya qaçılmazdır. Bununla belə hesab olunur ki, mərkəzi banklar inflyasiya ilə mübarizə aparır. İndi təsəvvür edin ki, siz konfet kağızı buraxırsız, hamı da gəlir onu sizdən borc götürür və sizə faiz ödəyir. Yəni oturduğunuz yerdə rahat pul qazanırsız. Çətindir? Əlbəttə, yox. Bundan rahat qazanc ola bilməz”.

Əkrəm Həsənov deyir ki, hələ üstəlik Mərkəzi Bank çap etdiyi pulları xarici valyutaya da dəyişir və bunun müqabilində valyuta ehtiyatları formalaşır:

“Yenə təsəvvür edin ki, sizin buraxdığınız konfet kağızları müqabilində sizə xarici valyuta verirlər. Kim istəməz belə rahat valyuta qazancını? Hamı istəyər. Bax, həmin bu qazanc hesabına Mərkəzi Bank hər il dövlət büdcəsinə vəsait köçürür, indi isə deyir ki, bir hissəsini köçürməyəcəyəm, özümə yeni bina tikəcəyəm, pul mənimdir, özüm bilərəm”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov yeni binanın onlar üçün çox vacib olduğunu söyləyir. Deyir, xəzinələrinin böyük bir hissəsi Nərimanov rayonunda bir dalanda yerləşir. Bu, heç bir tələbə cavab vermir:

“Ümumilikdə isə biz 3 ünvanda fəaliyyət göstəririk. Biznes prosesinin avtomatlaşdırılması üçün yeni bina tikməliyik. Bina 4-5 il ərzində hazır olacaq. Ondan sonra biz hazırda fəaliyyət göstərdiyimiz binaları dövlətə qaytaracağıq. Bu isə əhəmiyyətli aktivlərdir”.

Ana səhifəİqtisadiyyatHüquqşünas: Mərkəzi Bank hardan qazanır?